Bia.Az

Gəncənin qanlı bazar günü – ermənilər döyüşdə aciz qalan kimi dinc insanlara raket atırdılar

Gündəm
 11-10-2022, 11:18     206

İki il öncə bu gün bazar gününə düşmüşdü. Amma adi bazar günü deyildi. Ölkədə, Qarabağda müharibə gedirdi və cəbhə xəttinə yaxın yerlərdə yaşayan əhali səksəkədəydi. Hər an hər şey ola bilərdi.

İki il öncə bu gün ağla gələn başa gəldi: erməni hərbçilər sırf ali komandanlığın əmri ilə Gəncə şəhərinə, mülki insanların yaşadığı massivə kütləvi qırğına və dağıntıya səbəb ola biləcək raket atdılar.
Yerli əhali bu raketin adını “yeddi metrlik raket” qoymuşdu. Həmin ölüm silahı 10 nəfərin həyatına son qoydu, 40 nəfəri yaraladı (bəzilərini ağır halda), iki yaşayış binasını darmadağın etdi.
Bu, ilk belə hücum deyildi. Bundan əvvəl oktyabrın 4-də və 5-də bənzər hücumlar olmuşdu və onlar da tələfat və dağıntı törətmişdi. Bundan sonra, bir dəfə də oktyabrın 17-də ermənilər Gəncəyə raket atdılar.
Əslində təkcə Gəncə hədəf seçilməmişdi. Azğın düşmən Mingəçevir SES-i və Mingəçevir bəndini də hədəfə almışdı, ancaq bu istiqamətə göndərilən raketlər havada vurulmuşdu.
1665432223_-0defd53316023954427200536241098263.jpg (472 KB)
Gəncə və Bərdənin, eləcə də Tərtər və Naftalanın yaşayış massivləri isə hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən nə qədər qorunsa da, bu cür namərd hücumların qarşısını tam almaq olmurdu.
Ölkədə müharibə gedirdi və bu, müharibə ermənilər tərəfindən “qaydasız döyüş” üsulu ilə aparılırdı.
Xankəndiyə, hansısa hərbi hissənin yaxınlığındakı mülki obyektə bir mərmi düşən kimi dünya erməniləri və onların havadarları, loru dildə desək, ləçərlik edir, tumanlarını başlarına çəkib qışqırışırdılar, amma özləri sırf mülki insanları hədəf alaraq, bu yolla müharibənin gedişində dönüş yaratmaq istəyirdilər.
44 günlük müharibə ərzində ermənilər hərbçilərimiz tərəfindən məhv edilən minlərlə erməni hərbçinin sırasına 4 mülki şəxsin adını qoşa bilmədilər. Bir neçə epizodda belə faktlar olsa da, asanlıqla ortaya çıxarıldı ki, həmin şəxslər könüllü şəkildə hərbçilərin topuna mərmi daşıyan, əl-ayaq işlərinə baxanlar olublar və hərbçilərlə birlikdə məhv ediliblər. Bir də erməni hərbçilər Hadrutu tərk etdikdən sonra qəsəbədə qalaraq Azərbaycan hərbçilərinə silahlı müqavimət göstərən bir neçə nəfər olub. Vəssalam. Azərbaycan topçuları mülki obyektləri sona qədər nişangaha gətirməmişdilər.
Ermənilər isə hər dəfə cəbhə xəttində ciddi bir məğlubiyyətə məruz qaldıqdan az sonra sırf mülki insanları həlak etməyə çalışırdılar. Hansısa rayon mərkəzinin, qəsəbə və şəhərin işğaldan azad olunması xəbəri yayılan kimi, çox keçmədən erməni hərbçilər Naftalan, Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Beyləqan kimi şəhərlərimizə raket atırdılar. Bu, artıq əlamətə çevrilmişdi. Bir şəhərimizə insanların həlak olmasına yol açan raket atılanda bilirdik ki, hərbçilərimiz yenə də işğal altında olan mühüm bir yaşayış məntəqəsini azad ediblər. Bu xüsusda heç yanılma olmadı.
dron_23ry564634543.jpg (28 KB)
11 oktyabrda Gəncəyə atılan raket də məhz ermənilərin Hadrutu itirmələrinə cavab olaraq əl atdıqları qisas aktıydı. Erməni hərbçilər dronlarımızın hədəfi olaraq havaya uçan “zinvor”ların hayıfını mülki insanlardan alırdılar. Bu, acizliyin göstəricisi idi və bilindiyi kimi, müharibənin gedişini dəyişmədi. Azərbaycanın hərb maşına işə salınmışdı və düşmən üzərinə qətiyyətlə gedirdi, onu heç nə yolundan dayandırmayacaqdı.
Əvəzində arada Ermənistan ərazisində quraşdırılmaqda, üzü yenə Gəncə və Mingəçevirə çevrilməkdə olan 1 milyardlıq “İsgəndər” raket kompleksi ordumuz tərəfindən yerindəcə məhv edildi və ermənilərin “Gəncəni tamamən dağıtmaq” arzuları gözlərində qaldı. O zaman ermənilər ordumuzun bu effektiv əks-hücumuna görə KTMT-yə müraciət etmək istəyiblər (guya ki, Ermənistan ərazisinə hücum olub), ancaq Kremldən onlara təpiniblər ki, bu məsələni açıb-ağartmasınlar.
3c71fd44-2244-42f2-b0c0-bc8b0d20dacd-450x250.jpeg (34 KB)
Fəqət mülki insanlara hücuma görə məsuliyyəti Ermənistan rəhbərliyi öz üzərinə götürmək istəmirdi. Belə bir məqamda Qarabağ separatçılarının lideri Araik Arutyunyan sinəsini qabağa verərək, “Gəncəyə hücum mənim əmrimlə həyata keçirilib” kimi bir bəyanat verdi.
İndi elə olmalıdır ki, Araik öz ifadəsini hərbi tribunalda da təsdiqləsin. O günü gözləmək və onun tezliklə gəlib çıxması üçün çalışmaq lazımdır.
Həmin qanlı bazar günü”ndən iki il keçir. Biz şəhidləri unutmamışıq, xatirələrini əziz tuturuq. Eyni zamanda məkrli və qəddar düşmənin bu ağır cinayətini də unutmamışıq və bu, bizi azğın düşmənə qarşı daima ayıq-sayıq olmağa sövq edir./Musavat.com/скачать dle 12.1