Bia.Az

Goranboyda sosial yardım istəyənin adına AVTOMOBİL çıxarırlar – Bu oyunu kim qurur?

Sosial
 29-12-2022, 16:30     252

Goranboyda ünvanlı sosial yardımla bağlı problem bitmək bilmir. Artıq dördüncü şikayətçidir ki, rayonun müxtəlif kəndlərindən sosial yardımı kəsildiyi üçün Bizim.Media-ya müraciət edir.

Gileyləndikləri məqam isə adlarına avtomobil çıxdığı üçün sosial yardım paketinin geri çevrilməsidir. Maraqlıdır ki, digər rayonlardan belə bir şikayətlə üzləşməmişik, Goranboy rayonunda isə bu, adət halı alıb.

Bu dəfə Goranboyun Todan kənd sakini Sahil Şakir oğlu Məmmədov belə bir problemlə üzləşib.

Saytımıza danışan Sahil Məmmədov özü ilə bərabər atası Şakir Məmməd oğlu Məmmədovun da adına avtomobil çıxdığını deyir. Bu barədə onlara Dövlət Sosial Müdafiə Fondunun Goranboy Rayon Şöbəsindən bildirilib.

Adlarına maşın çıxan ata və oğul məsələni aydınlaşdırmaq üçün Goranboy Rayon Polis Bölməsinə, daha sonra isə Gəncə regional bölməyə müraciət ediblər. Oradan şikayətçilərə bildirilib ki, Sahil Şakir oğlu Məmmədovun adına çıxan avtomobil Bakıda yaşayan eyni ad və soyadlı şəxsə, Şakir Məmməd oğlu Məmmədovun adına olan avtomobil isə Xaçmazda yaşayan eyni ad, soyadlı şəxsə məxsusdur.

Himayəsində iki azyaşlı övladının olduğunu vurğulayan Sahil Məmmədov çox çətin durumda yaşadıqları üçün aidiyyəti qurumlara səslənərək problemin tez bir zamanda yoluna qoyulmasını istəyib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya bildirb ki, şikayətçi Gəncə Rayon Polis Şöbəsindən həmin şəxsin adına avtomobil olmamasını təsdiq edən arayış alıb Dövlət Sosial Müdafiə Fondunun yerli bürosuna təqdim etməlidir.

Qeyd edək ki, bu, Goranboyda dördüncü, hətta beşinci bənzər haldır. Daha əvvəl rayonun Tatarlı kənd sakini Sahib Məmmədovun, Balakürd kənd sakini Hüseyn Aslanovun və Səfikürd kənd sakini İmran Mustafayevin də başına eyni olay gəlib.

Sahib Məmmədovun və Hüseyn Aslanovun Bizim.Media-ya müraciətləri əsasında problem həllini tapıb. Digərlərinin məsələsi isə aidiyyəti qurum tərəfindən araşdırılır.

Amma hər dəfə bu cür halın meydana gəlməsi əhali arasında söz-söhbətə səbəb olub. Onlar düşünür ki, bunu qəsdən edən şəxslər var. Çünki mərkəzləşdirilmiş informasiya bankında ad-soyad eyni olsa da burada doğum tarixləri, qeydiyyat yerləri kimi digər məlumatlar da var.

Bu məlumatı emal edən şəxs haqqında sorğu verilən adamın göstəricilərinə diqqət edə bilməzmi?

Hər halda şikayətçilərin sözündə də haqq var. Çünki sonda düyməni basan şüuru olan insandır. 


Goranboyda sosial yardım istəyənin adına AVTOMOBİL çıxarırlar

скачать dle 12.1