Bia.Az

Rəsmi pensiya reytinqi, gerçək reytinq

Sosial
 15-02-2023, 09:22     267

Minimum və orta aylıq pensiyanın alıcılıq qabiliyyəti üzrə reytinq tərtib edən Dövlət Sosial Müdafiə Fondu Azərbaycanın yaxın ölkələri (Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan) ölkələri qabaqladığını bildirir. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, fond pensiya reytinqini manatın alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında hazırlayır: “Məsələn, qurumun son hesablamasında nominal məzənnə (1 dollar=1,7 manat) ilə minimum pensiya 165 dollar, orta pensiya 249 dollar olduğu halda AQP üzrə həmin göstəricilər 424 və 599 dollardır. Yəni Azərbaycan pensiyaçısı pensiya məbləği ilə ABŞ-da eyni məbləğlərə düşən mal və xidmətlərdən ən azı 2,5 dəfə çox mal və xidmət ala bilər.

Dövlət Sosial Müdafiə Fondunun istifadə etdiyi bu metodologiyanın çox ciddi qüsuru var. Manatın AQP əsasında real məzənnəsini pensiyaların, bütövlükdə əhalinin gəlirlərinin alıcılıq qabiliyyətinə münasibətdə istifadəsi yanlış yanaşmadır. Çünki bu göstəricini Dünya Bankı ümumi daxili məhsulun (ÜDM) real həcminin müqayisəsi üçün tərtib edir. Hər bir ölkənin milli valyutasının alıcılıq qabiliyyəti hesablanır, lakin bu göstəricinin bazasında ÜDM-i təşkil edən minlərlə məhsul və xidmət dayanır. ÜDM-i formalaşdıran məhsul və xidmətlər isə təkcə istehlak deyil, həmçinin istehsal təyinatlı məhsullardır. Həm də ÜDM bazasında real məzənnənin hesablanması yalnız ölkə daxilindəki məhsul və xidmətlərə əsaslanır. Halbuki vətəndaşın cibindəki pulun alıcılıq qabiliyyəti həm də idxal olunan malların qiymətindən asılıdır.
Pensiyanın alıcılıq qabiliyyətini hesablamaq üçün obyektiv yanaşma istəyi varsa, insanların gündəlik ehtiyaclarını qarşılayan 50 adda məhsul və xidmətdən ibarət bir səbət düzəldilsin, bütün ölkələr üzrə eyni səbət əsasında alıcılıq qabiliyyəti hesablansın.
Daha bir vacib məqam: Azərbaycan əhalinin hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə aşağı pillələrdə qərarlaşır. Ölkədə hər 1000 nəfərə 118 pensiyaçı düşür. Bu göstərici Rusiyada 290, Belarusda 270, Ukraynada 265, Gürcüstanda 212, Moldovada 195, Ermənistan və Qazaxıstanda 155, Qırğızıstanda 122 nəfərdir. Azərbaycan yalnız Tacikistan və Özbəkistandan öndədir. Pensiyaçı sayının az olması pensiya sisteminin maliyyə yükünün də yüngül olması deməkdir və Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təminatına imkan yaradır”.
İqtisadçı əlavə edir ki, Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, ölkədə pensiyaçıların təxminən 8 faizi minimum pensiya – 280 manat alır: “Bəs ən yüksək pensiyanın məbləği nə qədərdir və həmin məbləği neçə nəfər alır? Ən yüksək məbləğdə pensiya alan 5 və 10 faiz qrup üzrə orta pensiya məbləği nə qədərdir, həmin qruplar üzrə pensiya məbləği hansı intervalda dəyişir? 280-400 manat, 400-500 manat, 500-600 manat intervalları və başqa intervallar üzrə pensiya alanların sayı nə qədərdir? Ölkə üzrə median pensiya məbləği, yəni pensiyaçıların ilk yarısı ilə ikinci yarısını birləşdirən pensiya məbləği nə qədərdir? Niyə açıqlanmır bu cür statistika?”
İlkin rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə 1,1 milyon pensiyaçı qeydiyyata alınıb.
Ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (2023-cü il üçün 40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat müavinət verilir.
Ölkədə minimum pensiya 280 manat, orta aylıq pensiya 423 manatdır.
скачать dle 12.1