Bia.Az

Fərid Səfərli müəmması: həm İrandadır, həm də yox...

Cəmiyyət
 29-03-2023, 01:36     166

Əfsər Sadıqov: “Xaricdən gəldiyi üçün qızı casus kimi tutub işgəncə verə bilərlər”

Dilarə Əsgərova: “Fəridlə qızın yazışmalarında heç bir siyasi mövzu yoxdur”

26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından bir aya yaxın vaxt ötür. Məlumdur ki, məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın ölkəmizdəki səfirliyinə nota da ünvanlayıb.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün bildirib ki, F.Səfərlidən hələ ki, məlumat yoxdur. “Rəsmi Bakı Tehrandan cavab gözləyir. Buna görə də axtarışlarda son durumla bağlı məlumat yoxdur”.

Bu arada Fəridin İrana, Tehran və Qum şəhərlərinə üz tutan anası Dilarə Əsgərova Musavat.com-a deyib ki, oğlu İrandadır, ancaq onu nə tapa, nə da haqqında məlumat ala bilib. Sitat: “Qum şəhərində bir neçə xəstəxananı gəzdik, qız haqqında heç bir məlumat vermədilər. Qızın nə adresini tapa bildik, nə də işlədiyi yeri. Getdiyimiz xəstəxanalardan biri böyük ehtimalla onun işlədiyi yer idi, amma bizə heç bir məlumat verilmədi. Sonra qərara aldım ki, Tehranda vəkil tutum, vəkillə hüquq mühafizə orqanlarına getdik. Sistemə baxdılar, Fəridin adı orada çıxmadı. Soruşdum ki, ola bilərmi saxlanılıb, burada adı çıxmasın? Dedilər ki, ağır cinayət törətmişlərin adı burada çıxmır. Məhkəməyə müraciət etmək lazımdır, məhkəmə müxtəlif təcridxanalara sorğu göndərməlidir və o cür tapıla bilər. Misal üçün, casusluq ağır cinayət sayılır deyə orada dedilər və başqa cinayətlərin də adını çəkdilər. Daha sonra Azərbaycanın Təbrizdəki Konsulluğu ilə də əlaqə yaratdım. Oradan da dedilər ki, hələ ki cavab yoxdur. Baxmayaraq ki, bayramlar bitib, iş bərpa olunub, amma İran hökuməti Fəridlə bağlı heç bir məlumat vermir”.

Görəsən niyə? İran nədən Azərbaycanın notasını da cavabsız saxlayır? Nə çətin işdir ki, bir insanın taleyinə aydınlıq gətirmək? Artıq hansısa konkret nəticədən danışmaq mümkünmü? İran hansı oyunu hazırlayır?

729366_lpugh0bgm9.jpg (44 KB)

BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Yeni Müsavat”a dedi ki, XIN bu məsələyə artıq qarışıb və yəqin ki, bunun effekti olar:

“Amma ümumi halda hüquqi prosedura belədir ki, İran Avropa İnsan Hüquqları mexanizmində iştirak etmir. Coğrafi mövqeyinə görə də. Amma BMT-nin İnsan Haqları Şurası var, ora müraciət etmək olar. Daha sonra BMT-nin İnsan Hüquqları Komitəsi var, orada ayrı-ayrı şəxslərin fərdi qaydada şikayət prosedurası var. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq haqqın 41-ci maddəsinə görə. Bunlara müraciət edilə bilər. Amma bunlar xeyli vaxt aparacaq. “İnternational Amnesty” təşkilatına da müraciət etmək olar. Amma ən effektlisi İranın özünün məhkəməsinə müraciət etmək lazımdır. İran hökumətinin özünün vətəndaşla bağlı zəruri hüquqi müdafiə prosedurasını gözləməməsi ilə bağlı İran məhkəməsinin özünə şikayət etmək lazımdır. Ən effektli yolu budur. İran öz məhkəməsinin qərarını məcbur olub yerinə yetirməli olacaq”.
Ekspert Fəridin sevgilisi ilə bağlı bəzi məqamlardan söz açıb: “Hazırda İranda qadın hüquqları ilə bağlı keçirilən mitinqlərə görə ehtimal etmək ola bilər ki, Fəridin sevgilisi deyilən o qız da mitinqlərə qoşula bilər. Hesab oluna bilər ki, xaricdən gəldiyi üçün casus kimi tutub işgəncə verə bilərlər. Üzə çıxarmamaq üçün məcburi gizlətmə də ola bilər. Daha pis variantları ehtimal etməyək”.

O ki qaldı bizim İranla münasibətlərin gərginliyinə görə Fəridin saxlanılmasına, İranla Azərbaycan arasındakı münasibətlərə görə onlar istəməzlər məsələ daha da dramatikləşsin. Çünki onların imicinə mənfi təsir göstərəcək. Amma hesab edirəm ki, orada nə isə olub ki, üzə çıxara bilmirlər”.

Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, hələ ki, cavab verilməyib, hazırda oğlunun və qızın axtarışı davam etdirilir. O, “Fəridlə qızın yazışmasını izləyə bilibmi” sualına belə cavab verdi:

“Kompüterdə olan məlumatları polis mənə oxumağa icazə vermədi, özü baxdı. Mənə dedi ki, Fəridlə qızın yazışmalarında heç bir siyasi mövzu yoxdur. Sadəcə olaraq dünən dediyim kimi qızın şəkli, mobil nömrəsi, Qumda təhsil aldığı universitetin sonuncu kursda oxuması haqqında məlumat olduğunu dedi”.

Qeyd edək ki, Yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə hücum edilib, nəticədə mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, daha iki nəfər xəsarət alıb. Baş verən hadisə İran Azərbaycan arasındakı münasibətləri gərginləşdirib. Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlara “zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini” tövsiyə edib.скачать dle 12.1