"Dağ boyda təyyarə havaya qalxa bilmir, oturan kimi işıqlar sönür " - ETİRAZ
“Hadisələr əskiksiz davam edir. Dağ boyda təyyarə havaya qalxa bilmir. Oturan kimi işıqlar sönür və boşaldılma əmri gəlir. Sual olunur ki, "Buta"nın “Embraer” təyyarəsinin uçuşöncəsi texniki baxışı necə olub və bu uçuşa icazəni kim verib? Və ən maraqlısı-bütün sərnişinlər yenidən Türkiyəyə giriş edir, amma 1 nəfər “Buta” nümayəndəsi yoxdur”.
DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, texnobloqer, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas öz sosial şəbəkə hesabında İstanbuldan Bakıya qayıdarkən “Buta Airways" aviaşirkətinin təyyarəsində yaranan texniki nasazlıqla bağlı məlumat verib.
O bildirib ki, aviaşirkətin nümayəndələrindən heç kim məsuliyyəti üzərinə götürərək növbəti addımlar haqqında sərnişinlərə məlumat verməyib: “Ancaq aeroport işçiləri və Türkiyə tərəfinin məsul şəxsləri işlə maraqlanır. Sonra nə baş verir? Hotelə gecələməyə getmək lazımdır. Hotelə avtobuslarla gəlirik, amma bir pis xəbər var, otaqlar azdır. Burada ssenarist bizə başqa plan hazırlayıb. 1 nəfər özünə 2 nəfər seçməlidir və birlikdə qalacaqlar. Əks halda, hava limanı! Təbii ki, heç kim heç kimlə qalmaq istəməz, amma mən seçimimi etdim. Azal və “Buta” isə artıq bu təkrarlanan texniki xətalar ilə bizi qorxudur”.
“Buta Airways" aviaşirkətindən məsələnin araşdırılacağı bildirilib: “Uçuş heyətimiz tərəfindən həyata keçirilən tədbirlər və qərarlar hər zaman uçuş zamanı sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə şərtlənir. Belə ki, uçuşlarda gecikmələr və ya texniki səbəblərdən, yaxud ekstremal hava şəraiti ilə əlaqədar təyyarələrin uçuş hava limanlarına qayıtması mülki aviasiyada geniş tətbiq olunur. Əlavə etməliyik ki, nümayəndəmiz bu məsələnin həll edilməsi üçün daim sərnişinlər və hava limanı işçiləri ilə əlaqədə olub.
Yaranmış xoşagəlməz vəziyyət ilə bağlı daxili araşdırma aparılacaq və nəticələr haqqında məlumat təqdim olunacaq".
Qeyd edək ki, "Buta Airways"in daha əvvəl yaydığı məlumata əsasən, J2-9106 nömrəli reysin sərnişinləri yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşməlidir