Bia.Az

Agsuda İcbari tibbi sığorta insanların sağlamlığına etibarlı təminat yaradır

Sosial
 28-03-2022, 04:13     497

Uzun illər ən çox tənqid edilən sahələrdən olan səhiyyə sistemində son vaxtlar nəzərə çarpan müsbət dinamika əhali tərəfindən razılıqla qarşılanır. Sirr deyil ki, bir zamanlar vətəndaşlar müalicə üçün kütləvi şəkildə qonşu ölkələrə üz tuturdular. Amma bütün bunlar artıq keçmişdə qalıb. İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sistemində reallaşan dəyişikliklər keyfiyyətli tibbi xidməti bütün vətəndaşlar üçün əlçatan edib.

O da həqiqətdir ki, ilk vaxtlar bu sahədə həyata keçirilən islahatlar müəyyən müqavimətlə qarşılanırdı. Müəyyən mühafizəkar qüvvələr yeniliklərə qarşı çıxır, icbari tibbi sığortanın gerçəkləşməsini real addım hesab etmirdilər. Lakin qarşıya qoyu­lan məqsədə doğru inamla irəliləyən İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyi İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi peşəkar komanda çoxuna mümkünsüz görünən islahat­ların uğurla icrasında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi.

İcbari tibbi sığortanın tətbiqindən uzun müddət keçməsə də, Azərbaycan artıq öz təcrübəsini for­malaşdırıb. Bütün çətinliklərə baxma­yaraq, səhiyyədə bəlkə də çoxunun inanmadığı, gözləmədiyi şəffaflıq təmin olunub. Beləliklə, dövlətin ali iradəsi və xalqa təmənnasız xidmət istəyi ilə Azərbaycan səhiyyəsində növbəti uğur əldə edilib, xəyal edilən müasirləşmə təsdiqini tapıb. Artıq hər bir vətəndaş ürəklə tibbi xidmətlərdən istifadə edə bilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi­nin kollektivi ona bəslənən ümidləri səmərəli fəaliyyəti ilə doğruldur.
İcbari tibbi sığortanın tətbiqindən sonra Ağsu Rayon Mərkəzi Xəstəxanasında tamamilə yeni bir ab-hava nəzərə çarpır. Bu müalicə müəssisəsinə üz tutan hər kəs ilk andanca qayğı ilə əhatə olunur, yüksək səviyyəli tibbi xidmətlə təmin edilir. Xəstəxanaya üz tutan hər bir xəstə müxtəlif müayinələrdən, labo­rator analizlərdən tamamilə pulsuz yararlanır, sağlamlıqlarına qovuşur. Şəhid ailələrinə, qəhrəman qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır.

Xəstəxanada söhbət etdiyimiz şəhid atası Səxavət müəllim burada çox yüksək səviyyədə qəbul edildiyi­ni, bütün müayinələrdən keçdiyini və peşəkar həkimlər tərəfindən uğurla müalicə olunduğunu, pasiyentlərin qidalanma və müalicə prosedurunun diqqət mərkəzində saxlanıldığını bildirir.

Müəllim işləyən digər bir şəhid anası Nigar xanım da xəstəxanada yaradılan şəraitdən ürəkdolusu da­nışır: “Agsu Rayon Mərkəzi Xəstəxanasında ic­bari tibbi sığortanın yüksək səviyyədə təşkili bura qədəm qoyan ilk andan diqqət çəkir. Nəzərə alsaq ki, təkcə Agsu şəhər sakinlərini deyil, o cümlədən kəndlərdən gələn yüzlərlə xəstəni hər zaman qəbul edən, şəfqət göstərən bu səhiyyə ocağı hazırda tibbi sığorta sis­teminin tətbiqində daha çox fərqlənir, insanlara nümunəvi xidmət göstərir. Şəhid anası kimi mənə göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, həkimlərə təşəkkür edirəm”.
Xəstəxanada qazilərimizə xüsusi diqqət göstərilir, sağlamlıqlarına qovuşmaları üçün bütün zəruri tədbirlər görülür. Elə burada müalicə olunan qazi İmran Nəzərov ilə söhbətimizdə də bunun bir daha şahidi olduq. Qəhrəman qazimiz bildirdi ki, xəstəxana hərtərəfli qayğı ilə əhatə olunub. Müalicə prosesi yüksək səviyyədə həyata keçirilir: “Bəlkə də əvvəllər bunu kimə desəydin, inan­mazdı. Amma indi burada xəstələr üçün yaradılan şərait ölkəmizin səhiyyə sistemində çox böyük bir dəyişikliyin mövcudluğundan xəbər verir. Qazilərimizə olan xüsusi qayğı isə xüsusilə təqdirəlayiqdir."

