Bia.Az

Sabunçu sakinlərinin yol PROBLEMİ – Bələdiyyə “köçürüləcəklər” DEYİR

Sosial
 9-04-2024, 11:33     286

Sabunçu qəsəbəsi, Teymur Bünyadov 43 küçəsində yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər.

Bununla bağlı Bizim.Media-ya müraciət edən sakinlər xüsusilə yağışlı havadan sonra yaşadıqları ərazinin bərbad hala düşdüyünü deyirlər.

Vətəndaşlar qeyd edirlər ki, yollardakı çirkab su gölməçələri və palçıq onların hərəkətinə çətinlik törədir, yaşadıqları ev sanki gölün içərisində yerləşir. İllərdir eyni vəziyyətdir, aidiyyəti qurumlar tərəfindən isə heç bir tədbir görülmür.

Şikayətçilərin sözlərinə görə, yağışlı havalardan sonra iflic olunan əraziyə nə taksi, nə də təcili yardım avtomobili daxil ola bilir.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratsaq da, məsələyə münasibət ala bilmədik. Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov isə məlumatlı olduqları problemlə bağlı bunları deyib:

“O küçədə kanalizasiya bərbat vəziyyətdədir. Problem də kanalizasiyadan qaynaqlanır. Əvvəllər orada 50-60 ev var idi, indi təxminən evlərin sayı 200-ə çatıb. Kanalizasiya sistemi artıq o yükü götürmür. Ümumən orada vəziyyət acınacaqlıdır”.

Sözügedən ünvandakı evlərin neft ərazisi olduğunu vurğulayan Bələdiyyə sədri sakinlərin oradan köçürüləcəyini deyib:

“Ora neft ərazisidir. Həmin əraziyə dövlət büdcəsindən kanalizasiya xəttlərinin yenilənməsi nəzərdə tutulmayıb. Neft ərazisi olduğu üçün həmin küçənin sakinlərinin evlərinin köçürülməsi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. 2025-ci ilin sonuna qədər bu proses baş verməlidir. Köçürülmə ilə bağlı sakinlərə də məlumat verilib. Oradakı evlərin hamısı sənədsizdir, özbaşına tikililərdir. Sonra da deyirlər ki, işıq, qaz, kanalizasiya xətti çək...”

Sədr əlavə edib ki, bələdiyyə həmin evlərin tikintisinə müdaxilə etməyib:

“Vətəndaş neft buruğunun üzərində ev tikəndə bilməli idi ki, bu problemlərlə qarşılaşacaq. Bələdiyyənin mülkiyyətində torpaq yoxdur, ona görə də müdaxilə edə bilmərik. İcazəni verən müvafiq qurumdur, bələdiyyə deyil. Dövlət başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı sərəncamı var. Bu məsələlərə diqqət ayrılıb. Həll ediləcəyini düşünürəm”.

Bələdiyyə sədri qeyd edib ki, həmin əraziyə kanalizasiya çəkilsə də, bu, müvəqqəti olacaq:

“Çünki o ərazidə yaşayış nəzərdə tutulmayıb”.
скачать dle 12.1