Bia.Az

Akif Nağı partiya yaradır... - AÇIQLAMA

Siyasət
 16-08-2022, 17:09     254

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətinin qərarına uyğun olaraq təşkilatın partiyaya çevrilməsi üçün qurultay çağırılıb.

BİA.AZ xəbər verir ki, QAT-ın yenidən təşkilinə dair qurultay 17 avqust 2022-ci il tarixində, saat 11.00-da Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evinin iclas zalında işinə başlayacaq.

Musavat.com-a danışan QAT sədri Akif Nağı bildirib ki, bundan sonra fəaliyyətləri daha da genişlənəcək:
“Partiya Qarabağ Azadlıq Təşkilatının bazasında yaradılır. 30 ilə yaxındır ki, təşkilatımız fəaliyyətdədir. Bir çox mərhələlərdən keçmişik, üzvlərimiz var. İllərdir Qarabağın işğaldan azad edilməsi üçün çalışmışıq, fəaliyyətlərimiz olub. Artıq Qarabağ işğaldan əsasən azad edilib. Bundan sonra Qarabağla, şərqi Zəngəzurla bağlı nələr qalıbsa, o istiqamət üzrə fəaliyyətimizi davam etdirəcəyik. Dünyada ermənilərin saxta fəaliyyətlərinə qarşı da fəaliyyətimizdə dəyişiklik olmayacaq-yenə də mübarizə aparacağıq. Təbii ki, partiya olaraq yeni məsələlər də ortaya qoyulacaq. Onların hamısı nizamnaməmizdə əks olunub. İndi Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi islahatlar, partiyalarla görülən işlər göz önündədir. Partiyalara ofislər verilir, onlar müəyyən məsələlərin müzakirəsi üçün dəvət edilirlər. Yəni sağlam dialoq mühiti yaranıb. Eyni zamanda “Partiyalar haqqında” Qanunun da üzərində iş gedir və bununla bağlı Milli Məclisdə təkliflər müzakirə olunur. Bizim mövqeyimiz odur ki, meydanda sağlam, müasir tələblərə cavab verən partiyalar olmalıdır”.

Akif Nağı bildirib ki, partiyalar arasında düşmənçilik, qərəz olmalı deyil:

“Normal, sivil münasibətlər olmalıdır və biz heç bir partiyanı özümüzə düşmən saymırıq. Hesab edirəm ki, hansısa partiya bizi də özünə düşmən saymayacaq. Biz dövlətçilik naminə fəaliyyət göstərməliyik. Partiyaların əksəriyyəti tənqidçi mövqeyindən çıxış edir və işlərini bununla bitmiş hesab edirlər. Ancaq partiya yaranırsa bu, mütəşəkkil qüvvədir. Partiyanın işi həm də insanların bir araya gətirilməsi, təşkilatlanmaqdır. Bu insanlar dövlət naminə fəaliyyət göstərməlidirlər. Təkcə problemləri dilə gətirmək olmaz, onun həllinə də dəstək vermək lazımdır. Hədəfimiz təşkilatlanmaq, seçkilərdə iştirak etməkdir. İlk olaraq parlament seçkilərinə qatılmağı düşünürük. Xəttimiz sol mərkəzçi mövqedir. Bu gün Azərbaycanda sosial problemlərin həlli ilə bağlı işlər görülməlidir. Biz də partiya olaraq qazilərin, şəhid ailələrinin sosial problemlərinin həllinə kömək etməyə çalışacağıq. Mərkəzçi olaraq da bütün məsələlərdə dövlətimizin maraqları üstünlük təşkil edəcək”.
скачать dle 12.1