Bia.Az

Cənubi azərbaycanlılar Ermənistanda niyə sərbəst hərəkət edə bilir? - ŞOK FAKTLAR

Cəmiyyət
 24-10-2023, 11:43     336

1989-cu il sovet əhalisinin sonuncu siyahıyaalınmasına əsasən, o zaman Ermənistan SSR-də 84 minə yaxın azərbaycanlı yaşayırdı. Amma bu siyahıyaalma qırx və ya daha çox il əvvəl aparılsaydı, onların sayı bir neçə dəfə çox olardı. Fakt budur ki, Stalinin dövründə Azərbaycan ərazisinin bir hissəsi Ermənistana verilmiş, orada yaşayan əhali deportasiya edilmişdi.

Ümumiyyətlə, XVIII-XIX əsrlərdən etibarən gələcək Ermənistanın ərazisinə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürüldü. Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığında əhali sırf azərbaycanlılardan ibarət idi.

Rusiya imperiyasının məkrli siyasəti nəticəsində yaradılan daşnak dəstələrinin törətdikləri soyqırım belə indiki Ermənistan ərazisində azərbaycanlıların birdəfəlik yox olmasına səbəb olmadı. Düzdür, artıq qeyd edildiyi kimi, müəyyən ərazilərdə ermənilərin sayı getdikcə artırdı. Məcburi köçürmələr nəticəsində azərbaycanlıların sayında xeyli azalma baş verdi.

1941-1945-ci il müharibəsindən sonrakı dövrdə İrəvanda hələ də böyük və nüfuzlu azərbaycanlı icması qalmışdı. Onların arasında məşhurları da çox idi. Məsələn, ən diqqət çəkən şəxsiyyətlərdən biri 1934-cü ildən İrəvan Filarmoniyasının solisti olan estrada müğənnisi Rəşid Behbudov idi. O, Tiflisdə doğulsa da, karyerasını İrəvanda davam etdirirdi. Sonralar Rəşid Behbudov Bakıya köçmüşdü.

Ümumiyyətlə, SSRİ dağılana qədər Ermənistanda azərbaycanlıların sayı 300 mindən çox idi. Birinci Qarabağ müharibəsi zamanı bütün azərbaycanlılar demək olar ki, hamısı öz dədə-baba torpaqlarından, tarixi Vətənlərindən qovuldu. O vaxtdan Ermənistan monomilli dövlətə çevrildi və belə də qalır.

Ermənistanın 2011-ci ildəki yalançı statitistikasına görə, guya bu ölkədə yüzə yaxın azərbaycanlı yaşayır. Bunlar əsasən qocalar və qarışıq ailələrdən olan insanlarmış. Onlar sonralar həddindən artıq az olduqlarına görə rəsmi statistikada göstərilmədi.
Ermənilər bu gün ən məşhur azərbaycanlılarından birini dünyaya təqdim etməyə çalışır. Bu, ağır atletika üzrə məşqçi Feliks Əliyevdir. Onu yerli icmanın tipik nümayəndəsi adlandırırlar: O, yaşlıdır, qarışıq ailədəndir, övladları erməni, xristiandır.

İndi ölkədə “yeni azərbaycanlılar” var. Bunlar dincəlmək və vətənlərinin sərt qanunlarından uzaqlaşmaq üçün buraya gələn İranın türk vətəndaşlarıdır. Ola bilsin ki, onlar Qarabağ haqqında az bilirlər, heç də həmişə soydaşlarının ermənilərə münasibətini bölüşmürlər. Bu adamlar İrəvana əylənməyə gedir, bəzən bu ölkədə uzun müddət qalırlar. Çox maraqlıdır ki, türklərə dərin nifrət hissi bəsləyən erməni ideoloqları, revanşistlər, məsələn, Təbrizdən gələn azərbaycanlıları sərt qınamır, İrəvanda və digər ərazilərdə onların sərbəst hərəkətinə maneçilik törədilmir. İran azərbaycanlıları öz dillərində İrəvan küçələrində danışa bilir, Azərbaycan mahnılarının sədası altında nümayişkaranə rəqs edə bilirlər. Yəqin ki, konfiliktoloqlar bu məsələni də dərindən öyrənməyə çalışarlar.

Bizə elə gəlir ki, cənubdan gələn qardaşlarımız başqa ölkənin, xüsusilə Ermənistanın müttəfiqi olan İranın pasportunu daşıdıqları üçün hücumlara məruz qalmır. Onda haqlı olaraq belə sual yaranır ki, vaxtilə Rusiya ilə daha yaxın olan Ermənistana rus pasportu daşıyan azərbaycanlı heç bir şəkildə buraxıla bilməzdi. Yəni açıq mənbələrdə belə məlumatlara rast gəlinmir. Xüsusi olaraq qeyd edək ki, kilsə ideologiyasına görə, ermənilərin tək düşməni türklərdir. Amma Türkiyə vətəndaşları da Ermənistana sərbəst şəkildə daxil ola bilir. Amma nədənsə Azərbaycan əsilli vətəndaşlarımıza qarşı milli ayrı-seçkilik daha şiddətli xarakter daşıyır. Bunun bir neçə səbəbləri var. Ən əsas səbəb isə Azərbaycan dövlətinə olan qısqanclıqdır. Ümumiyyətlə, ermənilər türkdilli dövlətlərdə çoxluq təşkil edir. Bu gün Qardaş Qazaxıstanda, Qırğızıstanda, Özbəkistan və Türkmənistanda minlərlə erməni yaşayır və bu ölkələrdə erməni diasporunun Ermənistana göndərdiyi maliyyə vəsaitinin həcmi milyonlarla dollar həcmindədir.

Belə çıxır ki, türklərə olan düşmənçilik bir neçə mərhələni özündə ehtiva edir. Ən əsası ərazi iddiaları ilə bağlıdır. “Böyük Ermənistan”ın yaradılması üçün ilk növbədə Azərbaycan Respublikasının torpaqları işğal edilməli və rəsmi şəkildə Ermənistana qatılmalı idi. Bu yolda ona maneçilik törədən Azərbaycan xalqına qarşı kin və nifrət əsas mərhələnin başlanğıcı idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman oğullarımızın qanı bahasına ermənilərin bu planı alt-üst oldu. 100 illik erməniçilik ideologiyası Allahın izni ilə şəhid və qazilərimizin fədakarlığı nəticəsində iflasa uğradı. Artıq revanşistləri və millətçi separatçıları çıxmaq şərtilə ziyalı ermənilər bu vəziyyətlə barışıb. Amma onlara etibar etmək olmaz. Azərbaycan həmişə güclü Orduya və sarsılmaz dövlətə sahib olmalıdır.

Çünki problemlər hələ qurtarmayıb. Doğrudur, Qarabağ problemi kökündən həll edildi. Lakin çox təəssüflər olsun ki, müasir Ermənistan ərazisində Azərbaycanın əhəmiyyətli abidələri məhv edilib. İrəvanın Azərbaycan xalqının maddi-mədəniyyət nümunəsi olan Göy məscidi isə Fars məscidi adlanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistan yüz illər boyu kilsə ideologiyasının təsiri altında tarixi torpaqlarımızda azərbaycanlıların izini tamamilə silməyə çalışıblar. Biz qüdrətli dövlət yaratmaqla öz dədə-baba torpaqlarımıza da qayıdacağıq.

KONKRET.az
скачать dle 12.1