Bia.Az

Xankəndidə oynanılan “rus tamaşası” - “İvan, idi domoy” deyəkmi?

Siyasət
 23-10-2022, 22:20     201

Bu arada başımız bir az da fars və fransız oyunbazlarının bölgəmizdəki meymunluqlarına qarışıb, şimal qonşumuzun Qarabağda nə oyunlardan çıxması arxa plana keçib. Görünən budur ki, Ermənistan 2020-ci ilin 10 noyabr bəyannaməsində və ondan sonra keçirilən üçtərəfli görüşlərdə əldə olunmuş razılıqları pozduğu kimi, Rusiya da bu ilin əvvəlində imzalanmış müttəfiqlik münasibətlərinə zidd davranışlar sərgiləməkdədir.

Əks təqdirdə, erməni milyarder Ruben Vardanyan Qarabağda yüz hoqqadan çıxmaz, özünü canişin kimi apara bilməzdi.
WhatsApp Image 2022-10-23 at 21.41.39.jpeg (15 KB)
2020-ci ilin 10 noyabr razılaşmasına əsasən, Rusiya Qarabağın yuxarı hissəsində sülhün və təhlükəsizliyin təmin olunmasına qarant durub. Amma Vardanyan faktiki olaraq gərginlik yaratmaqla məşğuldur, rus hərbi kontingentin gözü qarşısında. Niyə onun qulağından tutub, Moskvaya göndərmir Volkovun rəhbərlik etdiyi “sülhməramlı”lar? Məntiqlə erməni milyarder elə avqust ayında, Qarabağa keçmək istəyəndə Laçın yolundaca postda saxlanılmalı, qolları qandallanmalı idi. Demirik ki, Qarabağa qanunsuz gəldiyi üçün, bunu Rusiya hərbi kontingentindən gözləmirik. Vardanyan Rusiya vətəndaşlığından imtina edib, Qarabağa “mühacirət etdiyi” üçün cəzalandırılmalı idi, əgər bu, Moskvada cızılan oyun deyildisə... Artıq heç kimdə şübhə yoxdur ki, erməni milyarderi oraya yollayan Kremldəkilərdir. Bununla həm Qərbin sanksiya dalğasından pullarını xilas etmiş olur – Rusiya vətəndaşlığından imtina görüntüsü yaratmaqla – həm Qarabağdakı “rus planı”nın icrasına rəhbərlik edir, həm səfil gündə yaşayan ermənilərə maliyyə yardımı göstərir, həm də buradakı rusiyalı hərbi kontingenti maliyyələşdirir. “Hayastan” fondu da artıq bu bölgəyə maliyyə ayırmağa tərəddüd edir, çünki 2020-ci il döyüşlərindən sonra perspektiv görmür, düşünür ki, tikəcək, Azərbaycan əsgəri gəlib sahiblənəcək. Qarabağda növbəti müddətə qalmasını təmin etmək üçünsə Rusiyaya burada daha çox erməni əhalinin qalıb, yaşaması lazımdır. Necə ki, müharibədən sonra İrəvandan daşıyıb gətirdilər ermənilərin bir hissəsini. Erməni olmasa, nəyə lazımdır burda rusiyalı hərbçilər, anlayırlar... Odur ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılmış Araik Arutyunyanın əlindən bir iş gəlmədiyini görüb, yeni “fiqur” atdılar ortaya. Hətta Araiki vadar etdilər ki, özünün sadiq Beqlaryanının “postu”nu – “dövlət naziri” – Vardanyana təklif etsin.  
Budur, erməni milyarder bir müddət fikirləşəndən  sonra (?!) “qərarını” verdi: noyabrın əvvəlindən “dövlət naziri” işləməyə razılaşdı. Bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan - Vladimir Putinin də birmənalı şəkildə təsdiqlədiyi kimi - ərazidə oynanılan  tamaşadır! Özü də Vardanyana “vəzifə” nə zaman təklif edildi: Praqa görüşü ərəfəsində. Arutyunyan qələt edər, başını səksəkə ilə oturduğu binanın divarına çırpardı, amma təkbaşına belə addım atmazdı. Sadəcə, Moskvadan dedilər, o da icra etdi. Səbəbi məlum: dolayısı ilə təzyiq etmək istədilər, birdən Rusiyanın iştirakı olmadan, Şarl Mişelin moderatorluğu ilə hansısa razılaşma-filan əldə olunar, sənəd imzalanar deyə. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Praqa görüşünə ilkin reaksiyası da Moskvanın narahatlığını büruzə verdi. Vardanyan layihəsi məhz təfriqə yaratmaq, aranı qızışdırmaq niyyətindən qaynaqlanır, təşəbbüsü sonadək əldə saxlamaqdır əsl məqsəd. Belə görünür ki, Rusiyanın bizimlə “dili danışır”, ürəyindəkilər isə bir başqadır. Xatırlayırsınız yəqin, 2015-ci ilin iyulunda da bir milyarder oyunu oynanılmışdı. O vaxt Rusiyanın keçmiş milyarderi German Sterliqov arvadı Alyona və 5 uşağını da götürüb Qarabağa köçmüşdü. Deyirdi Qarabağda “ekoloji təmiz məhsullar” istehsal edəcək, daha nələr... Hətta Cıdır düzündə “eşşək yarışı”, axçilərin “moda müsabiqəsini” də keçirmişdi həmin bu əl meymunu. Sonradan rolunu düzgün oynaya bilmədi, ya nə baş verdisə, yoxa çıxdı.
