Bia.Az

Minimum maaşın artımı niyə problem yaradır?

İqtisadiyyat
 21-10-2021, 22:46     392

Hökumət rəsmiləri 2022-ci ildən minimum əməkhaqqının artacağını vəd edir. Hazırda minimum əməkhaqqı 250 manatdır.

Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərinin minimum əməkhaqqının məbləğinə bağlı olduğunu xatırladaraq yazır: “Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödəniş qüvvədədir. Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi, digər şəhərlərdə 80 faiz həddi, rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi, kənd yerlərində 50 faiz həddi tətbiq olunur.
Bu il oktyabrın 1-nə olan rəsmi statistikaya görə, 1 milyon 142 min nəfərdən çox şəxs fərdi sahibkar kimi qeydiyyatdan keçib. Onların 800 minə yaxını aktiv DSMF ödəyicisidir. 2022-ci ildə minimum əməkhaqqı 30 faiz artsa, avtomatik olaraq DSMF-yə ödənişlər də artacaq.

“Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan bu bağlantı kökündən yanlışdır. VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər. Minimum əməkhaqqının artımı onlara birbaşa təsir göstərir, ona görə də təcili şəkildə qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlantısı aradan götürülməlidir.

Fərdi sahibkarlar üçün ya fiksə edilmiş ödəniş olmalı (məsələn, aya 25 manat), ya da dövriyyədən, gəlirlərdən asılı olaraq ödənişlər dəyişməlidir.
İkinci məsələ odur ki, belə primitiv iqtisadi modeldə əməkhaqqının və sosial ödənişlərin artımı mütləq qiymətləri də artırır, inflyasiyanı yüksəldir. Tək əməkhaqqının və sosial ödənişlərin artırılması yetərli deyil, həm də iqtisadi sistemdə ciddi dəyişiklik olmalıdır ki, artım inflyasiyanın yemi olmasın”.скачать dle 12.1