Bia.Az

HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞLA BAĞLI YENİLİK... - Səfərbərlik Xidməti və DİM açıqlama yaydı

Sosial
 14-03-2022, 14:28     338

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini rəhbər tutmaqla vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 yaşı bu il mayın 1-dən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb.

Ali məktəblərə sənəd qəbulu zamanı qeyd olunan kateqoriyadan olan vətəndaşların hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid elektron informasiya sisteminə heç bir sorğu edilmədən “Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.



Dövlət İmtahan Mərkəzi də hərbi xidmətdən möhlət hüququ verilən abituriyentlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “2022/2023-cü tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün müraciət edən Azərbaycanın kişi cinsli vətəndaşlarının hərbi vəzifə ilə bağlı öhdəlikləri barədə məlumatların verilməsi Qaydası”nda müəyyən dəyişiklik edib.

Dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, yeni qaydalara görə artıq 18 yaşı 30 aprel 2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin oğlan abituriyentləri ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq edə bilərlər.

Ərizə qəbulu ilə bağlı qaydalar ümumi olaraq aşağıdakı kimidir:

1987-2004-cü il təvəllüdlü (01.05.2004-cü il tarixədək anadan olmuş) kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, yuxarıda qeyd olunduğu kimi 30 aprel 2004-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş abituriyentlərin elektron ərizələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.скачать dle 12.1