Bia.Az

“Qarabağı kiçik düşməndən alıb, böyük düşmənin əlinə verdik” – SƏRDAR CƏLALOĞLU

Gündəm
 31-12-2020, 01:10     353

“Çox təəssüf ki, hərbi müstəvidə qələbələr qazanmağımıza baxmayaraq, siyasi müstəvidə qələbə qazana bilmədik”
 
“Türkiyə və Pakistan qoşunları Azərbaycana dəvət edilməyənə, Dağlıq Qarabağda rusların olduğu yerlərə yerləşdirilməyənə qədər Azərbaycan dövləti və xalqı çox ciddi təhlükə altındadır”

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum etdi. Hansı ki, erməni diversantlarının təxribatı nəticəsində noyabrın 10-da imzalanmış sülh bəyannaməsi ilə əldə olunmuş atəşkəs razılaşması növbəti dəfə pozuldu. Bu vəziyyət rus sülhməramlılarının bölgədə missiyalarını yerinə yetirmələrini şübhə altına alır və ya təxribatıda onların əlinin olub-olmadığı suallarını da meydana gətirir. Bu məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrəndik.
 
– Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il 10 noyabrda imzaladıqları bəyanatdan sonra Qarabağda yenə atəşkəs pozuldu və bir şəhid verdik. Maraqlıdır, əgər biz 44 günlük müharibə dönəmində olduğu kimi şəhid verəcəydiksə, bu bəyanata nə ehtiyac var idi?
 
– Yox, bunu belə qəbul etmək olmaz. Bu məsələni belə qiymətləndirmək lazımdır: çox təəssüf ki, hərbi müstəvidə qələbələr qazanmağımıza baxmayaraq, siyasi müstəvidə qələbə qazana bilmədik. Rusiya təzyiq etdi. Azərbaycana müdaxilə etdi. Artıq dünyanın bir çox ölkələri Rusiyanın Azərbaycanın ərazisindən qoparmasından yazırlar. Biri var, bu ərazi erməninin əlinə keçsin, biri də var, Rusiyanın əlinə keçsin. Yəni biz sanki bu ərazini kiçik düşməndən alıb, böyük düşmənin əlinə verdik. Həmçinin o bəyanatın üzəridə ciddi nəzarət olmadığına, həm də bəyanatda ikibaşlı müddəalar, boşluqlar olduğuna görə, Rusiya fürsətdən istifadə edib Dağlıq Qarabağı militarizasiya edir. Yəni bölgəni hərbiləşdirir, oradakı erməniləri silahlandırır, bizim mövqelərimizi zəiflətməyə cəhd edir. Rusiya Dağlıq Qarabağa həm özü ordu yeridir, həm də Ermənistandan ordu gətirir. Görünən odur ki, Rusiya bizə qarşı çox böyük bir problem yaratmağa hazırlaşır. Türkiyə və Pakistan qoşunları Azərbaycana dəvət edilməyənə, Dağlıq Qarabağda rusların olduğu yerlərə yerləşdirilməyənə qədər Azərbaycan dövləti və xalqı çox ciddi təhlükə altındadır. Bunu da hamı bilməlidir. Özümüzü aldatmağa da ehtiyac yoxdur.
 
– Qarabağda ardıcıl olaraq baş verən təxribatlar onu deməyə əsas verir ki, ya sülhməramlılar öz missiyasını həyata keçirə bilmir, ya da bu təxribatların arxasında dayanırlar, yəni onlar maraqlıdırlar ki, bu cür təxribatlar baş versin…
 
– “Sülhəramlı qüvvələr” adı altında bura gələn qüvvələrin qarşısında hansı məqsədləri qoyulubsa, o məqsədləri də yerinə yetirirlər. Onların məqsədi Azərbaycanı işğal etmək, erməniləri Dağlıq Qarabağda yenidən gücləndirmək, Azərbaycanın əldə etdiyi nailiyyətləri sıfıra endirmək və bu hadisələri yenə əvvəlki status-kvo vəziyyətinə salmaqdır. Yəni bu problemi bir iyirmi-otuz il də uzatmaqdır. Bu niyyətə də xidmət edirlər. Ruslar buraya hansısa xeyirxah niyyətlə gəlməyiblər ki, deyək, bu məqsədlərinə xidmət edirlər, ya yox. Hansı məqsədlə gəliblərsə, o məqsədlərə də xidmət edirlər.
 
