Bia.Az

Xankəndidəki ermənilər Bakı ilə dialoqdan qaçır, Qərb reaksiya vermir...

Gündəm
 17-03-2023, 13:25     256

Avropa İttifaqı erməni icması ilə danışıqları növbəti dəfə müsbət saysa da, separatçıların həyasızlığına susur, üstəgəl, qondarma rejim İrəvanı da şantaj etməyə başlayıb; Sabir Rüstəmxanlı: “Qarabağdakı ermənilərin beynini xarab ediblər”

Martın 1-də Xocalıda Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında olan ilk görüşdən sonra Xəlifəli yolunda baş verən təxribat bu təmasları yenidən qeyri-müəyyən müddətə təxirə saldı.
Görüşdən sonra xeyli çatlaq səslər vardı: xüsusən Xankəndidəki separatçı rejimin təmsilçiləri narahat olmuşdular, “Azərbaycanla birgəyaşayış mümkün deyil”? - deyə bəyanat da vermişdilər. İddia edirdilər ki, bu təmas yalnız Laçın yolundakı vəziyyət, enerji təchizatı və s. kimi “humanitar problemləri” həll etmək üçün idi. “Yeni Müsavat” yada salır ki, Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamentimizin xüsusi nümayəndəsi arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət etmişdi. Amma erməni separatçıları Bakıya şərt irəli sürdülər: danışıqlarda onları tərəf kimi tanımalı, Qarabağ münaqişəsi beynəlxalq gündəmdə olan məsələ kimi müvafiq beynəlxalq strukturların vasitəçiliyi və zəmanəti ilə həll edilməli, Laçında aksiyaya son verməli və sairə...
Qeyd edək ki, separatçı “parlament fraksiyası” Ermənistana da nota kimi bir kağız imzalayıb göndərib. İrəvandan Ermənistan Ali Sovetinin 8 iyul 1992-ci il tarixli qərarını yerinə yetirməyi tələb ediblər. 1992-ci il iyulun 8-də Ermənistanın qanunverici orqanı “dqr"in və onun əhalisinin hüquqlarını ardıcıl şəkildə müdafiə etməyi öhdəsinə götürüb. Bu “respublikanın” Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı sənədin Ermənistan üçün qəbuledilməz olduğunu bəyan edib. İndi separatçılar Paşinyanın rəhbərlik etdiyi Ermənistanı da bu qondarma sənədlə şantaj etməkdədirlər. Onu da demək lazımdır ki, Xocalıdakı təmaslardan sonra Avropa Birliyi bu addımı alqışlamışdı. Hətta martın 15-də bu mövzuya qayıdan AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar bir daha qeyd edib ki, Bakının Qarabağ erməniləri ilə dialoqu müsbət addımdır. Onun sözlərinə görə, fikir müxtəlifliklərinin aradan qaldırılması üçün birbaşa ünsiyyətin alternativi ola bilməz və bu, bütün müvafiq maraqlı tərəflər arasında danışıqlar yolu ilə həyata keçirilməlidir.
“Bu cür dialoq qarşıdurmanı gücləndirmək əvəzinə inam və etimad yaratmağa yönəlməlidir. Biz bütün maraqlı tərəfləri neqativ ritorikadan çəkinməyə və hamının legitim narahatlığını aradan qaldıracaq kompromis həll yollarının axtarışına diqqət yetirməyə çağırırıq. 10 gün əvvəl baş vermiş ölümcül insidentdən sonra təmas xəttində və dövlət sərhədində atəşkəsin tez-tez pozulması ilə bağlı son xəbərlər narahatlıq doğurur. Aİ daha çox gərginliyin baş verməsinin qarşısını almaq üçün təmkinli olmağa güclü çağırış edir. Dialoq və münasibətlərin normallaşması istiqamətində işləyərkən zorakılıq və məcburiyyət seçim ola bilməz. Artıq bəyan edildiyi kimi, Aİ Laçın dəhlizi ilə hərəkət azadlığının və təhlükəsizliyinin tam bərpasına, Qarabağa qaz və elektrik enerjisi, eləcə də telekommunikasiya xidmətlərinin fasiləsiz davam etdirilməsinə çağırışını təkrarlayır”, - xüsusi nümayəndə vurğulayıb. Amma ermənilərin qəbuledilməz şərtlər irəli sürərək danışıqlardan yayınmasına nədənsə reaksiya vermirlər. Bu susqunluğun səbəbi nədir? Niyə hər fürsətdə Azərbaycanı ittiham etməyə həvəsli olanlar ermənilərin danışıqları pozmasına reaksiya bildirmir? Ölkəmiz əleyhinə yeni qətnamə hazırlayan Avropa Parlamenti qondarma rejimin Qarabağdakı erməni əhalisi əsarətdə saxlamasına, Bakı ilə danışıqlar aparmasına mane olmasına nə üçün “tükünü tərpətmir”?
