Bia.Az

Bilmək olmur Nizami küçəsindəsən, yoxsa Arbatda...

Gündəm
 15-07-2023, 15:39     301

Deyəsən, bu məsələ KİV vasitəsilə, ictimai rəyə təsir yolu ilə düzələsi deyil. Heç ziyalı sözü, ağsaqqal öyüdü, hətta ən müxrəlif səviyyələrdə səslənən qınaq və tənqid də kara gələnə oxşamır. Çünki dilimizin əldən getməsi artıq əsl problemdir – ilbəil deyil, aybaay, günbəgün bütün çərçivələri aşıb dərinləşən problem.

İnanmırıq ki, dünyada öz əvəzsiz dilindən könüllü surətdə imtina edib “könlünü perspektivsiz bir dilə verən” bizim kimi ikinci xalq ola. Olsa da, o qədər azdır ki, saymaq üçün əldəki barmaqlar da çoxdur. Üstəlik, onları xalq kimi nə tanıyan var, nə də qəbul edən – qəbilə kimi tanınıb, qəbilə kimi də qəbul olunurlar. İndi bildinizmi hara gedirik, daha doğrusu, hansı səviyyəyə enirik.

Bəlkə də oxucular arasında dilimizlə bağlı mövcud durumun bu qədər acınacaqlı olduğuna inanmayanlar, yaxud şübhə edənlər tapıla. Fikirləşə bilərlər ki, bu həyəcan təbilinə nə ehtiyac?! Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit edilib, əksər idarə və təşkilatlarda rəsmi dil olaraq işlədilir, yazılı və elektron KİV-də, təhsildə aparıcı dildir və s. Düzdür, belədir. Amma o da düzdür ki, bu gün xüsusən paytaxtda Azərbaycan dilinin meydanı kiçildilərək dar bir çərçivəyə salınır. Özü də sanki qəsdən və gözəgörünməz qüvvələr edirlər bunu, baxmayaraq ki, həmin qəsdin müəllifinin özümüz olduğuna şübhə etməyə zərrə qədər əsas yoxdur.

...Bir valideyn tanıyıram. Birinci sinfə gedəcək övladının sənədləri əlində qalıb. Səbəbi də budur ki, paytaxtın bütün məktəblərində rus bölməsinə yerlər dolub. Azərbaycan bölməsində kifayət qədər yer var. Amma tanışımız övladını ana dilində oxutmaq istəmir, on minlər, yüz minlər kimi... Əks halda nə ölkəmizdəki məktəblərdə və uşaq bağçalarında bu sayda rus bölmələri olardı, nə də həmin bölmələrə bu uzunluğunda növbə. Dilimizə sayğısızlıq, millətimizə nankorluq növbəsidir bu və onun altını sabah çəkəcəyimizə hamı əmin olsun.
Lakin bu da hələ hamısı deyil. KİV-də, sosial şəbəkələrdə verilən iş elanlarına nəzər salın – hamısında ilkin şərt kimi rus dilini bilmək tələb edilir. Sanki müstəqil ölkədə yox, 32 il əvvəl tarixə qovuşmuş keçmiş SSRİ-nin respublikasında yaşayırıq. Niyəsini soruşanda elan sahibləri tutarlı cavab verməyə arqument də tapmırlar, ən yaxşı halda, o da ticarət və ya xidmət təşkilatıdırsa, sözləri bu olur ki, müştəriləri, yaxud tərəfdaşları arasında rusdillilər də var. Məsələn, Bakıda əsasən tibbi sığorta ilə məşğul olan “A-Qrup” adlı özəl bir şirkət var və işə rusdilliləri qəbul edir.

Təəssüf ki, ölkəmizdə belə şirkət və təşkilatların sayı az deyil və onlara “gözün üstdə qaşın var” deyən yoxdur. Deyən yoxdur ki, Azərbaycanda Azərbaycan qanunlarına əməl etmək sizin ilkin borcunuz və vəzifənizdir. Biz hələ daha çox qonşu xalqlarda gördüyümüz milli qürur və milli mənlik məsələsinə toxunmuruq. Elələri üçün belə məsələlərin önəmli olmadığını bilirik. Əks halda işçilərini rus dilində danışmağa yox, başqa ölkələrdə olduğu kimi, müştəri və ya tərəfdaşlarını onlara Azərbaycan dilində müraciət etməyə məcbur edərdilər. Bu zaman söhbət heç də inzibati məcburiyyətdən getmir. Sadəcə, ölkəmizdəki əcnəbilər bilməli və görməlidirlər ki, onlar öz işləri xatirinə yaşadıqları ölkənin dilini ən azından danışıq səviyyəsində öyrənməyə məcburdurlar.

Əvəzində biz nə edirik? Nümayişkaranə şəkildə özümüzü və dilimizi alçaldırıq. Kim fikirləşirsə ki, övladına əcnəbi, özü də perspektivsiz əcnəbi dildə təhsil vermək alçalmaq yox, əlavə dil öyrətmək vasitəsidir, kökündən yanılır. Çünki təhsillə dil öyrənmək tamam fərqli məsələlərdir. Yaxud kim zənn edirsə ki, Azərbaycanda yaşayıb işləyən əcnəbi ilə ünsiyyət yalnız qonağın dilində olmalıdır, yenə də səhv edir. Məgər bizim vətəndaş hansısa xarici ölkəyə işləməyə və ya başqa məqsəd üçün gedəndə orada onunla Azərbaycan dilində danışırlar?!

Bütün bu əcaib yanaşmanın nəticəsidir ki, paytaxtda yenidən “bakinets”lər əmələ gəlməyə başlayıb və onların sayı sürətlə artır. Uşaq bağçaları və orta məktəblərin rus bölmələrinə olan bügünkü axın və növbə isə həmin sayın arzuedilməz perspektivindən soraq verir. Elə indinin özündə xüsusən şəhərin mərkəzində öz dilində danışan azərbaycanlılara rast gəlmək getdikcə çətinləşir. Bilmək olmur Bakının Nizami küçəsindəsən, yoxsa Moskvanın Arbatında. Ən dəhşətlisi də odur ki, savad və mədəniyyət sarıdan elə də zəngin olmayan “russkoyazıçnı”lar özlərini elit təbəqənin nümayəndələri hesab edirlər.

Bu yerdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yada düşür. Kim idi onlar? Hamısı Avropa təhsili görmüşdü, əsilli-nəsilli, imkanlı ailələrdən çıxmışdı. Amma ilk növbədə böyük ziyalı və mənsub olduqları xalqın əvəzsiz övladları idilər. Onların əksəriyyəti rus, fransız, alman, ingilis dillərini bilirdi. Buna baxmayaraq, ağıllarına gəlməmişdi ki, ana dillərinə xəyanət etsinlər, onu hansısa əcnəbi dilə qurban versinlər.
Bəs üstündən bir əsrdən çox keçəndən sonra biz – cümhuriyyətin bugünkü övladları gələcəyi imperiyanın keçmişində axtaran təfəkkürümüzlə hara getdiyimizin fərqindəyikmi? Pis işləri, vərdişləri görən kimi götürürük, kənardakı lazım olanı da, olmayanı da eybəcərcəsinə əxz edirik. Elə isə uzağa getməyək, qonşularımızdakı milli qüruru, dillərinə hörməti niyə görüb götürmürük? Bu işədəmi dövlət qarışmalıdır?

Görünür, qarışmalıdır. Çünki yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu problem təbliğatla, ictimai qınaqla, müxtəlif müstəvilərdə müzakirələrlə həll edilənə oxşamır. Dövlət səviyyəsində müdaxilə olmalı, konkret tədbirlər görülməlidir. Əks halda bizdə ki bu “milli ruh” var, uzaq yox, yaxın gələcəkdə Azərbaycan dilinin Azərbaycanda təkcə adı qala bilər.

R.Məmmədli, xüsusi olaraq Musavat.com üçünскачать dle 12.1