Bia.Az

Evinizdə nələr baş verir?

Şou
 13-03-2024, 11:50     343

Sosial şəbəkələr nə qədər populyar olsa da, həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, televiziyaların cəmiyyətə təsiri danılmazdır. Bu baxımdan Prezident Administrasiyasından ATV, XƏZƏR, ARB və SPACE telekanallarına bəzi verilişlərlə bağlı xəbərdarlıq edilməsi diqqət çəkir.
Xəbərdarlıqda sözügedən telekanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Xüsusən “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər haqda iradlar bildirilib.
Bir qədər əvvəl isə “Xalq qəzeti” Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Mətanət Əliverdiyeva, Elgiz Əkbər, Zaur Kamal kimi aparıcıların verilişlərini tənqid edən yazı dərc edib.
Əslində, bu iradlar tam başadüşüləndir.
Bir anlıq təsəvvür edin, evinizə qonaqlar gəlir və onların arasında belə hadisələr yaşanır:
– qəfildən sizin yanınızda qadın kişinin belinə minir;
– bir qonaq digərinə stəkan, nəlbəki atır;
– ikisi saçyolduya çıxıb, küçə söyüşləri söyür;
– biri övladınıza deyir ki, atan-anan pisdir, onlardan imtina et;
– başqa biri qonaq otağınıza hamam xalatında girir;
– digəri qohum-qonşusunda, ailəsində baş verən neqativ olayları elə övladınızın yanında böyük həvəslə danışır, müzakirə edir.
Siyahını uzatmaq olar, ancaq fikrimcə, bunlar kifayət edir. İndi gəlin düşünək ki, bütün bu hadisələr evimizin içində, övladlarımızın yanında baş verir. Necə reaksiya verərdiniz? Təbii ki, həmin qonaqları çölə çıxarmağa çalışar, mümkün olmasa, polisə zəng edərdiniz. Yəni bu rüsvayçılıqların evinizdə baş verməsinə imkan verməz, razı olmazdınız. Mahiyyət etibarilə bu hadisələr hər gün hamımızın evində yaşanır – adıçəkilən verilişlərin sayəsində.
Evimizin “çağırılmayan qonaqlar”ı olan bu verilişlər övladlarımızın gözü önündə mənəvi terror törədir, ictimaiyyətdə at oynadırlar.
Bu gün TikTok-da xüsusən bir qisim yeniyetmə və gənclər arasında müşahidə olunan bayağılığın, iyrənc formada reytinqəqaçma yarışının bünövrəsində həmin verilişlər dayanır. Məlum TikTok “aparıcıları” yuxarıda adıçəkilən TV aparıcılarının xələfləri, yetirmələridir. Bəli, təəssüf ki, o verilişlər artıq bir qrup yeniyetməni zəhərləyib.
Bir məqamı da deyim. Sözügedən aparıcıları danışdırsan, deyəcək, camaat buna baxır, məcburuq belə verilişlər çəkək. Təbii, belə “özünütəmizəçıxarma” əməliyyatı uğursuz cəhddir. Burada “nə əkərsən, onu da biçərsən” tezisi daha keçərlidir.  Məsələn, son illərdə İctimai TV, AzTV, Mədəniyyət TV, ARB 24 kimi kanallarda elmi-mədəni, siyasi-ictimai məzmunlu materiallar yayımlanır və kifayət qədər izləyici toplayır.
Həmin verilişlərdə – “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi”ndə bu və ya digər şəkildə ailə dəyərlərinə dağıdıcı hücumlar müşahidə olunur. Nəzərə alaq ki, ailə dövlətin kiçik modelidir, demək, bu hücumdan həm də dövlətimiz, ölkəmiz zərər görür.
Hazırda Azərbaycan bir dövlət kimi özünün ən şanlı dövrünü yaşayır. Müasir dünyanın ən mürəkkəb münaqişəsi – Qarabağ məsələsi tam və ədalətli şəkildə lehimizə həll edildi. Dünyanın iqtisadi-siyasi xəritəsinin cızıldığı bir məqamda Azərbaycan prosesdə əsas aktorlardan biridir. Bunu qlobal güclərin regionumuza, xüsusən ölkəmizə artan maraq və diqqəti də göstərir. Belə bir vaxtda informasiya, ideya ötürmək gücü olan hər kəs daşıdığı missiyanın nə dərəcədə əhəmiyyətli olduğunun fərqinə varmalıdır.
Şübhə etmirəm ki, həmin aparıcılar da gənclərin mədəni, savadlı, ağıllı yetişməsinin tərəfdarıdırlar. Ancaq sadəcə tərəfdarıdırlar…
Bəzən o kanallarda elmi-intellektual sorğular da keçirilir. Ancaq sən, deyək ki, bir gəncdə Nizami Gəncəvinin aşıladığı mənəvi keyfiyyətləri dağıdırsansa, ondan “Xəmsə” haqqında nəsə soruşmağa ixtiyarın çatmır.
İdeya daşıyıcıları, ötürücüləri cəmiyyəti əsgərin Vətəni qoruduğu kimi qorumalıdırlar. Əks halda bu dəfə beynimiz işğal altına düşəcək. Beyni işğal altına düşən bir toplumun isə gələcəkdə Vətənini qoruması mümkün deyil.
Evimizin “çağırılmamış qonaqlar”ı olan telekanallar, media subyektləri gərək unutmasınlar: Vətən sərhəddən yox, evdən başlayır!

Aqşin Evrən
Globalinfo.azскачать dle 12.1