Bia.Az

Çörək yenə UCUZLAŞACAQ

Sosial
 27-06-2023, 00:50     387

Bir neçə gündür ki, marketlərdə çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

Belə ki, 650 qramlıq çörək artıq 65 qəpiyə yox, 60 qəpiyə satılır.

Bəs, qiymətin aşağı düşməsi nə ilə əlaqədardır? Bundan sonra da çörəyin qiymətində ucuzlaşma müşahidə edəcəyik?





Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında son aylar taxılın ucuzlaşdığını bildirib:
“Azərbaycanda çörəyin ucuzlaşmasının əsas səbəbi dünyada taxılın qiymətinin aşağı düşməsidir. Ötən ilin iyul ayından Ukraynadan taxıl koridorunun işə düşməsi nəticəsində taxıl ucuzlaşıb. Son 10 ay ərzində taxılın qiyməti öz yüksək səviyyəsindən 25 faizədək düşüb. Təkcə bir ayda - mayda buğda 3.5 faiz ucuzlaşıb. Düzdür, 2018-2019-cu illərdəki kimi deyil. Lakin pandemiya və Rusiya-Ukrayna müharibəsinin gətirdiyi qiymət artımı aradan qalxıb”.


Ekspert bildirib ki, taxılın ucuzlaşması çörəyin qiymətində çox hiss olunmur:

“Un bazarındakı qiymətlər çörək bazarına nisbətən çox ucuzlaşıb. Çünki unun maya dəyərində buğda qiymətləri 90-95 faiz rol oynayır. Ona görə də buğdanın ucuzlaşması unun qiymətinə təsirsiz ötüşmür. Lakin çörək bazarında belə deyil. Burada insan əməyi, daşıma, zavod-fabriklərin texnikası digər xərc maddələrini təşkil edir. Çörək istehsalında əsas xammal un olsa da, başqa xammal xərcləri də var. Həmin məhsulların qiyməti isə inflyasiya dönəmində qalxıb”.


X.Kərimli taxıl koridorunun fəaliyyətindən asılı olaraq qiymətlərin daha da aşağı enəcəyini hesab edir:

“Un bazarında baş verən proseslər Azərbaycana 6-9 ay sonra təsir edir. Sahibkarlar əvvəl aldığı malları anbarlarda saxlayır. Birjada ucuzlaşanda anbarlardan köhnə məhsulları çıxarıb satmaq, yeniləri gətirmək, daşımaq və s. çətin olur. Ona görə də dünyada 2023-cü ilin mart-aprel ayında olan ucuzlaşmalar, Azərbaycana getdikcə təsir edir. Təbii ki, taxılın qiymətləri taxıl koridorunun fəaliyyətindən asılıdır. Bu koridor aradan qalxsa, taxılın qiyməti yenidən bahalaşa bilər. Amma son 10 aydakı kimi fəaliyyət göstərsə, taxıl, buğda yığımı çox olsa, un və çörəyin qiymətlərində yenə də ucuzlaşma olacağı gözlənilir”.

BakuPostскачать dle 12.1