Amma Vardanyan layihəsi bir başqadır. Elə bu gün – 23 oktyabrda – Xocavənddə görüş keçirib, “burdakı insanlar bilirlər ki, evlərini onlardan başqa heç kim qoruya bilməz”, deyərək “odun üstünə yağ töküb”. Diqqət edin, Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyan Ermənistanda keçirilən ümumerməni toplantısını boykot edir, amma həmin bu Vardanyan Qarabağ ermənilərinin “gününə ağlamağa gəlib”. Şübhə yoxdur ki, Abramyanın qərarını da Rusiya rəhbərliyi verib, “Soros uşağı” Nikol Paşinyana yerini göstərmək istəyirlər həm də. Rusiya düşünür ki, Qarabağdakı Vardanyanla həm də Paşinyana təzyiq göstərəcək gələcəkdə. Birinci dəfə deyil ki... Levon Ter-Petrosyanın “qənimləri” Xankəndidən gedib – Robert Köçəryan, Serj Sərkisyan, hətta Seyran Ohanyan...
Bu gün artıq Qarabağ klanının sınıq-salxaq liderlərinin İrəvanda yenidən hakimiyyət olimpinə yüksəlməsi mümkün deyil, bunu Rusiyada da bilirlər. Təkcə ona görə yox ki, erməni əhali eks-ləri dəstəkləməyəcək. İrəvana səfər edərkən həbsdə olan Köçəryanın arvadı ilə görüşən Rusiya prezidenti bilir ki, Azərbaycan lideri bu cinayətkarların hakimiyyətə qayıdışına heç vaxt imkan verməz. Dövlət başçımız canilərə sözünü dəfələrlə deyib. O halda müharibə qaçılmaz olar. Deməli, Rusiya Paşinyanı əvəzləməkdən ötrü yeni kadr üzərində işləyir Vardanyanın timsalında. Əvvəlcə Xankəndidə “dövlətçilik təcrübəsi” qazanmasını, ardınca da ermənilərin dəstəyini almasını istəyir güman ki... Lakin Qarabağ Azərbaycan ərazisidir və bura təcrübə meydanı deyil, rədd olmalıdır!
Ancaq narahatlıq doğuran budur ki, təkcə Vardanyanla iş bitmir. Elə bu gün Xankəndidə “Rusiya icmasının himayəsi altında” (?!) Qarabağda yaşayan “Rusiya Federasiyası vətəndaşları”nın (??) görüşünün keçirildiyi barədə xəbər yayılıb.
WhatsApp Image 2022-10-23 at 21.41.01.jpeg (58 KB)
Erməni mənbələri bu xəbəri geniş tirajlayıblar. İddialara görə, iclasda “fəal ruslar” və İcma Şurasının üzvləri iştirak ediblər. “Rusiya vətəndaşları rus icmasının həyatında və Dağlıq Qarabağın gələcək taleyində öz iştiraklarını gücləndirəcəklər. İclasda Dağlıq Qarabağda yaşayan rusiyalı həmvətənlərə pulsuz hüquqi xidmət göstərmək üçün Hüquq Mərkəzinin yaradılması təsdiq edilib. Rusiya Federasiyası vətəndaşlarının görüşləri ayda ən azı bir dəfə müntəzəm olacaq”. Görürsünüzmü? “Xoruzun quyruğu” görünür. Qarabağda 20-25 min ermənini zorla saxlayıblar, guya ki, burada “rus icması” var imiş. Abırsızlıqdır! Amma təkcə bu da deyil. “Rus pasportları”nın paylanması planı da işə salına bilər bu gedişlə. İclas iştirakçıları açıq şəkildə bildiriblər ki, öz təhlükəsizliklərini Rusiya sülhməramlı kontingentinin mövcudluğu ilə əlaqələndirirlər. Həyasızlığa baxın: “Rusların bir hissəsi üçün Qarabağ torpağı anadangəlmə, ata-baba mirası ilə doğmadır”. Guya ki, burada ruslar da yaşayırmış...
Bir neçə gün əvvəl Azərbaycan Rus icmasının rəhbəri, deputat Mixail Zabelindən Qarabağdakı “rus icması” planı haqda soruşdum. Dedi boş şeydir, orda 24 nəfər rus yaşayır. Biz də bilirik ki, Qarabağın ermənilər olan hissəsi hazırda rusların yaşayacağı yer deyil. Amma “boş şey” də deyib, üstündən keçmək olmaz.
Həyasızlığa baxın: “İkinci Qarabağ müharibəsindən sonra Rusiya Federasiyası vətəndaşları arasında evlərini və bütün əmlakını itirmiş qaçqınlar da var. Rusiya Federasiyasının vətəndaşları arasından demək olar ki, bütün qaçqınlar müharibədən sonrakı maliyyə ödənişləri və kompensasiyalar aldılar, lakin mənzillə təmin edilmələri məsələsi hələ də gündəmdədir. Rusların təhsil və mədəniyyət sahəsindəki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş Rus Mədəniyyəti Evinin yenidən qurulmasına xüsusi diqqət yetiriləcək”.
Rusiya prezidentinə müraciət edəcəklərini də deyiblər.
Bu arada, İrəvandan əli ətəyindən uzun qayıtmış Araik Arutyunyan Rusiyaya səfərə hazırlaşır, “rəsmi görüşlər”i olacaqmış...
Rusiya Azərbaycanın müttəfiqidirsə, elə tarpdaca onu qandallayıb, Bakıya təhvil verməlidir. İnterpol axtarışında olan cani ilə nə görüşbazlıqdır?
Beləcə, Xankəndidə “rus tamaşası” oynanılır. Belə getsə, Rusiya kontingentinin birinci müddəti başa vurmasını gözləməyə səbrimiz çatmayacaq. “İvan, idi domoy” deyəkmi?..

Elşad Paşasoy,
Musavat.comскачать dle 12.1