Bia.Az

Qadınlar aliment almaq üçün boşanır? - BU NƏDİ BELƏ?!

Sosial
 10-02-2024, 00:56     213

Boşanmaların sayı hər il daha da artır.

2023-cü ilin yanvar-noyabrında Azərbaycanda 19 min 761 boşanma halı qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,3 % artıb. Belə ki, boşananların sayında 2023-cü ilin oktyabrı müqayisədə 1773 artım halı müşahidə olunub.

Boşanmaların artmasının bir çox səbəbləri irəli sürülür. Xüsusilə də kişilər qadınların boşanmaları aliment almaq üçün vasitə kimi gördüyünü deyir. Lakin qanunvericiliyə əsasən, qadınlar boşanmadan da aliment almaq hüququna malikdirlər.

Psixoloq Gülnar Orucova "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, boşanmağa daha çox qadınlar meyil edir:

"Azərbaycan qanunlarda var ki, boşanmadan aliment ala bilərsən. Aliment almaq üçün boşanmağa gərək yoxdur. Bunu dövlətin qanunları tənzimləyir. Bu cür fikirlərin səsləndiriıməsi absurddur. Hər bir qadın xoşbəxt olmaq istəyir. Ailə quranda da o insanla həyatını davam etdirmək, ana olmaq istəyir.

Analıq da bir missiyadır, arzudur. Bu, o demək deyil ki, boşanmaq üçün ailə qurur. Düzdür, indiki boşanmaların sayına baxanda görürük ki, qadınlar buna daha çox meyillənir. Amma hər bir qadın xoşbəxt olmaq üçün ailə qurur. Yaxşı yerdən kim qaçar?"

Psixoloq qadınların boşanmaq üçün evləndikləri fikrinin absurd olduğunu deyib:

"Qadınlar aliment almaq üçün evlənib boşanmırlar. Kişiıər evlənəndə düşünməlidirlər ki, məsuliyyətli işi öhdəmizə götürürük, bu qadını xoşbəxt etməliyik. Qadın kişidən sevgini, diqqəti, qayğını görməlidir. Bunu görəndə o sevgisini uşaqlara, ətrafına verir. Qadın bu xoşbəxtliyi görmürsə, aqressiya yaranır və bu aqressiyanı ətrafa da yayır".

Psixoloq bəzi kişilərin qəsdən alimentdən yayınmaq üçün müxtəlif yollara əl atdığını deyib:

"Kişilərin bəziləri qəsdən işləmir ki, aliment ödəməsin. Bəziləri işləsə də, əmək haqlarını aşağı yazdırırlar ki, daha az aliment ödəsinlər. Dünyaya övlad gətirmisinizsə, ər-arvad olaraq ayrıla bilərsiniz, amma ata- ana olaraq ayrılmayın. Övladınıza dəstək olun, arxasında dayanın. Amma bəzi qadınlar da boşandıqdan sonra kişiyə aqressiya ilə yanaşır, uşağı göstərməməklə hədələyir. Bəzi kişilər də var ki, aliment ödəsə də, uşaqlarını görə bilmirlər. Yəni hər iki tərəfdə istisnalar var. Amma heç bir qadın aliment almaq üçün boşanmır. Ona görə evlənmir ki, boşansın".

Hüquqşünas, mediator Fərhad Mehdiyev isə düşünür ki, aliment boşanmanı stimullaşdırır:

"Boşanmanın səbəbi başqadır. Boşanmanın səbəbi odur ki, qadın evlilikdə olan gözləntilərini tapmır və boşanmağa qərar verir. Aliment isə boşanmanı stimullaşdırır. Qadın boşanmaq istəyirsə, qanun onun bu qərarını dəstəkləyir. Çox nadir hallarda qarşı tərəf alimentdən imtina edir. Hər bir qadının da bunu etməyə maddi gəliri yoxdur.

Ailədə 3 uşaq varsa, ən azı 500 manat aliment kəsirlər. Halbuki evli olanda o qədər pulu ər yoldaşına vermir. Onun qazancı 500 manatdırsa, yarısını özünə xərcləyir. Uşağa görə 500 manat aliment kəsmək isə o deməkdir ki, kişinin maaşının çox hissəsi aliment ödənişinə gedir".

O bildirib ki, boşanmadan aliment almaq müvəqqətidir:

"Boşanmadan aliment almaq istəyən qadın demək ki, yaxın zamanda boşanacaq. Bunun istisnası yoxdur. Aliment verilir, bir müddət sonra boşanmaya gedilir. Ola bilsin, bəzi xanımlar təzyiq vasitəsi olaraq boşanmadan aliment almaq üçün müraciət edir".

F.Mehdiyevin qeyd edib ki, aliment ödəyən şəxsin özü üçün əlavə xərcliyi qalmır:

"Avropada müəyyən gəlirin altında əmək haqqı alan ataların əvəzinə dövlət aliment ödəyir. Bizdə isə belə bir yanaşma yoxdur. Məhkəmə atanın maaşında yaşayış minimununu saxlamır. 600-700 manat alan şəxsə də 500 manat alimentə kəsilirsə, atanın yaşayışı necə təmin olunur, bilinmir".
скачать dle 12.1