Arxiv

Oxunub:232 / 26 fev 11:17tedbirler

XX əsrin faciəsi - Xocalı soyqırımı



XX əsrin faciəsi - Xocalı soyqırımı

Nahaq qan yerdə qalmaz...

Müharibə qan-qada, ölüm-itim, dağıntı və dəhşətləri ilə yadda qalır. Ona görə də müharibənin yaraları dərin və sağalmazdır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür. Elə Xocalı müsibəti kimi...

Qarabağ savaşlarında faciələrimizin ən ağrılısı, acılısı kimi yaddaşlara yazıldı Xocalı müsibətləri, təkcə ona görə yox ki, müsibətli günlərimiz, yurd-yuvasızlığımız başlayırdı o gecə. Əsas ona görə ki, qarlı qış gecəsində gülləbarana tutulmuş günahsız insanların (körpələrin, uşaqların, qız-gəlinlərin, dünyası tarmar olmuş müdriklərin - ağsaqqal və ağbirçəklərin) o gecənin bağrını yaran harayları "qulaqlarına pambıq tıxanmış dünyaya çatmadı, eşidilmədi, dinlənilmədi. O haraylar tonqal dilimli idi. Odlara atılmış harayların qığılcımları təkcə yerləri deyil, göyləri də yandırırdı, çox da ki, bu haraylar yatmış vicdanları oyatmırdı...

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir. Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. O, "Libardion" qəzetində çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Rus 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu da bildirir: "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın ştabında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir və itlərin, çaqqalların səsləri eşidilirdi". Gördüklərini obyektiv şəkildə yazan fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın ştabında olduğunu da qeyd etmişdir.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir ki, biz - 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçilərinin həyata keçirdiyi kütləvi qətliamın möcüzə nəticəsində sağ qalmış şahidləri bütün mütərəqqi ictimaiyyəti, qəlbində insan sevgisi olan hər kəsi bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa çağırırıq.
Son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqları hesabına xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədi ilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi cinayətlər törətmişlər.
1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş və dədə-baba torpaqlarından didərgin salınmışdır. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinədək deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan - qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir.

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi və siyasi əsası olmayan erməni separatizminə rəvac verilmişdir ki, bu da bölgədə qanlı etnik qarşıdurmalara və kütləvi insan fəlakətlərinə səbəb olmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi.

Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının xeyli sakini tarixə şahidlik etmək üçün sağ qaldı.

Bu müraciəti soyuqqanlılıqla oxumaq mümkün deyil... Xocalılıların timsalında xalqımızın yaşadığı dəhşətləri bir daha göz önünə gətirir, erməni xainliyinin, erməni vəhşiliyinin həddi-hüdudunun olmadığını yəqin edirsən. Lakin əminsən ki, Xocalıda, ümumiyyətlə, erməni təcavüzünə məruz qalmış Azərbaycanın hər bir bölgəsində, torpağında tökülən nahaq qan yerdə qalmayacaq.

Bu gün xocalılılar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Onlar daim dövlətin diqqət və qayğısını hiss edirlər. Xocalı soyqırımından ötən müddət ərzində onların istər məskunlaşmaları, istərsə də sosial-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin edilməsi və s. istiqamətlərdə həyata keçirilən tədbirlər bunu təsdiqləyir. Xocalılıların ilk olaraq yeni salınmış qəsəbələrə köçürülməsi də bu dediklərimizə bariz nümunə sayıla bilər.

Dağlıq Qarabağ və ona bitişik ərazilərimizin erməni işğalından xilas edilməsi istiqamətində aparılan mübarizədə xocalılılar da, digər torpaq itirmiş, yurdu yağmalanmış insanlar kimi, öz sözlərini qətiyyətlə deməyə hazırdırlar.

İbrahimov Tofiq Hüseyn oğlu
Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı