Bia.Az

Ərazi bütövlüyümüzə təhdid var: əməliyyat başlamalıdır

Gündəm
 14-07-2023, 16:25     291

Xankəndidə baş verən aksiyalar bizim üçün heç bir problemə səbəb ola bilməz. Təxribat xarakterli bu aksiyalar sabahkı görüş öncəsi Rusiya tərəfindən təşkil olunmuş mitinqdir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Xankəndidə baş verən aksiyalarla bağlı danışarkən deyib.

“Azərbaycan antiterror əməliyyatını çoxdan keçirməli idi. Biz gözləməli deyildik ki, Rusiya hələ nə qədər bu separatçıları maliyyələşdirəcək, həvəsləndirəcək. Ermənistan hər gün Azərbaycanın əsəbi ilə oynayır. Bu da daha çox Moskvadan qaynaqlanır. Araik Arutyunyanın Paşinyan vasitəsi Putinə göndərdiyi məktubdan sonra baxın görün, hansı təxribatlar hansı intensivliklə həyata keçirilir. Şuşaya, Ağdama, Füzuliyə, bu gün də Naxçıvana atəş açırlar. Əvvəl Naxçıvanda atəşə tutulan təkcə Sədərək rayonu idi. Bu gün ora Ordubad rayonu da əlavə olunub.
Xankəndidə baş verən aksiya gəmidə oturub, gəmiçi ilə dalaşırmaqdır. Azərbaycanın suverenliyinə və dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı etiraz aksiyaları keçirirlər. Onlar hiss edir ki, artıq separatizmin sonu çatıb. Təsəvvür edin ki, bunların keşişi bunlara xeyir-dua verir”, - Cəfərov bildirib.

Ekspert qeyd edib ki, mitinq yalnız Brüsseldə nəzərdə tutulan sabahki görüşü pozmaq üçündür:

“Sabah guya Azərbaycan DSX-nin sərhəd buraxılış məntəqəsinə yürüş həyata keçirmək istəyirlər. Yəni istəyirlər ki, Azərbaycan DSX orda onlara güc tətbiq etsin, ara qarışsın. Ondan sonra da desinlər ki, baxın, qan töküldü.

Əlbəttə ki, danışıqlar prosesinin bu sürəti Rusiyanı, separatçıları qane eləmir. Ona görə bu mitinq təşkil olunub. Mənasız və özlərinin ziyanına olan bir tədbirdir. Biz sadəcə öz işimizi görməliyik. Separatçılara konkret - 1 həftə, 10 gün vaxt verib, demək lazımdır ki, bu müddət ərzində silahlarınızı təhvil verməlisiniz. Qoyulan müddətdə tərk-silah olmasalar, antiterror əməliyyatına başlamalıyıq”.скачать dle 12.1