Bia.Az

Göyçayın heyva bağları: məhsul boldur, alan yoxdur - NAZİRİN NƏZƏRİNƏ...

Sosial
 10-11-2022, 13:15     268

Göyçay rayonunda heyva bağlarında məhsuldarlıq artıb. Müşahidələrə əsasən, ötən illə müqayisədə məhsul xeyli çoxdur. Amma buna baxmayaraq fermerlər məhsulların satışında bir sıra çətinliklərlə üzləşiblər.

BİA.AZ xəbər verir ki, bu barədə "Report"a müraciət edən bir qrup fermer deyib ki, rayon ərazisində artıq bir müddətdir heyva yığımına başlanılıb.

Onların sözlərinə görə, bu il ağaclara daha yaxşı aqrotexniki qulluq edildiyinə görə məhsuldarlıq da yaxşı olub. Çünki qulluq daha çox məhsul əldə etmək üçün vacib amillərdən hesab olunur. Amma fermerler ciddi çətinliklərlə üzləşdiklərini bildiriblər. Onlar söyləyib ki, min bir əziyyətlə əkib-becərdikləri məhsulun satışını hayata keçirə bilmirlər. Çünki onlar satış üçün bazar tapa bilmədiyini qeyd ediblər. Bunun da əsas səbəbi kimi rayonda emal sexlərinin və emal müəssisələrinin az olduğu göstərilir.

Fermerlər deyib ki, alıcı qabiliyyəti aşağı düşdüyünə görə məhsulun qiyməti də endirilib. Onların sözlərinə görə, ötən il heyvanın bir kiloqramının qiyməti 0,3-1 manat arasında dəyişirdisə, bu il qiymət 20-60 qəpik civarındadır. Buna baxmayaraq, onlar qiymətin aşağı düşməsinin alıcılıq qabiliyyətinə heç bir müsbət təsirini göstərmədiyini bildiriblər. Məhz bütün bu səbəblərə görə, fermerlər məhsulları yığmağa maraq göstərmədiklərini vurğulayıblar.

Fermerlər və satıcılar yeni bazarların açılması üçün müvafiq qurumlardan kömək istəyirlər.

Məsələ ilə bağlı Göyçay Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, məsələ qurumun nəzarətindədir. Qeyd olunub ki, rayonda yeni emal müəssisələrinin açılması üçün iş adamlarına və aidiyyatı qurumlara müraciətlər olunub.

Qeyd edək ki, Göyçay rayonunda 6 782 hektar meyvə bağları mövcuddur və onun da 219 hektarı heyva bağlarının payına düşür. Təkcə Ləkçıplaq kəndində ümumilikdə 70 hektardan çox heyva bağları mövcuddur və fermerlər bu il burada kifayət qədər bol məhsul yetişdiriblər. Bağlardan hər il 100 tonlarla məhsul yığılaraq istehsal müəsissələrinə təhvil verilir. Burada, əsasən, heyvanın yerli sortları olan Bağça, Bardaq və Kamil növləri üstünlük təşkil edir.
скачать dle 12.1