Bia.Az

Maska tələbi geri qayıdır: - Karantin qadağaları yenidən gündəmdə

Sosial
 18-08-2022, 01:31     92

Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur.

Buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsi ola bilər.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, payız mövsümündə bir çox infeksiyalar aktivləşir.

"Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir.

Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil", - açıqlamada qeyd olunub.

Maraqlıdır, payızda yoluxmalar artarsa, karantin qaydalarında sərtləşdirmələr ola bilərmi? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, yoluxmalar artarsa, önləyici tədbir olaraq məhdudiyyətlərə gedilə bilər:

"Yoluxmaların sayının artmaması üçün çalışmalıyıq. Buna görə də bir sıra qaydalara əməl etməli, peyvəndləmə işlərinə xüsusi önəm verilməliyik. Əgər yoluxma sayı artarsa, bu zaman məhdudiyyətlərə gedilə bilər. Yoluxmaların artdığı zamanda hər zaman önləyici tədbirlərə ehtiyac duyulub".

İnfeksionist Mərdan Əliyev deyib ki, maska məhdudiyyəti yenidən qüvvəyə minə bilər:

"Xəstəxanalar dolarsa, palatalarda yüklənmə olursa, məhdudiyyətlərə gedilir. Bu il də belə bir şey olsa, karantin qaydaları sərtləşdirilə bilər. Amma açığı, artıq koronavirusun əvvəlki qədər təsir gücünə malik olmasını, yüklənmələri gözləmirik. Ona görə də inanmıram ki, böyükmiqyaslı sərtləşdirmələr olsun. Qapalı məkanlarda maska taxılması məcburi ola bilər. Lokal qapanmalar da gözləniləndir.

Həmçinin, peyvənd məsələsi yenidən aktuallaşıb. Bu məsələnin üzərində də ciddi nəzarət olacaq".
скачать dle 12.1