Yeri gəlmişkən, bu tibb müəssisəsinə Əli Hüseynov rəhbərlik edir. Əli həkimin tələbkarlığı, yüksək məsuliyyəti kollektivdə işgüzar ab-hava yaradıb, xəstəxananı isə bölgənin ən seçilən, nüfuzlu tibb ocaqlarından biri kimi tanıdıb. Burada pasiyentlərə yüksək tibbi xidmətin göstərilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Xəstəxananın əvvəlki vəziyyətinin şahidi olan hər kəs əminliklə deyə bilər ki, bir müddət əvvəl xəstəxanaya müalicə üçün şərait o qədər də əlverişli olmayıb. İcbari Tibbi Sığortanın dəstəyi ilə müasir avadan­lıqlarla təmin edilən şəfa ocağı tam yenilənmiş vəziyyətə gətirilib.

Burada həyata keçirilən son müasirləşmə prosesi ilə bağlı fikrini öyrəndiyimiz professor İlham Həsənov səhiyyə sistemindəki dəyişikliklərin cəmiyyətdə çox böyük razılıq hissi doğurğunu qeyd etdi: “İllərlə vətəndaşlarımız müalicə üçün qon­şu ölkələrə üz tuturdular. Amma son illərdə baş verən müsbət proseslər, xüsusilə icbari tibbi sığortanın tətbiqi insanlarda səhiyyə sisteminə ina­mı artırdı. İndi hər kəs pulsuz tibbi xidmətlərdən istifadə edir. Respub­lika Klinik Xəstəxanasında uğurla tətbiq edilən sığorta sistemi hər kəsin ürəyincədir…“.

Bico kənd orta məktəbin direktoru icbari tibbi sığortanın rayon səhiyyə sistemində mahiyyət etibarilə tamamilə yeni bir mərhələ təşkil etdiyini bildirdi: “Uzun illər müxtəlif islahat paketləri qəbul edilsə də, səhiyyə sistemində şərait heç də ürəkaçan deyildi. Hətta vəziyyət elə bir həddə gəlib çatmışdı ki, insanlar məcburən Bakıya üz tutma­ğa məcbur olurdular. Təbii ki, bu, ilk növbədə, rayon səhiyəsinin imicinə vurulan zərbə idi. Artıq rayon əhalisinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunması üçün böyük işlərin görüldüyünü söyləmək olar. Xüsusilə, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sistemində kök atmış bütün neqativ hallara sarsıdıcı zərbə vurulub. Əvvəllər əhalinin müəyyən qismi lazımi tibbi xidmətlərdən istifadə etmək imkanına malik deyildi. Amma sığorta siste­minin tətbiqindən sonra vətəndaşlar daha geniş səhiyyə xidmətlərindən istifadə edirlər. Ümumiyyətlə, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı reallaşdırmaqdır. Yəni vətəndaşlar cibindən pul xərcləmədən tibbi sığorta vasitəsilə xəstəxanalarda müayinə və müalicə olunurlar. Bu sahədə rayon xəstəxanasında artıq sağlam mühit yaranıb. Həmçinin rayon xəstəxanasının kollektivi də çalışır ki, daha yaxşı xidmət göstərsin, ona tibbi sığorta vasitəsilə daha çox vətəndaş müraciət etsin, müqavilə bağlasın. Belə olduqda, tibb işçilərinin əmək haqları da artır. Eləcə də, xəstəxana öz maddi-texniki ba­zasını gücləndirir. Nəzərə alsaq ki, icbari tibbi sığorta hələ rayonda yenidir, bu baxımdan bir sıra çətinliklərin olması təbiidir. Bu gün qarşılaşılan və həlli müşkül görünən problemlərin də aradan qaldırılacağına inanırıq”.

Xəstəxananın direktoru Əli Hüseynov isə söhbət zamanı icbari tibbi sığor­tanın tətbiqinin səhiyyə sisteminin inkişafına stimul verəcəyini söylədi: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sis­teminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edib. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanları artıb və sahənin maliyyə potensialı da getdikcə güclənir. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edir. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadə üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini gerçəkləşdirməklə həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərir”.

Əli Hüseynovun sözlərinə görə, ümumiyyətlə, icbari tibbi sı­ğortaya keçid ölkədə ən çətin və ağır islahatlardan biri kimi səciyyələndirilir. Bununla belə, müəyyən çətinliklərə baxmayaraq, proses rayonda uğurla həyata keçirilib.

BİA.AZ














скачать dle 12.1