Bia.Az

Güney azərbaycanlılar İzmirdə festival keçirəcək

Cəmiyyət
 7-06-2023, 01:51     507

Güney Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu il sentyabr ayında İzmir şəhərində incəsənət festivalı keçiriləcək. Məqsəd Güney Azərbaycanın sənət insanlarını bir araya toplamaq, onların yaradıcılığını geniş kütləyə təqdim etməkdir.

Bu sözləri Kult.az-a mərkəzin sədri Camal Mehmetxanoğlu festival haqqında məlumat verərkən deyib.
Tədbirin hazırlıqlarına başlanıldığını söyləyən Mehmetxanoğlu festivalın təxmini proqramının da müəyyənləşdirildiyini diqqətə çatdırıb:
“Güney Azərbaycan Mədəniyyət və Sənət Festivalı bütövlükdə tanınmış Azərbaycan şairi Bulud Qaraçorluya həsr olunacaq. Festival çərçivəsində bir həftə fasilə ilə iki gün musiqi və rəqs nömrələri, foto, rəsm və heykəltaraşlıq sərgisi, film və rejissorların təqdimat gecələri təşkil olunacaq. Şeir və yaradıcılıq gecələrinin keçirilməsi də nəzərdə tutulub. Güney Azərbaycanın tanınmış şairi Bulud Qaraçorlunun və Səməd Behrənginin xatirəsi yad ediləcək, onların əsərləri səslənəcək. Həmçinin, “Güney Azərbaycanda aşıq sənəti” adlı gecədə bir-birindən maraqlı sazlı-sözlü söhbətlər olacaq. İştirakçılar burada, həmçinin, Güney Azərbaycan yeməkləri ilə tanış olmaq imkanı qazanacaq”.
Mərkəzin rəhbəri bildirib ki, belə bir festival ilk dəfə təşkil olunur:
“Tədbir Güney Azərbaycan mədəniyyətinin təbliği baxımından əhəmiyyətlidir. Yaxın günlərdə festivalın Təşkilat komitəsi yaradılacaq. Bu komitədə təmsil olunmaq istəyənlər mərkəzə müraciət edə bilərlər.
Dünyada ilk dəfə olaraq Güney Azərbaycan türkləri adına təşkil olunan incəsənət festivalının ərsəyə gəlməsi üçün hər kəsin dəstəyi çox əhəmiyyətlidir”.скачать dle 12.1