Bia.Az

Kamran Əsədov: Məktəblilərin velosipeddən istifadəsi stimullaşdırılmalıdır

Sosial
 2-01-2024, 19:20     259

"Binə qəsəbəsində yerləşən  müasir dizaynlı məktəbin həyətində velosipedlər qoyulub. Yaxınlaşıb maraqlandım, məlum oldu ki, şagirdlərin əksəriyyəti burada dərsə velosiped ilə gəlir. Çox yaxşı ənənədir. Həm ekoloji, həm sağlamlıq həm də tıxac problemi həll olur". Bu sözləri təhsil eksperti Kamran Əsədov  sosial media hesabında qeyd edib. Ekspert əlavə olaraq təklif edib ki, bu ənənə bütün məktəblərdə tətbiq edilməlidir.

Mehman Quluzadə adlı istifadəçi də ekspertin təklifini dəstəkləyib: "Bəli, çox ağıllı fikir olardı, Kamran müəllim. Təhsil Nazirliyi bu işi bütün məktəblərdə həyata keçirsə sağlam gənclik yetişdirə bilərik".

Xəlil Rzayev isə məsələyə fərqli konteksdən yanaşıb: "Gərək onda valideynlər də özlərinə velosiped alsın. Maddi baxımdan bu sərfəli proses deyil.  Hər evdən  məktəbə 2-3 uşaq gedir, birini də valideynə alsalar, görün hara gedib çıxır. 
Bizim vaxtımızda uşağı məktəbə ona görə valideyn aparardı ki, yolu tanıtdırsın, o da birinci sinifdə. İndi az qalır 9-cu sinif şagirdinin valideyni gətirə.  Düzdür, gözəl fikirdir. Amma reallaşması mümkünsüzdür. 
I səbəb, qız uşaqları istifadə edə bilməyəcək, geyimə görə.  Qış aylarında isə Kənd yerində ağır paltolara görə istər qız, istər oğlan yenə istifadə edə bilməyəcək. 
II səbəb, yol faktoru, yəni qəza olma ehtimalı nəzərə alınanda kimsə icazə verməz, yaxın olan, yol keçməyənlər bəlkə razı olalar, şəhər yerində də bu mümkün deyil.
Bizdə nə sürücü, nə piyada yol mədəniyyətinə tam malikdir deyil,  4 yol, perpendikulyar yolları bizim insanımızın əksəriyyəti diaqonal formada keçir".

Şəhərimizin infrastrukturu, şagirdlərin təhlükəsizliyi baxımından mövzu ilə bağlı fikirlərini "Sherg.az"a izah edən Kamran Əsədov deyib ki, Bakı şəhərində 320 ortaümumtəhsil məktəbində  487 min şagird təhsil alır. Bu isə o deməkdir ki, paytaxtdakı nəqliyyat sıxlığında orta məktəblərin payı böyükdür. Üstəlik bu məktəblərdə 28 minə yaxın da müəllim çalışır: 

"Hər gün ortaümumtəhsil məktəblərinə doğru və oradan geriyə hərəkət edən insanların say kütləsi 500 000 -ə çatır. Hələ ibtidai siniflərin də məktəblərə valideynləri ilə gedib gəldiyini nəzərə alsaq, tıxacların niyə bu qədər çox olmasının səbəbi bəlli olar.
Bundan əlavə şagirdlərimizin fiziki sağlamlıqla bağlı da müəyyən problemləri var. Dərs proqramları da hədsiz ağır olduğu üçün uşaqlar bütün gün oturaq həyat tərzi keçirirlər. Ciddi şəkildə artıq çəkidən əziyyət çəkən şagirdlər var. Şagirdlər arasında görmə qüsurlu inkişafdan geri qalma halları da kifayət qədər çoxalıb. Skolioz xəstəliyindən əziyyət çəkən uşaqların sayında da ildən-ilə artım müşahidə edilir.
Bu tipli halların qarşısının alınması və sayının azalması üçün şagirdlərin fiziki hərəkətdə olması labüddür. Odur ki, şagirdlərin sağlamlığının təşkili, həmçinin də qeyd etdiyim kimi şəhərin nəqliyyat yükünün azalması üçün məktəblilərin velosipeddən istifadəsi stimullaşdırılmalıdır.
Bunun üçün də şagirdlərin məktəblərə  doğru hərəkəti  istiqamətində  təhlükəsiz velosiped zolaqları çəkilməlidir. Bakının mərkəzi küçələrində bu cür zolaqlar artıq çəkilib. Bakıətrafı kəndlərdə nəqliyyatın hərəkəti üçün də yaxşı şərait var. Monitorinq apardığımız Mərdəkan, Buzovna yolu ətrafında velosiped zolaqları çəkilib. Yerdə qalan  küçə və prospektlərdə də bu cür imkanlar yaradılmalıdır.  Bundan əlavə, hər məktəbin həyətində velosipeddən istifadə edə bilən şagirdlər üçün xüsusi nömrələnmiş və qoruyucu velosiped saxlama yerləri olmalıdır.
Binə qəsəbəsində yerləşən 292 saylı məktəbin həyətində məhz bu cür şərait  var idi. 
Mən belə bir mənzərənin Qax rayonunda da şahidi olmuşdum".

Ekspert hesab edir ki, nəqliyyat yollarında  təhlükəsiz  velosiped zolaqları təşkil edilsə və satış mərkəzləri şagirdlər və valideynlər üçün güzəştli şərtlərlə velosiped satsalar bu prosesi reallaşdırmaq olar.
скачать dle 12.1