Bia.Az

Evi dağıldığı üçün qonşuda gecələyən 67 yaşlı qadından ŞİKAYƏT - İsmayıllı İcra Hakimiyyəti cavabında HAQLIDIRMI?

Sosial
 4-10-2022, 10:54     355

BİA.AZ xəbər verir ki, evi qəzalı vəziyyətdə olan 67 yaşlı qadın İsmayıllı Rayon İcra Hakimiyyətindən şikayətçidir. Rayonun Mollaisaqlı kənd sakini 1955-ci il təvəllüdlü İzafət Qorxmaz qızı Bağıyeva Bizim.Media-ya müraciət edərək probleminin ictimailəşməsini istəyib.

Dediyinə görə 3 ildir yaşadığı ev qəzalı vəziyyətdədir. Divarlar ovxalanıb param-parçadır, üst örtüyündə aşsüzən kimi dəliklər olduğuna görə yağan qar və yağış otaqlara dolur, tavan çürüyüb döşəməyə tökülür. Tez-tez ilan və digər zərərli həşəratlar otaqlara doluşur. Bəzən qorxudan evi tərk edərək qonşularda gecələyir.

Şikayətçi qeyd edib ki, dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edib və icra başçısı Nahid Bağırovun qəbulunda olub.

Hətta ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirilib. Amma heç bir nəticəsi olmayıb:

“Olduqca çarəsiz durumdayam. Özüm də xəstəyəm, yüksək təziqlə yaşayıram, eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Yüksək şəkər səbəbilə sağ ayağım işləmir. Həyat yoldaşım 2013-cü ildə vəfat edib. 3 qızım var, onlar da ailəlidir, tək yaşayıram.

Gündəlik təlabatları və müalicəmi qocalıq pensiyası ilə qarşılamağa çalışıram. Başqa heç yerdən maddi gəlirim yoxdur. Heç olmasa yaşadığım evin həyətində kiçik və təhlükəsiz bir daxma tikilməsinə köməklik göstərilsin.

Hazırda yaşadığım və ev adlandırdığım bu yer köhnə tikilidir deyə istismar müddətini başa vurub. Ümid edirəm ki, çarəsizliyimi və kimsəsizliyim nəzərə alınaraq problemim həll olunacaq”, -deyə İzafət Bağıyeva mətbuat vasitəsilə sözügedən rayon icra hakimiyyətindən gileylənib.

DİA.AZ-ın məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdüri Vüsal Abdullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, qurumun daxili imkanları ilə həmin evi yenidən təmir etmək mümkün deyil:

“Şəxsən özüm o qadının yaşadığı evə baxış keçirmişəm. Evlərində kapilyar çatlar var və evin ümumi qəzalı vəziyyətdə olması hələ elan oluna bilmir. Bunu Fövqəladə Hallar Nazirliyi elan etməlidir. Məsələ burasındadır ki, ev illərdir ki, istismar olunur və baxımsız vəziyyətdədir. Fiziki köhnəlmədən o günə düşüb.

Belə bir vəziyyətdə isə xüsusi statusu olmayan insanlara da köməklik etmək olmur. Bir neçə dəfə təklif etdik ki, yalnız Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına müəyyən yardımlar edək. Amma xırda maliyyə ilə onun işlərini görmək mümkün olmayacaq. Yalnız xüsusi sosial proqramlar və ya sərəncamlar olarsa, evi təmir etmək olar. Şəxsən Rayon İcra Hakimiyyətinin ona kömək etmək üçün büdcəsi və fondu yoxdur”.

Vüsal Abdullayev Mənzil Məcəlləsinin 28.1 maddəsini əsas gətirərək vətəndaşın ona məxsus mülkünün qəzalı vəziyyətə düşməməsi üçün evinin vaxtı-vaxtında təmir olunmasını vacib sayıb:

“Hətta ondan asılı olmayan səbəblərdən belə ev qəzalı vəziyyətə düşübsə, onu təmir etmək vəzifəsini daşıyır. Bu tipli insanlar rəhbərə müraciət edir və özümüz də çətinlikdə qalırıq. Doğrudan da bu insana real olaraq köməklik etmək istəyirik. Amma istək eyni zamanda da qanunlara və qaydalara bağlanmalıdır.

Məsələn, hansısa iş adamları və kəndin imkanlıları rayon icra hakimiyyətinə müraciət edir. Biz isə köməyə ehtiyacı olanları onlara yönəldirik. Digər vətəndaşlar isə bundan xəbər tutanda elə bilirlər ki, işi icra hakimiyyəti edir. Yalnız sosial proqramları gözləmək lazımdır”, deyə qurum rəsmisi əlavə edib.
скачать dle 12.1