Bia.Az

Bakıda yayılan kəskin qoxu: Qurumlar dəqiq söz demir, ekspertlər isə…

Sosial
 2-11-2024, 15:35     480

Bakının bəzi ərazilərində, əsasən də Sabunçu rayonu Zabrat qəsəbəsində, Koroğlu istiqaməti, Xətai rayonu Həzi Aslanov, Əhmədli qəsəbələrində və ora yaxın yerlərdə bir neçə gündür ki, xoşagəlməz qoxu var. Bu isə insanların haqlı narahatlığına səbəb olur. Çoxları bunun qaz və ya yanacaqla əlaqəli olduğunu düşünür. Əslində nə baş verir?

Globalinfo.az-a danışan ekoloq Telman Zeynalov deyib ki, yaranan qoxu səbəbindən narahat olmağa gərək yoxdur.

O, bu qoxunun zərərsiz olduğunu bildirib:

“Yaranan pis iy tullantılarla əlaqədardır. Bilirsiniz, COP29 tullantılara həsr olunmuş bir tədbirdir. Nə qədər əhali varsa, az qala hamısı əllərində olan zibili küçəyə atırlar. Onlar da çürüyür və metan qazı yaradır. Metan qazı da qalxan zaman həm ərazidə temperaturun artmasına səbəb olur, həm də xoşagəlməz qoxu yayılır. Başqa səbəb axtarmayaq. Burada təhlükə yaradan heç nə yoxdur. COP29-un keçirilmə səbəbi də odur ki, ölkəmiz tullantısız məkana çevirilsin”.


Telman Zeynalov

Xatırladaq ki, Bakı şəhərində bu cür qoxu daha əvvəl də yayılıb. Həmin dövrdə aidiyyəti qurumlar xoşagəlməz qoxunun Xətai rayonu 8 Noyabr prospekti yaxınlığında yerləşən Neftbazanın anbarında aparılan təmizlik işləri səbəbi ilə yarandığını açıqlayıb. Sonuncu yayılan qoxunun isə Heydər Əliyev adına Neft Emalı Zavodunda bəzi işlərin aparılması ilə əlaqədar olduğu bildirilir.

İstənilən halda, rəsmi qurumların bu məsələyə aydınlıq gətirməsi vacibdir. Çünki burada söhbət vətəndaşların sağlamlığından gedir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Axar.az-a bununla bağlı hər hansı şikayət qeydə alınmadığını bildirib.

Sitat: “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkədə qüvvədə olan qanunvericiliyə və normativ texniki qaydalara əsasən yerüstü qaz kəmərlərinə hər rübdə bir dəfədən az olmayaraq texniki baxış keçirilir. Həmçinin də istismar müddətindən asılı olaraq, ayda bir dəfədən az olmayaraq, yeraltı qaz kəmərlərinə xüsusi qaz analizatorları vasitəsi ilə texniki baxış keçirilir. Qaz sızmaları aşkar olunarsa, dərhal qazsızmaların aradan qaldırılması təmin edilir.

Eldəniz Vəliyev

“Azərqaz” İB-nin balansında olan qaz kəmərlərindən şəhərdə böyük bir qaz qoxusunun gəlməsinə səbəb olacaq sızmaların olması texniki cəhətdən qeyri-mümkündür. Gündəlik yoxlamaların nəticəsində də görürük ki, “Azərqaz” İB-nin balansında olan qaz kəmərlərində genişmiqyaslı hər hansı qaz sızması və yaxud da qəza halı qeydə alınmayıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərinin bəzi ərazilərində yayılan iy-qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradıldığını, hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparıldığını bildirib.
Bizə isə aidiyyəti qurumların cavabını gözləmək qalır…скачать dle 12.1