Bia.Az

İran Rusiyanı “bağışlamır”: indi də ordusu ilə...

Dünya
 2-08-2023, 15:36     277

Moskvada 10 iyulda Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin bəyanatında mübahisəli Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı BƏƏ-nin mövqeyinin dəstəklənməsinə Rusiyanın da qoşulmasından hiddətlənən İran artıq hərbi ritorikaya keçib.

Axar.az xəbər verir ki, 12 iyulda Rusiya səfirini XİN-ə çağıraraq, Moskvanın mövqeyinə etiraz edən, bu adaların İranın ayrılmaz tərkib hissəsi olduğunu bildirən Tehran bütün ay ərzində siyasi təzyiqlərini davam etdirdi. SEPAH komandirinin xəbərdarlığından sonra isə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian 18 iyulda Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha elan edərək, bunun “Rusiyadan qisas almaq” olduğuna da dolayısı ilə işarə vurdu.
Ay ərzində “Rusiyanın tarix boyu İrana xəyanət etdiyi” barədə Tehran rəsmilərinin açıqlamalarının ardından bu gün SEPAH “adaların təhlükəsizliyinin təmini” məqsədilə Körfəzdə, Əbu Musa adasının yanında təlimlərə başlayıb.
Təlimin “İranın ərazi bütövlüyünün qorunması” şüarı ilə keçirilməsi də diqqət çəkir. Belə ki, İran Rusiyaya xəbərdarlığında ərazi bütövlüyünün qırmızı xətt olduğunu bildirmişdi.
Təlimlər zamanı SEPAH 600 km mənzilli raketlərlə təchiz edilən yeni katerlərini də nümayiş etdirib.
Maraqlıdır ki, Rusiya XİN başçısı Sergey Lavrov anlaşılmazlıq olduğunu bildirərək, iranlı həmkarı ilə telefonla danışmış və açıqlama ilə çıxış etmişdi. Ancaq Tehran bu açıqlamanın “qaneedici olmadığını” bildirərək, ritorikasını qətiyyən yumşaltmadı. Bu gün isə təlimlərlə açıq şəkildə Rusiyaya mesaj vermək qərarına gəlib.
Bəzi iddialara görə, Ukrayna müharibəsinə başı qarışan və bu bataqlıqda ciddi zəifləyən Rusiyanın hazırkı durumundan İran maksimum istifadə edərək, Kremllə əlaqələri gərginləşdirməkdə, əvəzində Qərblə sövdələşməyə getməkdə maraqlıdır.скачать dle 12.1