Bia.Az

Casusluq ittihamı ilə tutulanların vinyetkası

Sosial
 13-03-2023, 11:15     231

İndiyəcən DİN narkotacirlərin məzun vinyetkasına oxşayan şəkil qalerayasını yayırdı, dünən DTX da casusların vinyetkasını yayıb. Toplamda 16 nəfərdirlər.

Öncə onu deyim ki, şəkillərin böyür-böyürə düzülməsi yaxşı üsuldur. Tarixdir, arxivdə, yaddaşda qalır. Sonra axtaranda dağa-daşa düşmürsən, açar sözü yazır, axtarış verirsən, hamısı gəlir durur önündə.
İnsanlarımız da bu minvalla şəkilə baxıb rəy verən kriminalogiya psixoloquna dönməkdədir. Baxan kimi təyin edirlər ki, bu adam nə yuvanın quşudur, əlindən bəd əməl gələrmi, gəlməzmi.
Məsələn, dünən onlarla “ekspert” sözügedən vinyetkadakı şəkillərin birində görünən adamın İranın agenti ola bilməyəcəyinə vurğu edirdi. Ona görə ki, həmin adamın saqqalı “Xamneyi ağanın aşiqləri”nin saqqal standartına uyğun deyildi, daha çox sələfilərin saxladığı saqqalı andırırdı.
Ancaq biz DTX-dakı mühəndislərdən çox bilmirik axı, adamın şəklini bu vinyetkaya salıblarsa, demək, bir bildikləri var. Çünki casusluq elə bir işdir ki, onun göstəricisi saqqalın ölçüsü ilə müəyyən olunmur. Elə ola bilər ki, adam vəhhabi saqqalı saxlayar, amma ABŞ-a işləyər, yaxud kimsə saçını bəzi Hollandiya kişiləri kimi sarıya, qırmızıya boyayar, amma İrana casusluq edər.
Həmişə olduğu kimi, qalereyada görünənlərin, yəni casus adıyla tutulanların həqqənnəsi suç üstündə yaxalandıqlarını şübhə altına alanlar da var. Bəziləri deyirlər, burada şərləmə elementləri ola bilər.
Olmağına hər şey ola bilər. Amma niyə olsun axı? Bunlar ana müxalifət partiyasının radikal və fəal üzvləri deyillər ki, onlar həbsə alaraq zərərsizləşdirmək vacib olsun. Həm də keçmiş vaxtlarda siyasi fəalları adətən casusluq ittihamı ilə yox, xuliqanlıq etmək, telefonla, plastik su qabı ilə adam döymək üstündə ilişdirirdilər. Belə yekə və qalın torba tikməyə ehtiyac olmurdu. Casusluq ittihamı ağır ittihamdır.
Bəlkə də elə ona görə bəzi yoldaşlar 37-ci illərin tutqularını xatırladırlar. Stalinin vaxtında bir xeyli adamı casusluqda ittiham edib güllələyiblər. Əslində bu, ona görə vacib olub ki, həmin adamlar (Stalinə partiya qurultayında səs verməyənlər) güllələnməli imişlər, uyğun maddə casusluğa dair olub. Ölüm cəzası casusluğa görə yox, məsələn, partbileti itirməyə görə verilsəydi, o adamları da məhz partbileti itirdillərinə görə edam edəcəkdilər. Dövrün konyukturası belə olub.
Hazırda casusluğa görə ölüm cəzası yoxdur, amma yenə də ağır işdir.
Yaxşı, 3 saniyəliyə razılaşaq ki, bu tutulanlar casus-filan deyillər, o zaman bəs İrana işləyənlər kimlərdir? Ölkədə yekə bir casus şəbəkəsi olduğunu bilməyən yoxdur, bu barədə hamı deyir, danışır, konkret adlar çəkirlər. Yas yerlərində İranın açıq təbliğatını aparan, Azərbaycan dövlətini tanımayan, hökuməti haqsız elan edənlər var, ciddi cəhdlə tutulanların günahsız olduğunu bağıranlar var, “Salam, fərmandeh” oxuyanlar var, iranlı ayətullahlara “ağam, ağam” deyənlər var, onlara “əmrinizi gözləyirik” mesajı göndərənlər var. Ta İrana işləmək necə olur?
Hamının yadında olar, 5-10, hətta 15-20 il öncə ölkəmizdə casuslar tutulardı, o zaman onların hansı dövlətə işlədikləri açıqlanmazdı. Hamı bilirdi ki, bu adamlar məhz İrana işləyirlər, amma mehriban qonşuluq münasibətlərinə xələl gəlməməsi üçün belə deyilirdi: “Xarici dövlətlərdən birinə işləyən casus şəbəkəsinin üzvləri ifşa olunmuşdur”. Cümlənin axırı da mütləq “muşdur”la bitirdi. Amma biz bilirdik ki, bu, casusların kiçik bir qismidir, əslində onların böyük hissəsi ifşa olunmamışdır.
Mahmudovun vaxtında isə casuslarla işləməyi dayandırıb keçmişdilər 3-5 manat pul qazananları “podval”a salıb xərac almağa. Təhlükəsizlik generalları şişib milyonçu olduqları vaxt casuslar da artıb şəbəkə qururdular. Nəhayət, bu işin zibili çıxdı. Əvvəlcə generalları tutdular. İndi də casuslara keçiblər.
Budur, indi həmin proses gedir və bu, bir çoxlarına xoş gəlmir. Hətta bir nəfər yazıb ki, yaxşı, elədirsə, bəs niyə Rusiyanın casusları, 5-ci kolonu tutulmur. Yəni rus casusları tutulmursa, İran casusları da tutulmasın.
Amma, əl-əlbət, gün gələcək, onları da, ola bilər, Amerikaya işləyənləri də ortalığa çəkəcəklər.

P.S. Hə, bir də bəziləri CƏSUS yazırlar, CASUS olmalıdır. CƏSUR sözüylə səhv salmaq olmaz, “cəsur”u igid, qorxmaz, ona-buna şpion olmayanlara deyirlər.
Samir SARIскачать dle 12.1