Bia.Az

Avropanın sərhəd qərarına Kremldən cavab: - "Putin Paşinyana "dişlərini" göstərəcək"

Siyasət
 12-10-2022, 13:59     153

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi (Aİ üzv ölkələrinin səfirləri) Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.

Bildirilib ki, komitənin qapalı iclasında məsələ müzakirəyə çıxarılıb və müsbət qərar qəbul olunub. Hazırda Müşahidə Missiyasının tərkibi və onların yola düşəcəyi tarixin müzakirə olunduğu qeyd olunub. Rusiya tərəfi də bu məsələyə dərhal reaksiya verib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bunu Rusiyanın vasitəçilik səylərinə təzyiq cəhdi adlandırıb:

"Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədiboyu yerləşməsi iki ölkə arasında münasibətlərin nizamlanması, bizim vasitəçilik səylərimizə təzyiq cəhdidir".

O qeyd edib ki, missiyanın yerləşdirilməsi suveren dövlətin qərarıdır:

“Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür. Biz bu məsələ ilə bağlı Ermənistan və Azərbaycandan olan həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq”.

Proseslərin indiki gedişatında Rusiyanın buna cavabı nə olacaq? BİA.AZ-ın məlumatına görə, sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya hazırda Qərblə qarşıdurma vəziyyətindədir:

“Əlbəttə ki, Avropa İttifaqının Ermənistana müşahidəçilər göndərməsi Kremldə qıcıq yaradır və onların narazılığına səbəb olur. Moskva hesab edir ki, bu stabilliyin və atəşkəsin bünövrəsini Rusiya qoyub. Onlar bundan sonra da Rusiyanın iştirakı olmadan bölgədə heç bir prosesin nəticə verməyəcəyini düşünürlər. Təbii ki, Kreml tərəfindən bütün vasitələrdən istifadə olunacaq və Rusiya buradakı aparıcı rolunu müxtəlif müstəvilərdə təsdiq edəcək. Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Astanadakı görüşündə də Moskva öz rolunu daha qabartmağa çalışacaq”.

Politoloqun vurğulayıb ki, Rusiya Ermənistandan çox narazı ola bilər:

“Çünki müşahidəçilərin öz ərazilərinə gəlməsinə Ermənistan razılıq verib. Azərbaycan belə bir icazə verməyib və ərazimizə kiminsə gəlməsinə heç bir ehtiyac olmadığını bəyan edib. Yəni iradlar İrəvana olacaq. Əlbəttə ki, Rusiya tərəfindən Ermənistana “qulaqburması” da veriləcək. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın müttəfiqidir və ondan asılı olan bir ölkədir. Ona görə də təzyiq İrəvana göstəriləcək. Ümumiyyətlə, Azərbaycana təzyiq göstərməyə ehtiyac da yoxdur. Biz kifayət qədər çoxvektorlu xarici siyasət aparırıq və bu, heç kimin qıcığına səbəb olmur”.

Fikrət Sadıqov Rusiyanın Ermənistana göstərə biləcəyi təzyiqlər barədə də danışıb:

“Hesab edirəm ki, Rusiya Ermənistana qaz və hərbi texnikaların verilməsində müəyyən problemlər yarada bilər. Həmçinin, Kreml tərəfindən müxtəlif diplomatik meydançalarda Ermənistanın küncə sıxışdırlmasını görə bilərik. Hətta Ermənistandakı revanşist qüvvələrə dəstək verilərək Nikol Paşinyana qarşı yönəldilmə ehtimalı da istisna deyil. Yəni Moskva bunlardan istifadə edərək öz “dişlərini” göstərəcək”.
скачать dle 12.1