Bia.Az

Zakir Fərəcov “qara zolaq”da: Kürəkəni işdən çıxarıldı, şəhərdə yoxlama gedir, icra başçısı pul axtarır

Cəmiyyət
 30-08-2023, 18:49     319

Sumqayıtın icra başçısı Zakir Fərəcov “ qara zolağa” düşüb. JAMAZ.İNFO xəbər verir ki, icra başçısı bir tərəfdən borc içində “üzür”, digər tərəfdən isə rəhbəri olduğu şəhərdəki idarə və müəssisələrdə ciddi yoxlamalar başlayıb. Bu azmış kimi, Fərəcovun qohumları da işdən çıxarılır.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. Həmin sərəncama əsasən Əkrəm Akif oğlu Zeynallı Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
JAMAZ.İNFO xəbər verir ki, Əkrəm Zeynallı Zakir Fərəcovun kürəkəndir (qızının həyat yoldaşı). Onun səfir postundan geri çağırılması ilə hazırda Sumqayıtda baş verən hadisələr arasında paralellər olduğu deyilir. İddia olunur ki, Zakir Fərəcovun yaratdığı qalmaqallar onun sonunu gətirməklə yanaşı, həm də yaxın qohumlarının vəzifədən getməsi ilə yekunlaşacaq.
Amma Fərəcovun problemi təkcə bu deyil. Onun ciddi borcları da var. Həmin borcların bir qismi 2016-cı ildən yaranıb. Bu pullar sahibkarlara ödənilməlidir. Lakin indiyə qədər şəhərdə abadlıq işləri aparmış iş adamlarının 10 milyon manatdan çox borcu bağlanmayıb.
Digər problem isə Sumnqayıtda Maliyyə Nazirliyi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardıqları monitorinqlərdir. Bildirək ki, Sumqayıt Səhiyyə İdarəsində artıq yeyinti halları aşkarlanıb və bununla bağlı cinayət işi qaldırılıb. Rəsmi açıqlamaya əsasən Səhiyyə İdarəsində 5.5 milyon manat yeyinti üzə çıxıb. Bununla əlaqədar idarənin baş mühasibi Gülnarə Bayramova, onun qardaşı, hazırda Sumqayıt İcra Hakimiyyətində şöbə müdiri vəzifəsini tutan Gündüz Əliyev və iş adamı Elxan adlı şəxsə cinayət işi açılıb. Onlar əlbir olaraq, dövlət büdcəsindən ayrılmış pulları 41 MMC-yə köçürərək, mənimsəyiblər.
Digər yoxlama isə Təhsil İdarəsində reallaşdırılır. İlkin məlumatlara görə, bu idarədə də ciddi maliyyə pozuntuları aşkarlanıb. Bəzi məlumatlara görə, dövlətə dəyən ziyanın məbləği 6 milyon manata yaxındır. Maraqlıdır ki, bəzi mənbələr bu yeyintidə də şöbə müdiri Gündüz Əliyev və Sumqayıt Memarlıq Şöbəsinin rəhbəri Adil Xudadatovun adının hallandığını qeyd edirlər.
Amma Zakir Fərəcovun problemləri bununla da bitmir. Belə ki, onun Dövlət Gömrük Komitəsinə 3 milyon manat, “Paşa Bank”a isə 6 milyon manatdan bir qədər çox borcu var. Gömrüyə olan borc abadlıq işləri üçün xaricdən gətirilən mal və materialla görə yaranıb. “Paşa Bank” isə Zakir Fərəcovu artıq məhkəməyə verib. Bu da onunla bağlıdır ki, Fərəcov Sumnqayıt Nəqliyyat Departamentinə avtobus almaq üçün kredit götürüb və onu qaytarmayıb.
Gələn xəbərlərdən isə belə məlum olur ki, Zakir Fərəcov yeyinti nəticəsində dəymiş ziyanın ödənilməsi üçün pul axtarır. Ona görə də, memarlıq şöbəsinin müdiri Adil Xudadatova Sumqayıtda satıla biləcək bütün boş yerlərin müəyyən edilməsi tapşırığını verib. Vəziyyət isə belədir ki, Xudadatov boş yerlər tapa bilmədiyindən, binaların qarşısındakı uşaq parklarını satışa çıxarıb.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 Paylaş
скачать dle 12.1