– Yəni biz deyə bilərikmi, bu təxribatlar rus sülhməramlılarının sayının artırılmasına və ya daha geniş əraziləri nəzarət altına almasına hesablanıb? Oradakı hərbçilərin sayının 10 minə qədər artırılacağı deyilir.
 
– Bunun üçün ruslara bəhanə lazım deyil. Oranı hərbi baza vəziyyətinə salmaq üçün ruslar buradakı erməniləri gücləndirmək istəyir. Azərbaycan erməni əsgərlərini tutub əsir edir, silahını əlindən alır, təhvil verir, ruslar aparır onları təzədən silahlandırır, Azərbaycan buna mane ola bilmir. Əgər həmin silahlı qüvvələr yenidən ora gələcəkdilərsə, Azərbaycan niyə onları çıxarırdı. Biz erməniləri əsir alıb veririk ruslara, ruslar onları yedirdib-içirdirlər, istirahət edəndən, möhkəmlənəndən sonra bir daha həmin erməniləri göndərir bizimlə vuruşmağa. Biz də o silahlı qüvvələrin Azərbaycana keçirilməsinə mane ola bilmirik.
 
- Belə çıxır ki, 30 illik atəşkəs dövründə olduğu kimi, davamlı olaraq şəhidlər verəcəyik?
 
– Ola bilsin daha çox şəhid verəcəyik. Onlar hücum edib müəyyən əraziləri geri qaytarmağa cəhd edəcəklər. Azərbaycan dövləti üçün çox ciddi problemlər olacaq. Putin deyir ki, Dağlıq Qarabağ münaqişəsini unutmaq lazımdır, üstündən bir gün keçir rus dövləti rəhbərləri Dağlıq Qarabağın statusundan danışır və s. Yəni bütün bunlar hamısı göstərir ki, məsələ bitməyib.
 
– Bəs, sizcə, Azərbaycan bu vəziyyəti nəzarətdə saxlamaq üçün hansı tədbirləri görməlidir?
 
– Azərbaycan mütləq Türkiyə və Pakistan qoşunlarını ölkəyə gətirməlidir və Rusiyanın bəyanatdan kənara çıxan bütün addımlarına diqqəti cəlb etməlidir. Lazım gəlsə, Rusiyanı işğalçı qüvvə kimi dünyada ittiham etməlidir. Özümüzü aldatmayaq, işğalçıya dost deməklə o dost olmur ki.
 
– Sizcə, sülhməramlıların sayının artırılmasına imkan vermək olar?
 
– Bu gün oradakı sülhməramlı qüvvələr həddən artıq çoxdur. Yəni hər 10 erməniyə bir əsgər düşür. Əksinə 10 dəfə böyük miqyaslı münaqişələrdə BMT min nəfərə yaxın sülhməramlı göndərir. Dağlıq Qarabağdakı sülhməramlı nöqtəsi Moskvanın bir küçəsi qədər yerdir. 30 min erməniyə 1 əsgər gətiriblər. Əksinə rus hərbçilərinin sayı azalmalıdır. Azərbaycanda niyə xarici hərbi qüvvələr olmalıdır ki? Xüsusən, bizim xalqımıza qərəzli olan düşmən bir ökənin qoşunları bizim ərazimizdə nə edir ki… Ruslar bunu gizlətmir, rus hökumətinin bizə qarşı olan siyasəti düşmənçilik siyasətidir. Tarix boyu neçə dəfə göstərməlidirlər ki, bizim düşmənimizdirlər.
 
Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org
скачать dle 12.1