Bia.Az

Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO

Sosial
 2-08-2021, 13:45     263

Toy edənlərə “toy” tutan şadlıq evləri

İyulun 1-dən qaydalara riayət etməklə, kütləvi şənliklərə rəsmi şəkildə icazə verilib. Məhz həmin gündən şadlıq sarayları, restoranlarda yer tapmaq mümkün deyil. Hər kəs bir ildən çoxdur ki, gözlədiyi toy həsrətinə qovuşmağa can atır. Hətta pandemiya dövründə evlənənlər, övlad sahibi olanlar belə yenidən toy edirlər. Lakin qiymətlər nə toy sahibini sevindirir, nə də qonaqları...Toy sahibləri şadlıq saraylarında bahalıqdan şikayətlənir, dəvətlilər isə toy çoxluğundan. Çünki toy etməyə çalışanlar restoran sahiblərinin oxuduğu qiymət qarşısında şok keçirir və toya çağırılan şəxslər də indidən yüksək qiymətli stola görə nə qədər nəmər yazdıracağını düşünür. Hətta bir ayda yeddi toya çağırılıb deyə, toyların qadağan olunmasını tələb edənlər də var. Bəs bahalaşmanı şərtləndirən amillər nələrdir?

Mövzuyla bağlı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik:

“Restoranlarda yer yoxdur”

Qiymətlərlə maraqlanmaq üçün şəhərin məşhur məkanları ilə əlaqə saxladıq. Demək olar ki, əksəriyyətində ayın bütün günləri üçün yerlər tutulub. Qarşıdan Məhərrəmlik ayı gəldiyi üçün insanlar xeyir işlərini gözlətmək istəmirlər. Növbəti sərt karantinin olacağından və toyların yenidən qadağan olunmasından da çəkinirlər.

Qurban gedən vətəndaş...

Şadlıq saraylarında qiymətlər 60 manatdan 250 manata qədər dəyişir. Məsələn, pandemiyadan öncə Günelin toyuna Rəhman 50 manat nəmər atmışdısa, pandemiya dövründə toy edən Rəhmana Günel 50 manat nəmər verərsə, toy sahibi ziyana gedir. Günel məcburdur ki, Rəhmanın toyuna artıq pul atsın. Axı tək restoranlar deyil, Günel kimi sadə xalq da pandemiyadan zərər çəkib. Günelin cibinə girməklə, məsələni həll etmək ədalətli deyil. Çünki onun da vəziyyəti buna imkan vermir. Rəhmanın dəvətnaməsi kimi beş dəvətnamə hələ də onu gözləyir. Adlar şərti olsa da, Günel və Rəhmanın timsalında hazırda əksəriyyətimiz eyni vəziyyətdədir. Əvvəllər stollar 20-25 manatdan başlayırdı. 30-40 manatlıq stolla qonaqları normal səviyyədə yola salmaq mümkün idi. İndi bu, mümkün deyil. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub. İl yarımdır ki, pandemiyadan zərər çəkən restoranlar bunun acısını vətəndaşdan çıxarırlar. Vətəndaş da övladının arzusunu yerinə yetirmək üçün bu qiymətlərlə razılaşır.

“Kiçik zalla böyük zalın qiyməti eynidir”

Əksər rayonlarda şadlıq sarayı qiymətləri stul sayına görə hesablamır. Toy keçirilən məkan icarəyə verilir, toy edən şəxs ərzağını özü tənzimləyir. Məkanların ölçüsünə, tutumuna, məşhurluğuna görə qiymətləri dəyişir. Məsələn, 600-700 nəfərlik zallar minimum 800-1000 manata icarəyə verilir. Nişan, xına üçün nəzərdə tutulan nisbətən kiçik zallar isə 200-400 manat arasında dəyişir. Lakin pandemiyadan sonra rayonlarda da toylar “od qiyməti”nədir. Restoran icarəyə götürənlər də qiymət artımından şikayətlənir. Qonaq sayı maksimum 150 nəfər olduğu üçün toy edən kiçik zalı icarəyə götürmək istəyir. Lakin kiçik zalın qiyməti böyük zalla eynidir.

Bu problem yalnız toylarla bağlı deyil. Ümumiyyətlə, bütün ictimai iaşə obyektlərində “cib yandıran” qiymətlər mövcuddur.

