Bia.Az

Qadınlar: parlamentdə və…

Sosial
 7-03-2021, 17:06     358

 Azərbaycan parlamentində təmsilçilik statistikasına nəzər salaq.

1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan Azərbaycanda altı parlament seçkisi keçirilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, 1995-ci ildə formalaşan ilk Milli Məclisə üzvlərin 12,1 faizi qədər (15 nəfər) qadın seçilib.
2000-ci ildə seçilən parlamentdə qadınların təmsilçiliyi 10,7 faiz (13 nəfər) olub.
2005-ci ilin seçkisində göstərici 11,2 faizə (14 nəfərə), 2010-cu ilin seçkisində 16 faizə (20 nəfərə), 2015-ci ilin seçkisində 16,8 faizə (21 nəfərə) yüksəlib.
2020-ci ilin parlament seçkisində mandat alanların 18,2 faizi (22 nəfəri) qadındır.
Azərbaycanda ən yüksək vəzifəli qadın birinci vitse-prezident Mehriban Əliyevadır.
Sahibə Qafarova Milli Məclisin sədridir.
Nazirlər Kabineti üzvləri arasında bir qadın var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova.
Prezident Administrasiyasında iki yüksək post qadınlara tapşırılıb: Cəmilə Abbasova dövlət başçısının köməkçisi, Fərəh Əliyeva humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.
Konstitusiya Məhkəməsinin doqquz hakimindən ikisi qadındır: Sona Salmanova (sədr müavini postunu tutur) və Humay Əfəndiyeva.
Ali Məhkəmənin 6 hakimi qadındır. Onların biri (Kəmalə Abiyeva) Kommersiya Kollegiyasının sədridir.
Dövlət İmtahan Mərkəzinə (Məleykə Abbaszadə) və Dövlət Tərcümə Mərkəzinə (Afaq Məsud (Vəliyeva) qadınlar rəhbərlik edir.
Ombudsman postunda da qadın çalışır: Səbinə Əliyeva.
Ölkədə yalnız bir qadın yerli icra qurumuna rəhbərlik edir: İradə Gülməmmədova. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır.
İki qadın rayon prokurorudur: Səadət Rüstəmova Qobustana, Lalə Hüseynova Zəngilana prokurorluq edir.
Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin əvvəlinə Azərbaycan əhalisinin 50,1 faizini qadınlar təşkil edib, ötən il doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb: “Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin üçdə ikisi qadınlardır.
Ümumi təhsil müəssisələrində təhsil alanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,9 faizi qızlardır.
Elmi işçilərin 58,1 faizi qadınlardır. Onların 7-si Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 10-u müxbir üzvüdür.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında 21,3 faizdir”.
Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.Novator.az

BİA.AZ
скачать dle 12.1