Bia.Az

Qarabağa Qayıdış Vətəndaş Platforması yaradılır

Sosial
 31-03-2023, 13:56     404

Əhalisi köçkün düşmüş rayonların bir qrup ziyalısı Qarabağa Qayıdış Vətəndaş Platformasının təşəbbüs qrupunu yaradıb. Qrupun martın 30-da yaydığı bəyannamədə narahatlıqlar qeyd olunur:

– İşğaldan azad ərazilərdə torpağı və digər daşınmaz əmlakı olan məcburi köçkünlərin mülkiyyət hüquqları pozulur. Hökumət rəsmilərinin işğaldan azad olunmuş ərazilərdə torpaq islahatının 1997-1999-cu illəri əhatə etmiş birinci mərhələyə uyğun aparılmayacağına əsas verən fərqli yanaşmalar nümayiş etdirməsi, islahatla bağlı meyarlar müəyyənləşdirilmədən torpaqların iri holdinqlərin sərəncamına verilməsi məcburi köçkünlərin qanuni torpaq paylarına sahib olmalarını risk altına salır;
– İşğaldan azad ərazilərdə ərazi quruluşunun müəyyən edilməsi mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir. Ərazi quruluşunun Milli Məclisin müəyyən etdiyi məsələlər sırasında olmasına baxmayaraq qərarlar parlamentin iştirakı olmadan verilir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunun tələblərinə zidd olaraq məcburi köçkünlərin rəyi nəzərə alınmadan kiçik yaşayış məskənlərinin birləşdirilməsi əsasında layihələndirmə, bərpa və yenidənqurma işləri aparılır;
– Mövcud ərazi vahidlərinin bazasında yeni, daha böyük yaşayış məskənlərinin yaradılması işğal dövründə bir hissəsi dağıdılan kənd qəbiristanlıqlarının gələcək taleyini şübhə altına salır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsi zamanı bəzi kənd qəbiristanlıqlarının zərər görməsi (Füzuli və Qubadlı rayonlarının hərəsində iki belə fakt qeydə alınıb) böyük narahatlıq yaradır;
– Qayıdış prosesinin rəsmi olaraq 2040-cı ilədək yekunlaşdırılmasının nəzərdə tutulması məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına inamını azaldır. Bu qədər uzun müddət yaşlı sakinlərin ata-baba yurdlarına dönməsini faktiki olaraq mümkünsüz edir;
– İşğaldan azad ərazilərdə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən işlərin şəffaf və hesabatlı şəkildə aparılmaması narahatlıq doğurur.
Bəyannamədə qeyd olunur ki, Qarabağa Qayıdış Vətəndaş Platforması bu hədəflərə dəstək məqsədilə yaradılır: bərpa və məskunlaşma prosesinin planlaşdırılmasına işğaldan azad ərazilərin sakinlərinin cəlb edilməsi və onların rəyinin nəzərə alınması; məcburi köçkünlərin mülkiyyət (əmlak və torpaq) hüquqlarının ölkə konstitusiyasına və qanunlarına uyğun təmin edilməsi; bərpa və yenidənqurma məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin şəffaf və hesabatlı xərclənməsi; işğaldan azad ərazilərin illər üzrə məskunlaşdırılması qrafikinin tərtib edilməsi; vəfat edən məcburi köçkünlərin işğaldan azad ərazilərdəki dədə-baba qəbiristanlıqlarında dəfninə icazə verilməsi.
Təşəbbüs qrupunda İlham Məmmədli, Elxan Nuriyev, Asif Talıboğlu (Qubadlı rayonu), Yelmar Mustafa, Famil Süleymanov, Nəsimi Sadiqov, Elşən Nağıyev (Kəlbəcər rayonu), Mirəli Hüseynov, Xaqani Cəfərli, Vahid Qazi (Ağdam rayonu), Qalib Toğrul, Qubad İbadoğlu, Nofəl Qasımov (Füzuli rayonu), Vaqif Əlisoy (Cəbrayıl rayonu) yer alır.
Novator.az bildirir ki, Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini, həmçinin Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.скачать dle 12.1