Sabir Rüstəmxanlı: “Sanki burada Milli Məclis hökumətə hesabat verir” -  15.03.2022, Sputnik Azərbaycan
 Sabir Rüstəmxanlı 
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan-Azərbaycan müharibəsinin başlamasından, azərbaycanlıların Qarabağdan çıxarılmasından ta indiyə qədər Qərbin bizə münasibətdə obyektiv mövqeyi olmayıb. S.Rüstəmxanlı hesab edir ki, Qərbin bu gün də ədalətsiz yanaşması davam edir: “Onlar həmişə erməniləri müdafiə ediblər. Baxmayaraq ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaş olması ilə hesablaşırlar, ərazi bütövlüyümüzü tanıyırlar, bu reallıqları bilə-bilə yenə Ermənistana təzyiq göstərilmir. Ermənistan sanki Avropanın ərköyün övladı kimi əzizlənir, yəni onların saxtakar mövqeyi müdafiə olunur. Amma biz heç bir işimizi Avropanın gücü ilə etmirik, ordumuzun, iqtisadiyyatımızın və müstəqil siyasətimizin imkanlarına görə addımlarımızı atırıq”.
Deputat bildirdi ki, Haaqa Məhkəməsindən tutmuş beynəlxalq təşkilatlara qədər ermənilərin haqsız olduğunu bildiyi halda yenə onları müdafiə edirlər: “Azərbaycan sərhədlərini bərpa etdikdən sonra ərazisində qalan ermənilərə vətəndaşı kimi baxır. Biz onların qanunlara tabe olmasını istəyirik, dialoq tərəfdarıyıq. Bunun həll yolu danışıqlardan keçir. Biz torpaqlar işğalda olanda "xalq diplomatiyası"nı qəbul etmirdik, indi vəziyyət dəyişib və danışmalıyıq. Amma Qarabağdakı ermənilərin beynini xarab ediblər, dialoqdan qorxurlar, onların içində bir türk düşmənçiliyi var. Amma burada iki yol qalır - ya qanunlara hörmət edib ərazimizdə yaşayacaqsan, ya da çıxıb gedəcəksən. Üçüncü yol yoxdur. İstər Avropa desin, istər dünya gücləri söyləsin, ermənilər Azərbaycanda yaşayan digər millətlərdən artıq deyil. Sadəcə, onlar bir anklav yaratmaq istəyirlər, Laçın yolu ilə sərbəst getsinlər, sərvətimizi talasınlar, silah-sursat daşısınlar. Buna imkan vermək istəmirik. Hansı Avropa ölkəsi öz ərazisində bu fəaliyyətə razılaşar? Kataloniyada referendum keçirdilər, müstəqilliyi haqda qərar qəbul edildi, amma İspaniya buna razılıq vermədi. Hələ onlar sayca 7 milyondur, ermənilər isə 20-25 min nəfərdir, niyə onlara ayrıca hüquq verməliyik? Avropa bunu bilməlidir, prezident də dəfələrlə bu məsələni vurğulayıb".
Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"
Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib: “Onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini "tərəf" kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər. Gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir. Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, “separatçılar erməni əhalisi deyil” və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir. Qarabağda mümkün praktiki addımların - həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır".скачать dle 12.1