Tofiq Yaqublu xəstəxanaya köçürülüb

Siyasətçi Tofiq Yaqublu yanvarın 11-i axşam Bakının Binəqədi rayonundakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb.
Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, buna görə səhhəti pisləşib.
Yanvarın 11-də məşhur həkim, tibb elmləri doktoru Adil Qeybulla Tofiq Yaqubluya baş çəkəndən sonra onun dərhal xəstəxanaya köçürülməsi zərurəti yarandığını bəyan edib.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.