Bia.Az

Ağır durumda olan Qarabağ Qazisinin atası HARAY ÇƏKDİ - "Oğlumun ailəsinə köməklik edə bilmirəm"

Sosial
 20-12-2022, 12:18     226

"Oğlum Qarabağ Müharibəsində yaralanıb, aylardır müalicə olunur. Ailəsində 4 nəfər var. Onun ailəsi və digər övladlarımla birgə 10 nəfər mənim himayəmdədir. Dolana bilmirik, 2 baş mal-qara istəyirik ki, heç olmasa, südünü, qayığını satıb birtəhər yaşayaq”.

Şəki rayonun Baş Göynük kənd sakini Zahid Salahov belə deyir. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Şəki Rayon Məşğulluq İdarəsinə etdiyi müraciətə kobud cavab verilib, onu təhqir ediblər.

"3 övlad atasıyam. Oğlum 1989-cu il təvəllüdlü mayor Maşallah Salahov həm Aprel döyüşlərində, həm də İkinci Qarabağ Müharibəsində iştirak edib. Müharibədə yaxınlığında mərmi partlayışı nəticəsində barotravma alıb. Sağlamlığını itirib, hazırda müalicəsi davam etdirilir. Bu yaxınlarda əməliyyat olunub, bir valideyn kimi onun ailəsinə köməklik edə bilmirəm”, – şikayətçi deyib.

Z.Salahov qeyd edib ki, yaşadığı ünvandan 18 kilometr aralıda pay torpaqlarında əkin-biçinlə məşğul olur. Amma bu dolanmağına yetmir: "2021-ci ilin fevralın 19-da Şəki Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata düşüb özünəməşğulluq proqramına cəlb edildim. Bu ilin oktyabrın əvvəlində yenə də Şəki Məşğulluq İdarəsinə gedib növbəmin çatıb-çatmadığını soruşdum. İdarənin rəsmilərindən biri kobud şəkildə üstümə qışqırdı, dedi ki, tez-tez müraciət edib zəhlələrini tökürəm. Hamının içərisində mənə "rədd ol burdan, mən özümdən sənə mal alıb verməyəcəm, heyvanımız yoxdur”,- dedi. Sonra sistemdən siləcəklərini bildirdi”.

Şikayətçi deyir ki, evindəki dəyərli əşyalarını satıb oğlunun müalicəsinə xərcləyib. Kənd yerində çətinliklə, yarıac, yarıtox yaşayırlar: "Hamının içərisində yaşıma baxmayaraq məni təhqir etdilər, övladım döyüşdə yaralanıb, amma kimsə ailənin necə dolandığını bilmir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyindən Meydan TV-yə şikayətin araşdırılacağını deyiblər.

Ağır durumda olan Qarabağ Qazisinin atası HARAY ÇƏKDİ
Ağır durumda olan Qarabağ Qazisinin atası HARAY ÇƏKDİ


скачать dle 12.1