Bia.Az

“Sülh” deyirik, “miatsum” yadda... – ermənilərin barıt qoxulu barışıq formulu

Siyasət
 16-10-2022, 17:54     178

Kapitulyant ölkə iki ildir sülhlə müharibə arasında qalıb, “var-gəl” edir. Məntiqlə müharibənin nə olduğunu öz “dərisində” əyani hiss edən və onu çox ağır formada yaşayan, qonşu ölkəyə qarşı ərazi iddiasına görə ciddi bədəl ödəyən xalq bir daha müharibəyə aparan yolu təşviq eləməz, savaş tərəfdarlarını, revanşistləri yerində oturdar. Dinc qurtuluş və inkişaf haqda düşünər. Bir növ İkinci Dünya müharibəsindən çıxan alman xalqı kimi.

Əfsus ki, ermənilər alman düşüncəli toplum deyil. Bu millətin beyni iki yüz ildir “Böyük Ermənistan” toksik ideyası ilə necə zəhərlənibsə, qonşularla barışıqdan savayı gözünə hər şey görünür. Təsəvvür və təsvir elədiyi “sülh” də barıt qoxusu verir. Ona yaxşılıq eləmək istəyənlərin də xoşməramlı çağırışlarına şübhə ilə baxır.
Bu arada Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, geosiyasi və regional vəziyyət dəyişdiyi üçün “Qarabağ məsələsi” ilə bağlı qərarlar erməni tərəfinin istəklərini təmin etməyəcək.
Musavat.com-un məlumatına görə, bu barədə o, yerli mediaya açıqlamasında Azərbaycanla sülh sazişi ətrafında durumu dəyərləndirərkən deyib.
“Həqiqətən də bizim üçün çətin dönəmdir. Artıq hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistanın mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən düzgün qərarların qəbulu üçün realizm tələb olunur”, - Xaçaturyan bildirib.
Onun sözlərinə görə, qərar çətin olacaq. “Və bu qərar xeyli dərəcədə bizim istəklərimizi təmin etməyəcək. Ona görə yox ki, istəklərimizdən imtina edirik, ona görə ki, geosiyasi və regional vəziyyət dəyişib və biz bunu nəzərə almaya bilmərik. Hər şey çox sürətlə dəyişir”, - deyə Ermənistan prezidenti əlavə edib.
Qeyd edək ki, Xaçatryan Paşinyana sadiq kardlardan sayılır, praqmatik düşünə bilən, liberal baxışlara malik azsaylı erməni siyasətçilərindən biridir. Bu ilin martında parlamentdə ölkə prezidenti seçiləndən sonra verdiyi ilk açıqlamalarında o, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağın vacibliyini bəyan eləmişdi.
Sitat: “Ermənistan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıdır. Rəsmi İrəvan ilə Bakı razılığa gələcək, məsələ həllini tapacaq. Mən qonşularla müharibə, hətta mübahisə etməyi təsəvvür edə bilmirəm. Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür. Ermənistan vətəndaşları anlamalıdırlar ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərdə bunu əldə rəhbər tutmalıyıq”.
Yeni prezident o vaxt həmçinin müxalifətin “Ermənistanı sülhə məcbur edirlər” tezisini köhnəlmiş adlandırmışdı...
Bununla belə, Ermənistan prezidentinin son açıqlamasındakı bir detal diqqət çəkir. Xaçatryan deyir ki, sülh müqaviləsi “xeyli dərəcədə bizim istəklərimizi təmin etməyəcək, ona görə yox ki, istəklərimizdən imtina edirik, ona görə ki, geosiyasi və regional vəziyyət dəyişib və biz bunu nəzərə almaya bilmərik”.
Yəni belə çıxır, ermənilərin Azərbaycana qarşı ərazi iddiası, “miatsum” mərəzi heç yerə yox olub-eləməyib, ondan həmişəlik imtina edilməyib, sadəcə, hazırda münasib zaman deyil. Başqa sözlə, “əlverişli şərtlər” yarananda ermənilər yenə köhnə avantüraya köklənə bilərlər.
Xülasə, “sülh” deyirlər, amma “miatusm” yadlarında...
Bu da sizə indi ermənilərin ən praqmatik siyasilərindən biri. Necə deyərlər, “ilanın ağına da lənət, qarasına da”.
Odur ki, bu dəfə Ermənistanı beynəlxalq zəmanət altında elə bir sənədə imza atdırmalıyıq ki, bir daha gözlərinin ucu ilə belə, Azərbaycan tərəfə bəd niyyətlə baxmağa cürət eləməsinlər. Təbii ki, gələcək nəsillərimizə yeni münaqişə-müharibə saxlamamaq üçün Qarabağ ermənilərinə heç bir siyasi status tanına bilməz. Əlbəttə ki, “Dəmir yumruğu” daima saz vəziyyətdə saxlamaq da öz yerində...
Siyasət şöbəsiскачать dle 12.1