Bia.Az

“Bu gün direktorlar şagirdə söz deməyə ehtiyat edirlər” – Ekspertdən İRAD

Cəmiyyət
 13-10-2023, 13:23     380

Bu gün həssas, bir o qədər də mühüm sahə sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. Həmin islahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar mövcuddur.Eyni zamanda, valideynləri təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür.Bəs, bu inkişaf valideyn-müəllim, müəllim-şagird münasibətlərinə nə dərəcədə müsbət təsir göstərə bilib?

Təhsil eksperti İlqar Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, valideynlər travmalı uşaqlarını məktəbə gətirirlər:


“Valideyn-müəllim, müəllim-şagird münasibətlərinin əslində bugünkü durumu həqiqətən də müzakirə mövzusudur və bu istiqamətdə kifayət qədər problemlər var. Mən birmənalı olaraq şagirdin müəllimdən qorxmağının əleyhinəyəm.
Amma bütün hallarda şagird müəllimə, müəllim də şagirdə hörmət etməlidir. Müəllim-şagird münasibətlərinin zədələnməsinin səbəbi ailələrdən qaynaqlanır. Valideyn övladına düzgün tərbiyə verməyəndə bu kimi hallar baş verir.
Direktor şagirdə söz deyə bilmir…


Təəssüf ki, valideynlər bir çox hallarda travmalı uşaqları məktəbə gətirirlər. Əlbəttə ki, məktəb həm də həmin uşaqlar üçündür. Lakin valideynlər övladlarının tərbiyəsindən məsuliyyət daşımalıdır. Təbii ki, bəzi hallarda müəllimlərdə də problemlər olur.
Lakin doğurdan da çox çətin tərbiyə olunan uşaqlar var. Bu gün sinifdə səs salan uşağa məktəb direktoru belə söz deyə bilmir, çünki ehtiyat edir. Əksər hallarda sosial şəbəkələrdə belə hallar ictimailəşəndə günahkar müəllim və məktəb rəhbərliyi göstərilir.


Belə vəziyyətdə ömründə bir kitab oxumayan və ya davranışı ilə nümunə olmayan hansısa valideyn gəlib müəllimə qarşı aqressiya nümayiş etdirir. Mən düşünürəm ki, bu cür məsələlərdə biz müəllimlərimizi, məktəbi qorumalıyıq. İctimai qınaq, maarifləndirici verilişlər mütləq şəkildə olmalıdır. Cəmiyyətimiz özü valideynləri tənbeh etməli, haqqın yanında olmalıdırlar.
Savadsız valideyn ordusu yaranıb və qeyd etdiyim kimi travmalı ailələr var. Məktəb mühitində, eyni zamanda ailələrdə zədələnmiş münasibətlər sistemi bərpa edilməlidir”.скачать dle 12.1