Arxiv

Oxunub:296 / 19 avq 13:51siyaset, gundem

AXCP parçalandı: "Əli Kərimli ya sədrlikdən gedəcək, ya da..."



AXCP parçalandı: "Əli Kərimli ya sədrlikdən gedəcək, ya da..."

AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və narazı cəbhəçilər avqustun 19-da mətbuat konfarnsı keçirərək, yeni hərəkata başladıqlarını elan ediblər.

Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, R.Nurullayev çıxışında bildirib ki, ölkədə ciddi bir müxalifət problemi var: “Hazırki müxalifətin formatı heç də nəticəyə gətirib çıxara bilməz. Neçə illər bu format dəyişməyib. Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyi bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir”.

Keçmiş cəbhəçi Ehtiram Mehdiyev isə narazı cəbhəçilərin bəyanatını səsləndirib. “Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdırılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyil. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, hakimiyyətə sərf edən oyunlarla gündəmdə qalan və bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır".

Bəyanat müəllifləri qeyd edirlər ki, məqsədləri qovulanları partiyaya qaytarmaqdır: “Bizim məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi – hüququ pozulanları, qanunsuz və mənəviyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik. Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik".

Rafiq Daşdəmirli, Səbuhi Əliyev və digərləri də partiyadaxili intriqalardan danışıblar. Onlar indiki sədr Əli Kərimlinin legitimliyini əlindən almaqda israrlı olduqlarını vurğulayıblar.