Bia.Az

Ey kafedə qab yuyan, ana dili müəlliməm mənim...

Sosial
 28-07-2025, 02:55     994

SƏSSİZ SƏSLƏR

    Poetik sosial silsilə

I. Günahın nə?

Ey qaranlıq düşəndə

zibil qutusuna qaçan qara şallı qadın

Əllərin öyrəşib paslı metalın dilinə,
gözlərin yorulub “görməyən” baxışlardan.
Adını soruşan yox,
çünki “sənin adın yoxdu” deyiblər.
Sən bu şəhərin vicdanını qarışdıran
səssizcə yaşayan təmizliyisən...

II. Bu sükutun ortasında sən danışırdın əslində

Ey metro çıxışında

əl uzadıb

dilənən ağbirçək ana

Sənin əlin pulla dolmur,
gözlə dolur.
Sənin “Nə var, bala?” deməyin —
Bizim şəhərin cavabsız sualıdır.
Külək paltarını qaldıranda —
qürurun yerə düşür.

III. Kaş sualları qiymətləndirməyi öyrədəydilər

Ey diplomunu divardan asıb

marketdə kassada işləyən gənc

Testləri keçdin,
amma həyatı yox.
Sənin biliklərin doludur,
sadəcə yerin boşdur.
Sənin “xoş gününüz olsun” deyin,
özünə aid deyil.
Əslində xoş günün olmur sənin —
yalnız növbələr keçir üzərindən.

IV. Sözünlə bacarmadılar...

Ey şəhərin ortasında

səssizcə ölən gənc şair

Şeirlərin ritm tutmadı reytinqlə.
Sözlərin çox idi —
ona görə səni azaldıb susturdular.
İndi sən yoxsan.
Və bu yoxluq
bir şəhərin qaranlıq kitabçasıdır.

V. Vətən harda bitir?

Ey torpaq üstə can verib,

indi kirayədə qalan qazi

Sən döndün.
Səni qarşılamadılar.
Medal ağırdı,
amma kirayə daha ağır.
Sənin susmağın —
bir növ barış deyil,
dərin bir döyüşün davamıdır.

VI. Neçə küçə dəyişsən də...

Ey kənddən şəhərə köçüb,

şəhərin kölgəsində itən qadın

Pəncərəyə çıxmırsan,
çünki şəhər səni tanımır.
Kəndin içində qaldın —
qayğı, utancaqlıq və qürur.
Sən şəhərə gəlmədin əslində,
səni şəhər əzdi,
və sənin sükutun qalxıb divar oldu.

VII. Dərslikdə qaldı həyatın

Ey kafedə qab yuyan

ana dili müəlliməm mənim

Ədəbiyyat öyrətdin —
amma ədəbiyyat səni unutdu.
Məcnun, Leyli, Vətən, Ana —
hamısı dərs idi.
Amma sən indi
çay stəkanını yuyanda
öz səsini təmizləyirsən.

VIII. Sən yoxluqla böyümüsən...

Ey atasız və

atasızlığını adi sayan uşaq

Sual veriləndə susursan,
çünki cavab heç vaxt öyrədilməyib sənə.
“Sən kişi olmalısan” deyiblər —
amma nə ata var,
nə kişi olmaq nədi, onu izah edən.
Sən bir boşluğun içində kişi kimi dayanırsan —
susaraq.

IX. Sən uşaq deyilsən...

Ey dayanacaqda maşın təkərlərini 

“ağartmaq” üçün

mücadilə aparan

bir əlcə uşaq

Süngərlə şüşə silmirsən —
şəhərin üzünü silirsən.
Amma şəhər geri dumanlanır.
Sənə baxanlar var —
amma görən yoxdur.
Buz əllərinlə pul yox,
dirilik yığmağa çalışırsan —
bir az yemək,
bir az ümid.

SONDA

Bu səslər səssizdir deyə… sən də susma!

Onlar danışmır —
çünki danışmaq haqqı yoxdu.
Onlar baxmır —
çünki baxmaq göz tələb edir,
amma şəhər gözünü yumur.
Onlar bir-birindən fərqli,
amma bir ümumi dildə səssizdirlər.

Bu silsilə
sadəcə şeir deyil.
Bu —
unutduğumuz insanlığa qaytarılmış səsdir.

Və indi sən, oxucu,
sonda tək deyilsən:
Onları görmüsən.
İndi nə edəcəksən?


Ədalət Qarabulud.скачать dle 12.1