Arxiv

Oxunub:879 / 31 avq 10:01siyaset, gundem

Müsavat seçki siyahısını açıqladı: YAP məmnundur...



Müsavat seçki siyahısını açıqladı: YAP məmnundur...

73 dairə üzrə iddiaçıların adı bilindi; hakim partiya və müxalifət nə düşünür?
Avqustun 29-da Müsavat Məclisinin növbədənkənar iclasında partiya noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qəti qərar verib.

Müsavat başqanı Arif Hacılı seçkilər və ictimai-siyasi vəziyyət haqqında geniş məruzə ilə çıxış edib. Seçkilərdə iştirakın vacibliyini ciddi arqumentlərlə əsaslandıran A.Hacılı Məclis tərəfindən seçkilərdə iştirakla bağlı qərarın yekdilliklə qəbul edilməsini yüksək qiymətləndirib.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri, yeni yaradılan Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlı seçkilərlə əlaqədar görülən işlər barədə məlumat verib. Bu günə qədər seçki dairələri üzrə təqdim olunan deputatlığa namizədlərin siyahısını açıqlayıb. Məclis bu günə qədər müəyyənləşən 73 seçki dairəsi üzrə namizədləri səsvermə yolu ilə təsdiq edib.


Müsavat Partiyasının lideri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxışında namizədliyi təsdiq olunan partiya üzvlərinə uğurlar arzulayıb. Seçki dövründə əsas şüarlardan birinin “Siyasi məhbuslara azadlıq!” olmasını təklif edib.

Qeyd edək ki, Müsavatın namizədlər siyahısında ölkəmizin bir sıra tanınmış şəxslərinin adları yer alır. Belə ki, partiyanın sabiq başqanı, MSDM rəhbəri İsa Qəmbər 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, indiki başqan Arif Hacılı isə 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib. Bundan əlavə, 29 saylı Səbayel Seçki Dairəsindən partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən başqan müavini Elman Fəttahın namizədliyi irəli sürülüb.

2005-2010-cu illərdə partiyanı Milli Məclisdə təmsil edən Arzu Səmədbəyli 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən, İkram İsrafil 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizəd göstərilib.

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü, tarixçi alim Nəsiman Yaqublu, Mustafa Hacıbəyli isə 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən iddiaçı olublar.

Müsavat başqanının həbsdə olan müavinlərinin də namizəd göstərilməsi səsverməyə çıxarılıb və qəbul edilib. Tofiq Yaqublu 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Müsavat başqanının digər həbsdə olan iki müavininin namizəd olduğu dairələrdən isə başqa namizədlər də irəli sürülüb. Belə ki Yadigar Sadıqlı Lənkəran Seçki Dairəsindən namizəd olub, bu dairədən partiyanın ikinci namizədi Mikayıl Əsədovdur. 121 saylı Laçın Seçki Dairəsindən namizəd başqanının həbsdə olan müavini Fərəc Kərimli, faktiki namizəd isə, onun atası Raqif Kərimli olub. Müsavat Partiyasının 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən və 108 saylı Ağstafa Seçki dairəsindən də iki namizədi var.

İki namizəd olan dairələrlə bağlı partiya yekun qərarını bu gün keçiriləcək Divan iclasında verəcək.

G.Aslanlı “Yeni Müsavat”a açıqlamasında boş dairələr üzrə də namizədlərin irəli sürülməsi prosesinin davam etdiyini bildirdi: “Boş qalan yerləri elan etmişik. Bir sıra dairələrdə namizəd və rayon təşkilatları arasında danışıqlar gedir. Razılıqlar olduqca, iddiaçıların irəli sürülməsi davam edəcək. Hər hansı bir güzəşt, yaxud razılıq namizədlik qeydə alınandan sonra ola bilər”.

İddiaçıların adları elan olunandan sonra əsas diqqətçəkən nüans partiyanın narazı qruplarının heç bir nümayəndəsinin siyahıda adının yer almaması olub. Qurultayda başqanlığa namizəd olan Tural Abbaslı və Qubad İbadoğlunun tərəfdarları siyahıdan kənarda qalıblar. Doğrudur, Q.İbadoğlu partiyadan çıxarılıb, amma T.Abbaslı hələ də partiyanın üzvü olaraq qalır və 21 saylı Nəsimi seçki dairəsindən namizəd olacaq.

T.Abbaslının Müsavatın seçki siyahısına münasibətini öyrəndik. O dedi ki, Arif Hacılı hələ də qrup maraqlarından kənara çıxa bilməyib: “Siyahıda bir çox dəyərli dostlarımız, fədakar müsavatçılar var. Amma kənarda qalan Qubad bəyin və mənim tərəfdarlarıma baxaq. Yetərincə cəmiyyət və partiya daxilində nüfuza sahib, səs toplayacaq şəxslərdir. Bu şəxslərə partiyanın ehtiyacı var. Müsavat rəhbərliyi artıq reallıq hissini itirib. Partiya böhranlı vəziyyətə doğru aparılır. Bu seçki barışıq mühitinin yaradılması üçün bir şans idi”.

Digər siyasi qurumların da Müsavatın siyahısına münasibətini öyrəndik.

Bu həftə seçki siyahısını açıqlayacaq hakim partiya-YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Müsavatın namizədlərinin əksəriyyətini tanımadığını qeyd etdi: “Siyahıya baxdım. 2-3 nəfər tanınır. Başqa adları ilk dəfədir ki, eşidirəm. Siyahıya fikir verməyəcəyik. Namizədlərimizin qarşısında alternativ yoxdur. İstənilən namizədimiz qələbə qazanmağa qadirdir. Bu həftə partiyanın iddiaçılarının adı açıqlanacaq. Bütün dairələr üzrə namizədlərimiz olacaq. Ola bilsin ki, istisnalar ola bilər. Müsavat 10-15 namizədlə seçkiyə gedir. Əksər yerlərdən iddiaçı irəli sürə bilməyib. Buna görə də alternativimiz yoxdur”.

Ümid partiyasının sədri İqbal Ağazadə Müsavatın siyahısının onları maraqlandırmadığını söylədi: “İddiaçılarımız bu gün irəli sürülən namizədlərin əksəriyyətindən daha çox işləyib, seçicilərlə daha çox təmasdadır. Ona görə də, heç nədən narahat deyilik. Əksinə rəqabətin olmasını istəyirik ki, seçici daha çox səs vermək istəyəcək. Arzu edərdim ki, namizədimiz olan dairələrdə daha çox şəxslər mübarizə aparsın. Namizədlərimə inanıram, güclərinə güvənirəm. Əvvəlcədən dediyimiz kimi, heç bir namizədimizi geri çəkmək fikrimiz yoxdur. Sadəcə seçkini ortaq müşahidə edə bilərik”.

“Azadlıq 2015" seçki blokunun təmsilçisi, Xalq Partiyasının sədri Pənah Hüseyn müxalifətin blok şəklində seçkilərə qatılmağının arzu olunan hal olduğunu bildirdi: ”Danışıqlar mövzusu hələ gündəmdə deyil. Seçki hələ başlanmayıb. Ona görə də meydana çıxarsa, müəyyən razılaşmalar ola bilər. Heç bir tərəfdən hələ ki, mümkün deyil. Arzu olunan idi ki, müxalifət blok şəklində seçkiyə getsin. Təəssüf ki, bu mümkün olmadı. “Azadlıq 2015" danışıqlar üçün daim açıqdır”.