“Qida məhsulları bahalaşıb”

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, hazırda ictimai iaşə obyektlərində qiymət artımının əsas səbəblərindən biri qida məhsullarının bahalaşmasıdır:

“İlin əvvəlindən başlayaraq kommunal və yanacaq qiymətlərinin artımının şahidi olduq. Bu zaman ərzaq, xidmət sahələrinin və digər qiymətlərin artacağını söyləyirdik. Bunun ardından marketlərdə, bazarlarda qiymət artımlarını müşahidə etməyə başladıq. Bəzən bunu işbazların adına yazsalar da, əslində bu, təbii prosesdir. Belə vəziyyətlərdən sonra qiymətlərin artması gözlənilən idi. Ən bəsit bir nümunə deyim ki, kənd təsərrüfatı məhsulunun maya dəyərinin formalaşmasında yanacaq qiymətlərinin xüsusi çəkisi çox böyükdür. Hazırda ictimai iaşə obyektlərində, şadlıq saraylarında “cib yandıran” qiymətlərin əsas səbəblərindən biri qida məhsullarının bahalaşması, ümumi isə adi inflyasiya meyllərinin artmasıdır. Digər səbəb isə restoran xidmətlərində müəyyən peşəkar işçilərin maaşlarında da artımın olmasıdır. Peşəkar əməkdaşlar əvvəlki maaşla çalışmağa razılaşmırlar”.

İştirakçı məhdudiyyəti və xərclər

Ekspert vurğulayır ki, hazırda şadlıq evlərindəki vəziyyət çox acınacaqlıdır: "Toylarda qoyulmuş iştirakçı məhdudiyyəti adambaşına düşən xərci artırmış olur. Belə ki, şadlıq saraylarının dəyişməyən xərcləri var ki, bunlar toya dəvət edilənlərin sayından asılı olmayaraq mütləq sərf edilən xərcdir. Bu, adi qaydadır ki, dəyişməyən xərclər də, digər xərclər kimi iştirakçılar arasında, yəni hər masa üzrə bölünür və üzərinə dəyişən xərclər gələrək bir masanın qiyməti formalaşır. Odur ki, iştirakçı məhdudiyyətləri olduğuna görə, şadlıq evlərində qiymət artımları qaçılmazdır”.

Restoranların qiymət diktəsi...

Ekspert hesab edir ki, hazırda restoranların qiymət diktəsi üçün əla fürsət yaranıb: “Bu amil isə tələbatın kəskin artması deməkdir. Yəni müştəri bolluğunun inanılmaz dərəcədə yüksəlməsi restoranlarda böyük sıxlıq yaratmış oldu. Hansı restorana baxsaq, bunu müşahidə edə bilərik. Hətta şəhərkənarı restoranlarda, dənizkənarı ictimai iaşə obyektlərində maşın saxlamağa yer yoxdur. Belə olan halda, yəni tələbatın kəskin artması fonunda qiymətlər restoranlar tərəfindən daha da artırıldı. Sual oluna bilər ki, niyə müştəri sayı birdən-birə bu qədər artdı? Cavab çox sadədir. Bir il yarımdan çoxdur ki, insanlar restoranların arzusu ilə yaşayırdılar, toy edə bilmirdilər, dostlarla, qohumlarla normal vaxt keçirə, ailəvi istirahət məkanlarına üz tuta bilmirdilər. Hazırda bu cür fürsət yaranıb, üstəlik, bu, məhz insanların məzuniyyət götürdüyü, istirahət mövsümünün aktivləşdiyi bir məqama təsadüf edir. Ona görə də restoranlarda bu qədər müştəri sıxlığı və toylarda qiymət artımı müşahidə edilir”.

“İqtisadiyyatın ruhuna ziddir”

Bunun qarşısını almaq məsələsinə gəldikdə, ekspert vurğulayır ki, qarşısını sərt qadağalar, qiymət diktəsi, birbaşa müdaxilələrlə almaq olar: “Amma bu, iqtisadiyyatın ruhuna ziddir. Həmin addımların atılacağı təqdirdə qısamüddətli nəyəsə nail olmaq mümkün olsa da, qərarlar uzunmüddətli dövr üçün faydasız olacaq. Hazırda ictimai iaşə obyektləri – kafelər, restoranlar bir-iki nəfərin əlində deyil ki, bunu inhisarçı yanaşma və ya sui-istifadə ilə əlaqələndirək. Saysız-hesabsız təsərrüfat subyektləri var və onlar rəqabət şəraitində fəaliyyət göstərirlər, müştərilərin minlərlə restoran seçimi var. Belə olan halda restoranlara müdaxilə yanlış addım olardı. Hər müştəri öz büdcəsinə uyğun restoranlar sinfini seçməlidir. Biz hər zaman azad rəqabətli bazar deyirik. Hazırkı ictimai iaşə obyektlərində isə bu mühit var. Onu pozmaq iqtisadi səhv olardı”.

скачать dle 12.1