Bia.Az

Jurnalist təşkilatları virusdan vəfat edən jurnalistlərin ailələri ilə maraqlanmır - AKTUAL

Sosial
 22-12-2020, 12:51     163

Ötən ilin mart ayından sürətlə yayılan koronavirus infeksiyası neçə-neçə canlar aldı. Virusun ölkəmizdə tüğyan etdiyi ilk vaxtlarda AzTV-nin əməkdaşı Samir Nəcəfzadənin ölüm xəbəri gəldi. Sonra AzTV-nin daha bir əməkdaşı Etibar Babayev də koronavirusdan vəfat etdi. İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru Əmrah Fəqanoğlu da bu virusun qurbanı oldu. Bir neçə gün öncə isə amansız virus 37 yaşlı jurnalist Rəşad Süleymanovun həyatına son qoydu.

Bəs görəsən, vəfat edən jurnalistlərin ailələri ilə maraqlanan varmı? Mərhum jurnalistlərin ailələri diqqətdə saxlanılırmı?

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mövzu ilə bağlı fikirlərini bildirdi: "Koronavirus pandemiyası başlayandan jurnalistlərin durumu ilə bağlı sistemli şəkildə hesabatlar hazırlayan, açıqlama verən, bununla bağlı təkliflər verən yeganə təşkilat Jurnalistlərin Həmkarlar İttifaqı və Mətbuat Şurasıdır. Biz bununla bağlı hər ay hesabatlar yaymışıq. Həm Azərbaycanda, həm də dünyada nə qədər jurnalist virusa yoluxub, o haqda hesabatlar vermişik.

Sistemli şəkildə monitorinq aparırıq. Televiziyalarda açıqlamalarımız olur. Jurnalistlər həm də virusa daha çox yoluxan təbəqə sayılır. Bunun səbəbi jurnalistlərin ön cərgədə olmasıdır. İnsanlarla təmasda olduqlarına görə yoluxma riskləri də yüksəkdir. Biz bununla bağlı məlumat verir, açıqlamalar yayırıq".

M.Ələsgərli onu da deyib ki, son günlər koronavirusa yoluxan jurnalistlərin sayında kəskin artım var: “Yoluxmanın ilk aylarında bizim belə bir işimiz var idi ki, siyahı tərtib edib, Mətbuat Şurasının sədrinə təhvil verirdik. O da müalicə alan jurnalistlərə zəng vururdu, onların vəziyyəti ilə maraqlanırdı. Bundan əlavə, bir müddət jurnalistlərin yerləşdirilməsi ilə bağlı problem yaranmışdı. Orada da MŞ kimlər ki, müraciət etmişdi onların yerləşdirilməsində kömək etdi. Hazırda monitorinq, metodoloji işimizi davam etdiririk. Amma son günlər yoluxanların sayı həddindən artıq çoxalıb. Ona görə hamı ilə əlaqə saxlamaq müşkül olub. Bir-bir zəng vurub əlaqə saxlamaq problemdir. Rəhmətə gedən jurnalistlərlə bağlı MŞ sədri Əflatun Amaşov nekroloq, materiallar yazır. Onların əməyi qiymətləndirilir. Bundan başqa, hər hansı fəaliyyət barədə, açığı, məlumatım yoxdur”.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı isə hazırda jurnalistlərin diqqətdən kənarda qalmasını Azərbaycanda jurnalist təşkilatları institutunun formalaşmaması ilə əlaqələndirdi: “Bu səbəbdən də inanmıram ki, hansısa jurnalist təşkilatı rəhmətə gedən jurnalist ailəsi ilə maraqlansın. Biz hələ o sualın cavabını verə bilmərik ki, Azərbaycanda neçə jurnalist təşkilatı var, hansı şəkildə fəaliyyət göstərirlər. Soruşsan, o təşkilat bəlkə də 10 nəfər üzvünü göstərə bilməyəcək. Təbii ki, hər bir jurnalist təşkilatı borcludur ki, koronavirusdan vəfat edən jurnalistlərimizin ailəsi ilə maraqlansın. Pandemiyanın imkan verdiyi şərtlərə uyğun olaraq telefonla, onlayn danışa bilərlər. Onların qarşılaşdığı problemin həllinə dəstək ola bilərlər. Mən hesab edirəm ki, yalnız dünyasını dəyişənlərlə bağlı deyil, koronavirusa yoluxan jurnalistlərə də dəstək olmaq lazımdır. Amma pandemiya buna imkan vermir. Eyni zamanda bizdə güclü jurnalist təşkilatı da yoxdur. Bizim təşkilata gəlincə, daha çox başımız müharibə mövzusuna, xaricdən jurnalistlərin Azərbaycana gətirilməsinə, xarici mətbuatda yazıların dərc edilməsinə qarışmışdı. Amma bu ona əsas vermir ki, dünyasını dəyişmiş jurnalistlərin ailəsi ilə maraqlanmayaq. Dostumuz Rəşad Süleymanovun ölümü hamımızı göynətdi. O qədər gözəl bir insan idi ki, onun ölümünü heç birimiz qəbul edə bilmirik. Vacib bir mövzuya toxunmusuz, bizim təşkilat da daxil olmaqla, bütün təşkilatlar onların ailələri ilə maraqlanmalıyıq. Bizim təşkilat maraqlanmayıb, bəlkə də bizim qəbahətimizdir. Biz mütləq bu məsələ ilə məşğul olacağıq. Bilirsiniz, koronaviris həm də insanları fərdləşdirir, bir-birindən ayırır. Görüşə bilmirsən, insanlar öz doğmalarının dəfnində, yas mərasimində iştirak edə bilmirlər. Lənətlənmiş virus yoxa çıxmayana qədər problemlər çox olacaq”.
“Yeni Müsavat”
скачать dle 12.1