Bia.Az

Marketlərdə bayramqabağı qiymətlər niyə qalxır? - AKTUAL

Sosial
 13-03-2024, 19:23     445

Ənənəvi olaraq Azərbaycanda hər dəfə bayram ərəfəsində qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.

Ötən il qeydə alınan kəskin inflyasiya və qiymət artımları bu il də həll olunmamış qalır. Məhz bu Novruz bayramı ərəfəsində də qiymətlərin qalxacağı istisna olunmur.
Belə olduğu halda bəs görəsən hər il bayramlardan öncə bazarlarda qiymətlər niyə artır?

Mövzu ilə bağlı bağlı Moderator.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, ölkədə istehlak qiymətləri indeksinin artım sürəti, yəni inflyasiya tempi ciddi şəkildə enib:

"Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 1,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 0,2%, qeyri-qida məhsulları 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 2,7% yüksəlib.

İstehlak qiymətləri indeksi ötən ildən, yəni 2023-cü ildən enməyə başlayıb. Ümumiyyətlə, inflyasiya və bahalaşmaya dair şərhlərimdə həmişə qeyd etmişəm ki, idxaldan asılı vəziyyətdə olduğumuzdan bizdə hər şey daha çox məhz xarici təsirlərdən qaynaqlanır. 2021-2022-ci illərdəki inflyasiya, bahalaşma tendensiyası da bu səbəbdən ortaya çıxmışdı.

Lakin, inflyasiya ilə bağlı vəziyyət hər halda yenə kövrək xarakter daşıyır, yuxarıya və aşağıya doğru təkan verə biləcək risklər əslində bərabər gücə malik olaraq qalır. Məsələn, qarşıdan Bayram günləri gəlir. Hər dəfə bu ərəfədə qiymətlər yüksəlir. Bunu tələbin artması ilə də izah etmək mümkündür. Lakin tam olaraq heç də belə deyil.

Daxili istehlak bazarında inflyasiya və bahalaşma prosesində subyektiv amillərdən doğan təsirlərin də rolu böyükdür və bu, hər zaman özünü göstərib, göstərməkdə də davam edir. Ayrı-ayrı elementlər üzrə süni qiymət artımları amilləri də mövcuddur. Əslində, bir çox bayramlar ərəfəsində qiymətlər ucuzlaşmalıdır. Bizdə isə bu, heç vaxt müşahidə edilməyib. Günah isə ticarət şəbəkələrində və müxtəlif sahibkarlardadır. Çünki qiymət artımı adətən, təklif tələbi ödəmədikdə ortaya çıxmalıdır. Ölkəmizdə daxili istehlak bazarısa təminat baxımından elə bir vəziyyətdədir ki, təklif sarıdan problem yoxdur. Bəs, onda qiymətlər niyə artmalıdır?

Əlbəttə, bu, spekulyasiyadır. İzafi gəlir əldə etmək tamahkarlığııdır. Hesab edirəm ki, bizdə sahibkarların bir çoxunun üfiqi deyil, şaquli olaraq gəlir götürmək istəkləri və hədəfi aradan götürülməlidir. Buna isə görünür, hələ vaxt lazımdır".
скачать dle 12.1