Benzin qiymətləri ilə bağlı BƏD XƏBƏR - Bu qədər BAHALAŞACAQ
Benzin qiymətləri ilə bağlı BƏD XƏBƏR - Bu qədər BAHALAŞACAQ
Gələn il Azərbaycanda xaricdən idxal olunan benzinin bahalaşacağı gözlənir. Gələn ilin büdcə layihəsinə görə, neft məhsullarının idxalına tətbiq edilən aksizlər üzrə daxilolmalar 42.9 faiz çox nəzərdə tutulub. Bəzi yerli ekspertlər hesab edir ki, aksizlər üzrə daxilolmalar artırsa, bu, ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətlərinin yüksələcəyindən xəbər verir. Sonuncu dəfə Aİ-95 və Aİ-98 benzinində bahalaşma 2022-ci ilin iyulunda baş verib. O zaman Aİ-95-in litri 1.6 manatdan 2 manata, Aİ-98 isə 1.9 manatdan 2.3 manata qaldırılıb. Azərbaycanda Aİ-95 və Aİ-98 istehsal olunmur və ölkəyə idxal edilir.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2022-ci ildə Azərbaycan 102 milyon 540 min dollar dəyərində 99 min 490.98 ton Aİ-95 markalı avtomobil benzini idxal edib. Benzin, əsasən, Rusiyadan və Rumıniyadan gətirilir. Apreldə isə Azərbaycan Belarusdan da benzin idxalına başlayıb.
Məsələ ilə bağlı beynəlxalq standartlaşdırma məsələləri üzrə mütəxəssis, “Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov Referans.az-a açıqlamasında bildirib ki, məhsul və xidmətin qiymətinin formalaşdırılmasında onun ərsəyə gəlməsində çəkilən xərclər əsas rol oynayır:
“Amma Azərbaycanda belə bir məsələ var ki, strateji məhsulların qiymətinin artırılması Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən həyata keçirilir. Yəni müəyyən məhsullar var ki, məsəl üçün neft məhsulları, un, dərman preparatları bu məhsulların qiymətinin artırılması və ya aşağı salınmasının qərarını Tarif Şurası verir. Təbii ki, Tarif Şurasının qərarı müvafiq həmin sahəyə cavabdeh olan təşkilatdan gələn əsaslanma əsasında həyata keçirilir. Yaxın zamanlarda olmasa da, benzin qiymətlərində oynama müşahidə edə bilərik, amma bu əsasən dünyada baş verən iqtisadi-siyasi dəyişikliyə bağlıdır”.
Ekspert son iki il ərzində neft məhsullarının qiymətinin iki dəfə artırıldığını xatırladaraq qeyd edib ki, bunun artırılmasında səbəb isə onun gəlirlərinin xərclərini ödəməməsi olub. Onun sözlərinə görə, dünyada və Azərbaycanda baş verən bəzi siyasi-iqtisadi proseslər fonunda qiymətlərin artırılması baş verdi: “Bu məsələdə dünyada baş verən iqtisadi faktorların rolu çoxdur. Misal üçün dünyanın taxıl ehtiyatının 25 faizini təmin edən Rusiya və Ukrayna arasında müharibə başladıqdan sonra xarici faktor olsa da, bu sahədə Azərbaycanda qiymətlərə təsir etdi. Həmçinin neft məhsullarında da, eyni proseslər müşahidə olunmağa başlamışdı”.
Dünyada baş verən iqtisadi-siyasi dəyişikliklər fonunda neftin də qiyməti görürük ki, artan dinamikada inkişaf etməyə başlayıb. Bu da öz təsirini göstərəcək. Eyni zamanda digər tərəfdən orta statistik Azərbaycan vətəndaşının aylıq gəliri fonunda balanslaşdırılmış bir qərar qəbul olunacağını düşünürəm – deyə Asif İbrahimov əlavə edib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a bildirib ki, düzgün məntiqlə düşünsək, benzin qiymətlərinin artacağını deyə bilərik:
“Bu artım birdəfəlik artım demək deyil, çünki dünyada neftin qiyməti aşağı düşür. Azərbaycan hökuməti bacarmalıdır ki, neft qiymətlərinin düşdüyü zaman aksizlərin artması nəticəsində aksiz vergilərini artırıb daha çox toplasın, amma bu qiymət artımına səbəb olmasın. Yəni bunun üçün şərait var, çünki neftin ilkin qiyməti düşüb. Benzinin də qiyməti dünya bazarlarında xeyli dərəcədə düşüb. Son 4 ayda dünya bazarlarında benzinin qiyməti 20 faizdən çox ucuzlaşıb. Azərbaycanda isə bu baş verməyib”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda hətta qiymətləri aşağı salmaqla da aksiz vergilərini artırmaq mümkündür. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yolla getməzsə, bu, inflyasiyanı daha da sürətləndirən amilə çevrilə bilər: “Çünki dünyada belə bir qayda var ki, benzin qiymətləri artdıqca əsasən də, dizel və Aİ-92 benzinin qiyməti artdıqca bu inflyasiaya əlavə basqı yaradır. Hətta iş və xidmətlərin maya dəyərinin bəzi hallarda 25-30 faizini yanacaq xərcləri təşkil edir”.
İqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli isə hesab edir ki, SOCAR-ın yeni neft ayırma zavodunun işə düşməsi bir çox məsələləri həll edə bilər:
“Hazırda Azərbaycanda beniz qiymətləri Amerikadan da bahadır. Onlarda istifadə olunan benzinin qiyməti 1 manat 20 qəpik və ya 1 manat 50 qəpik arasında dəyişir. Biz isə hazırda 2 manatdan bu benzini alırıq. Eyni məsələni Rusiya və Belərus üçün də deyə bilərik. Halbuki Belərus heç neft ölkəsi deyil. Əslində SOCAR son bir il ərzində qiyməti aşağı sala bilərdi, amma salmadı”.
Ekspert əlavə edib ki, Aİ-92 markalı benzinin qiyməti normaldır, amma Aİ-95 və Aİ-98 markalı benzin hətta dünya bazar qiymətlərindən də bahadır. Onun sözlərinə görə, bu benzin növləri Avropa qiymətlərinə uyğun qiymətləndirilir, halbuki Avrop bir litr də benzin istehsal etmir.