Bia.Az

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyənlər kimlərdir - ŞOK FAKTLAR

Siyasət
 27-10-2023, 17:35     267

İsrail-HƏMAS qarşıdurması dünya gündəminə çevrilib və bu məsələdə ekspertlər, siyasi şərhçilər müxtəlif məzmunlu açıqlamalar verirlər.

Azərbaycan da konkret olaraq tərəf tutmur və baş verən hadisələrə obyektiv qaydada, beynəlxalq hüquq çərçivəsində reaksiya verir. Ancaq təəssüf ki, Türkiyədə bəzi media və sosial şəbəkələrdə Yaxın Şərqdəki müharibəyə münasibətinə görə Azərbaycanın ünvanına əsassız ittihamlar səslənir.
Qardaş Türkiyədə bəzi dairələr və medialar Azərbaycanla əlaqədar məsələnin mahiyyətinə varmadan tənqid və hətta təhqirlər səsləndirirlər.
Baxmayaraq ki, Fələstin Ermənistan işğalı məsələsində heç vaxt Azərbaycanın yanında olmayıb.
Azərbaycan isə Fələstinə münasibətdə tamam fərqli yanaşıb - daim Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyib, münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu bəyan edib.
1668762383.jpg (156 KB)
Bu mövqe geniş ictimaiyyət dəstəyi ilə də təsdiqlənir. Azərbaycanın Fələstin məsələsindəki mövqeyi, bütün dünya ölkələrinin bəyanatları və beynəlxalq hüquq normativləri çərçivəsində formalaşmaqdadır.
Əsasən, Azərbaycan hökuməti, müstəqil dövlət kimi Fələstinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması, ictimaiyyətin hüquq və azadlıqlarının qorunması və Qüdsün Fələstinin paytaxtı olaraq qalması üçün ortaya iradə qoyub. Bu mövqe Azərbaycanın müstəqil xarici siyasətinin əsaslarından biri olaraq qəbul edilir.
Azərbaycan hər məsələdə beynəlxalq hüquqa uyğun davranır. Buna görə də hansısa qrupların bizimlə bağlı yanlış ifadələr tirajlaması sadəcə olaraq düşmənçilik məqsədi daşıyır. Azərbaycan heç də Fələstinə qarşı deyil.
1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir.
2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər edib.
file1309270673812.jpg (45 KB)
Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir. Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib.
2013-cü ildə Azərbaycan Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dəstək verib, müvafiq konfrans Azərbaycanda keçirilib və rəsmi Bakı konfransların nəticəsi olaraq, Fələstin Dövlətinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırıb.
Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub və islam həmrəyliyinə sadiq qalıb.
Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə  200 min ABŞ dolları məbləğində yardım edib.
Eləcə də 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb.
2018-ci ildə Bakıda “Fələstin Dövlətinin Asiya Qitəsindəki Səfirlərinin Konfransı” keçirilib.
2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Prezident İlham Əliyev bildirmişdi ki, ABŞ Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarına Ağ ev yenidən baxmalıdır.
İndi bu qədər faktların qarşısında necə deyilə bilər ki, Azərbaycan Fələstin xalqının taleyinə qarşı biganədir. Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalıb.
Bu barədə ötən günlərdə xarici işlər naziri Ceyhun Bayramov da açıqlama verib.
253.jpg (816 KB)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında (18 oktyabr) ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.
Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin Fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.
Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
Nazir Ceyhun Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi qeyd edib.
Azərbaycan bundan artıq nə etməlidir? Hər hansı bir xarici dövləti bundan artıq necə müdafiə etmək olar?
Azərbaycan Fələstindən özünə qarşı bu cür jestlər görübmü? Təəssüf ki, qarşı tərəfin Azərbaycana qarşı davranışları heç də bizim bəyanatlarımıza adekvat olmayıb. Qarabağ savaşında da həmçinin. Ancaq Azərbaycan Fələstinlə bağlı siyasətində dəyişiklik etməyib. Yenə də dəstəyimizi ifadə edirik.
İslam Əməkdaşlıq Təşkilatının üzvlərindən Fələstinlə bağlı toplantısına cəmi 21 üzv yığışdı. Onlardan biri də Azərbaycan idi və mövqeyimizi də yuxarıda qeyd etmişik. Hanı İslam həmrəyliyi? Türk xalqı və dövləti zatən Azərbaycanın atdığı addımları yaxşı başa düşür və qiymətləndirirlər. Sadəcə olaraq bəzi müxtəlif dairələrə işləyən kəsim var ki, onlar bu cür yersiz açıqlamalar verib, nəyəsə nail olmağa çalışırlar. Ancaq heç nəyə nail ola bilməyəcəklər.
Çünki Azərbaycan beynəlxalq hüquq normalarından kənar addım atmır. Öz ərazilərimizin işğaldan azad edilməsində də biz hər hansı bir müharibə cinayəti törətmədik, beynəlxalq hüququ pozmadıq, başqasının ərazisinə göz dikmədik. Təkcə İsrail-Fələstin deyil, İsrail-Livan qarşıdurması zamanı da Azərbaycan Livanın ərazi bütövlüyünü dəstəkləyib. Eləcə də Ukrayna ilə bağlı məsələdə də Azərbaycanın beynəlxalq hüquqa uyğun davranış və qərarları hər kəsə məlumdur.
Suriya Ermənistana açıq dəstək verməsinə baxmayaraq, Azərbaycan Suriyanın da ərazi bütövlüyünü daim dəstəkləyib.
Yəni Azərbaycan qarışılıq görmədiyi hallarda belə beynəlxalq hüququn prinsipləri və ədalətin yanındadır. Ona görə də həqiqəti görməyən İranın bəzi uzantıları bu gün Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməyi düşünürlər. Bu plan isə baş tutmayacaq.
İctimaiyyət bu məsələdə də ayıq olmalı və sosial şəbəkələrdəki müzakirələrdə həqiqətlərimizi doğru paylaşmalıdır.//Musavat.comскачать dle 12.1