Bia.Az

"Bax, sosial ədalət burada pozulub" - ETİRAZ

Sosial
 8-04-2020, 12:55     349

"Bax, sosial ədalət burada pozulub" - ETİRAZƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 190 manatlıq sosial yardımla bağlı açıqlaması birmənalı qarşılanmayıb. Sosial mediada nazir sərt tənqid olunub.

bia.az xəbər verir ki, tanınmış iqtisadçı alim Qubad İbadoğlu nazirin açıqlamasını “DOST” mərkəzində DÜŞMƏN açıqlama adlandırıb.

Qubad İbadoğlu fikrini belə izah edib: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “DOST” mərkəzində keçirdiyi mətbuat konfransındakı absurd açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığı və rifahı durur” bəyanatını verən prezident İlham Əliyevin açıqlamalarına ziddir. Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət, kiminsə adına torpaq payı varsa digər üzvlərə birdəfəlik yardım verilməyəcək?

Əvvəla, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar?

İkincisi, işsizlik sığortası müavinəti dövlət büdcəsindən deyil, İşsizlik sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir.

Bax, sosial ədalət burada pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da, nəzərə alınmadı. Heç olmasa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işsizlərin hamısına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir.
Nəhayət, soruşmaq istərdim ki, bütün tədbirlərdə ağızdolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır, indiki çətin gündə də xərclənməyəcəksə o nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər? Gözləyirlər ki, dəyərini tam itirsin?

Amma bizim gözləməyə vaxtımız yoxdur, biz birlikdə aztəminatlı təbəqənin maraqlarının müdafiəsini sonadək aparacagıq və əminəm ki, əvvəl-axır istəyimizə də nail olacagıq. Odur ki, dayanmırıq, davam edirik”.скачать dle 12.1