Bia.Az

Daha bir Qarabağ əlili ÖLÜM AYAGINDA: “Əlacım bircə intihara qalıb”

Sosial
 3-08-2022, 14:36     394

Qaynarxett.az-a müraciət edən Kürdəmir rayonu, Karrar kənd sakini, II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu 14 ildir ki, ona məxsus olan torpaq sahəsinin dələduzluqla əlindən alınmasından şikayət edir. O, deyir ki, 2008-ci ildə ağır xəstələndiyi üçün ona verilmiş 80 hektar torpaq sahəsindən istifadə edə bilmir. Hələ 14 il əvvəl kənd bələdiyyə sədri mərhum Xəqani Qəniyev onu yanına çağıraraq xahiş edir ki, istifadəsində olan həmin sahəni onun tanıdığı bir şəxsə müvəqqəti, heç olmasa 1 illik icarəyə versin. Agır xəstə olan Taleh Vahidov bələdiyyə sədri ilə razılaşır və şifahi olaraq bu işə razılıq verir. Heç 1 il keçməmiş bələdiyyə sədri Xəqani Qəniyev vəfat edir.

Müharibə əlili Taleh Vahidov sağaldıqdan sonra yeni seçilmiş bələdiyyə sədri Cabbar Səlimova müraciət edərək ona məxsus olan torpaq sahəsində işləmək istədiyini bildirir. O, isə mənim heç bir etirazım yoxdur, torpaq sənindir, qoy müqavilənin vaxtı bitsin bu işə baxarıq, deyir.


Sonradan Sahib Cəfərov yeni bələdiyyə sədri seçilir. Qarabağ əlili Taleh Vahidov yeni seçilmiş sədr Sahib müəllimin də yanında olur. Əvvəlcədən qeyd edək ki, Sahib müəllimin Talehlə qohumluq əlaqəsi var. Dərdimi ona danışır. Yeni bələdiyyə sədri deyir ki, vəziyyətindən haliyəm. Ancaq indi sənə məxsus olan həmin sahədə taxıl əkilib. Qoy biçin qurtarsın, sənə köməklik göstərəcəyəm. Qarabağ əlili taxıl biçini qurtarandan sonra yenidən Sahib müəllimə müraciət edir. Onun cavabı isə lap qəribə olur. Sahib Cəfərov ona bildirir ki, sənin 80 hektar torpağının yerinə istəsən 180 hektar torpaq sahəsini başqa yerdən verərəm. Sədr elə yeri göstərir ki, oraya kənddən 1 günə qət etmək olar. II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu bildirir ki, bələdiyyə sədri Sahib Cəfərov Karrar kəndinin 2 min hektar torpaq sahəsini kənar şəxslərə satıb. İndi də onun isifafəsində olan 80 hektar torpağıma göz dikib.

Qarabağ əlili bildirir ki, bu barədə şikayət etmədiyi dövlət qurumları qalmayıb. Dəfələrlə Prezident İlham Əliyevə, Mehriban xanıma müraciətlər edib, cavab gəlsə də, lakin heç bir tədbir görülməyib. Kürdəmir Rayon İcra Hakimiyyətinə ayaq döyməkdən, aldanmaqdan, aşağılamaqdan bezib.
Sonda Kürdəmir rayon, Karrar kənd sakini, II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu intihar edəcəyini vurgulayaraq deyir:

“Mən heç kimin gözünə soxmaq istəmirəm ki, Qarabağ müharibəsində əlil olmuşam, bu mənim vətən borcumdur! Ancaq az-çox olsa da cəmiyyətdə haqq-ədalət tərəzisi olmalıdır. Necə olur ki, mənə məxsus torpaq sahəsinə kənddə vəzifəlilərdən başqa heç kimin tanımadığı, heç bizim rayon qeydiyyatında belə olmayan Bakı şəhər sakini qeyri-qanuni sahib olur?. Bildirirəm ki, artıq mən boğaza yığılmışam. Əlacım bircə intihara qalıb. Buradan məmurlara səslənərək, sadəcə bildirmək istəyirəm ki, sizdən qisas almaq üçün bu yolu secirəm. Gec-tez haqq-ədalət öz yerini tutacaq, sizin üçün də dar ağacı qurulacaq. Ya bu dünyada, ya da axirətdə...

Qaynarxett.az olaraq mövzunu diqqət mərkəzində saxlayacagıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1