Bia.Az

Jurnalistlərin binası nazirliyə verilir?

Sosial
 1-08-2021, 12:18     237

Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan şosesində jurnalistlər üçün tikilmiş üçüncü binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verilməsi ehtimalı var.

Bünövrəsi 2017-ci il iyulun 20-də qoyulmuş, tikintisi yekunlaşmış bina 255 mənzillidir.
Ərazidə 156 mənzilli ilk bina 2013-cü ildə, 255 mənzilli ikinci bina 2017-ci ildə media işçilərinə təqdim olunub, mənzillər jurnalistlərə pulsuz verilib. Hər iki yaşayış binası, eləcə də üçüncü bina prezident sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib.
Binaların tikintisinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məsul olub. Bu fond 2009-cu il aprelin 3-də yaradılıb. O vaxtdan qurumun icraçı direktoru postunda Vüqar Səfərli çalışıb.
2020-ci il aprelin 4-də prezident İlham Əliyev Vüqar Səfərlini icraçı direktor vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.
2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılıb. Bu quruma da Əhməd İsmayılov icraçı direktor təyin edilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2020-ci ilin iyun ayında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı cinayət işi qaldırıb. 2021-ci ilin yanvarında Vüqar Səfərli həbs edilib. Ona və başqa bir neçə şəxsə irəli sürülən ittihamların biri də mətbuat işçilərinə yaşayış evlərinin tikintisi üçün 2013-2019-cu illərdə dövlətdən ayrılmış vəsaitin bir hissəsinin mənimsənməsidir.
Cinayət işinə 2021-ci il iyulun 23-dən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
2021-ci il iyulun 24-də bir qrup media və QHT nümayəndəsi prezident İlham Əliyevə müraciət ünvanlayaraq paytaxtın Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş üçüncü binadakı mənzillərin şəhid ailələrinə, 2020-ci ilin Vətən müharibəsindəki qələbədə xidmətləri olan hərbi qulluqçulara və qazilərə verilməsini istəyib.
Novator.az-ın əldə etdiyi məlumata görə, elə həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri jurnalistlər üçün tikilmiş üçüncü binaya baxış keçiriblər. Şəhid ailələri, müharibə veteranları və hərbi qulluqçuların mənzillə təminatı işinə bu nazirlik məsuldur.
İyulun 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Musavat.com-a açıqlamasında nazirlik nümayəndələrinin jurnalistlər üçün tikilmiş üçüncü binaya baxış keçirdiyini təkzib edibскачать dle 12.1