Məşhur həkimin əməliyyatı mübahisə yaratdı – Deputat və vəkildən açıqlama

Tanınmış oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi pasiyent – Humay Əliyeva sol gözünün görmə qabiliyyətini itirdiyini iddia edir. Zərərçəkmiş bu barədə “Qafqazinfo”ya açıqlama verib.
Onun sözlərinə görə, “Caspian Hospital”da həkim Cahid Şahbazov tərəfindən aparılan müayinə zamanı yanlış diaqnoz qoyulub və nəticədə uğursuz əməliyyat baş verib.
Sitat: “Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun qoyduğu xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb”.
Onun açıqlaması cəmiyyətdə ciddi rezonansa səbəb olub. Sosial şəbəkələrdə, müxtəlif platformalarda istifadəçilər, eləcə də bir sıra tanınmış simalar və ekspertlər televiziya kanallarında tez-tez reklam olunan həkimlərə qarşı ehtiyatlı olmağa çağırıblar.
Bəzi vətəndaşlar bu kimi hallara görə televiziya aparıcılarının həkimlər barədə yetərli araşdırma aparılmadan efirə çıxarılmasını tənqid edirlər.
Hətta baş verən bədbəxt hadisələrdə onların da payının olduğunu bildirirlər.
Globalinfo.az-a danışan deputat Siyavuş Novruzovun sözlərinə görə, televiziyalar həkimlərin reklam məsələsini qanunvericiliyin tələbinə uyğun nizamlamalıdır.
O bildirib ki, hər kəsin bir yolu var və hər kəs öz yolu ilə gedir:
“Allah hər kəsin işini avand etsin. Efirdə reklam olunan həkimə müraciət edən şəxslərin özlərində də günah var. Bilirsiniz, dövlət kifayət qədər xəstəxanalar yaradıb. Ölkə başçımızın dövründə 700-dən artıq diaqnostika mərkəzi və xəstəxana tikilib, ən müasir avadanlıqla təmin olunub. Orada əksər həkimlər də işinin peşəkarıdır. Vətəndaşlara istər regionlarda, istərsə də paytaxtda pulsuz müayinədən keçmək imkanları yaradılıb. Bunlar olduğu halda, niyə reklam olunan həkimə müraciət edirlər, bilmirəm”.
Siyavuş Novruzov
Deputat deyib ki, pandemiya dövründə də yeni hospitallar açılıb:
“Yeni hospitallar ona görə yaradıldı ki, bir dənə də olsun Azərbaycan vətəndaşı kənarda qalmasın, müalicə ilə təmin olunsun. Yəni dövlət bizim üçün bu addımları atır. Vətəndaş istənilən xəstəxanaya gedə bilər. Hətta 300-ə qədər xəstəliyin müalicəsi tibbi sığorta ilə həyata keçirilir. Günah televiziyada reklama aldanıb gedənlərin özlərindədir. Aparıcılara bununla bağlı xəbərdarlıqlar olunmalıdır”.
Cahid Şahbazovun vəkili Asim Abbasov iddiaların əsassız olduğunu bildirib:
“Humay Əliyevanın Cahid Şahbazov tərəfindən yanlış diaqnoz əsasında əməliyyat edildiyini və nəticədə sol gözünün kor olduğunu iddia etməsi tamamilə yalan və böhtan xarakterlidir. Şəxsin verdiyi açıqlamalar əsassız olmaqla yanaşı, həkimin işgüzar nüfuzuna qəsd məqsədi daşıyır və ictimaiyyətdə yanlış fikir formalaşdırmaq üçün düşünülmüş şəkildə yayılır”.
Asim Abbasov
Asim Abbasovun sözlərinə görə, Humay Əliyevanın məqsədi saxta iddialar vasitəsilə həkimdən pul əldə etməkdir:
“Onun istinad etdiyi heç bir tibbi sənəd və ya ekspert rəyilə bu iddialar təsdiq olunmur. Bu cür yalan məlumatlar ictimai rəyi çaşdırmaqla bərabər, tanınmış bir həkimin illərlə formalaşdırdığı nüfuza ciddi zərbə vurur. Humay Əliyevanın bilərəkdən yaydığı yalan və böhtan xarakterli məlumatlara görə onun barəsində hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunub artıq”.