Bia.Az

“Demokrat” Paşinyanın antirekordu – “Bollivud”da xoşbəxtlik axtaranlar

Siyasət
 23-10-2022, 16:13     173

“Bir neçə dovşanın dalınca qaçan heç birini tutmaz”. 

Ermənistan adlı saxta dövlətin, erməni xalqının ən böyük faciəsi də əsrlərdir öz yerini tapa bilməyərək, həm Rusiyanın, həm də Avropanın (ABŞ-ın) bölgədəki əlaltısı kimi özünü təklif etməsidir. Rusiya və Qərbin “ulduzları” isə heç vaxt barışan deyil, ələlxüsus Ukrayna məsələsindən sonra.

Bunu ermənilər və onların siyasiləri bilməmiş deyil. Amma yenə köhnə oyunlara davam edirlər. Paşinyan iqtidarı nə qədər qərbpərəst, “sorosçu” olsa da, bic sələfləri kimi var gücü ilə çalışır ki, onun bir əlindən Baydenlə Makron, digərindən isə Putin və hətta Rəisi tutsun. Beləcə, eyni vaxtda Rusiyanın, ABŞ-ın (Qərbin) və hətta İranın forpostu kimi qalmaq istəyirlər.

Kimə qarşı? Əlbəttə ki, Azərbaycan və Türkiyəyə qarşı. Ümumiyyətlə, Türk soyuna qarşı. Çünki erməninin Türkə nifrəti bitib-tükənməz.
Amma tünd sirkə öz qabını sındırar. Ermənistan və onun köçmən əhalisi tezliklə ağla gəlməsə, böyür-başında baş verənləri düzgün, adekvat qiymətləndirməsə, təhlükəli oyunlara son verməsə, vay onun halına! Bu dəfə hayların saxta dövləti savaş meydanına çevriləcək. Şamanlardan başqa az qala, hamını İrəvana köməyə çağıran “sülhpərvər” Nikol görəsən bunun fərqindədirmi?
Deyirlər, ən pis sülh müharibədən yaxşıdır. Bir şərtlə, “pis sülh”ü yaxşı və qalıcı barışa çevirmək üçün ciddi iş getsin, səylər göstərilsin. Bu isə ilk növbədə Ermənistanın boyun borcudur. Ona görə ki, bölgədə ən miskin durumda olan, sülhə, sabitliyə, əməkdaşlığa, iqtisadi dirçəlişə ən çox ehtiyac duyan məhz odur - Ermənistan.
Söz düşmüşkən, bu gün BMT-nin Ümumdünya Ərzaq Proqramının Aclıq Xəritəsi açıqlanıb. Xəritəyə əsasən, Ermənistanda 500 min adam qida çatışmazlığından əziyyət çəkir. Qeyd edilir ki, əhalisi 3 milyon nəfər olan ölkədə son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı 10 min nəfər artıb. Qonşu ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir. Qurumun proqnozuna görə, 2022-ci ildə, yəni bu ilin sonunadək Ermənistanda yoxsulluq səviyyəsi əhalinin 39,6%-nə çatacaq.
39.6%!! Bu da sizə “demokratik” Paşinyan hökumətinin yeni antirekordu.
Bəs Ermənistan rəhbərliyi buna qarşı nə edir? Ölkəsini sosial yönlü bir dövlətə çevirmək, qonşularla dil tapıb kommunikasiyaları, yolları təcili almaq əvəzinə, yenə mazoxistcəsinə “köhnə dırmığın dişləri” üzərinə çıxır, işğalçı ordunun bərpasının dərdini çəkir. 2023 maliyyə ilində büdcəsindən rekord həcmdə (1.2 milyarda dollara yaxın – 47%!) hərbiyə pul ayırmağı planlaşdırır. Hindistandan tələm-tələsik 270 milyon dollarlıq silah-sursat alır, İrandan və Hindistandan bahalı dron-PUA-lar sifariş edir və s. və i.a.
Xeyir ola? Acından ölən cırtdan Ermənistanın ordu nəyinə gərək? Onun ərazi bütövlüyünə, sərhədlərinə təhlükəmi var qonşulardan? Əlbəttə, yox. Bakı və Ankaranın sülh şərtləri çoxdan bəlli. İran isə ermənilərin əbədi, sadiq dostu. Farsdan haylara ziyan dəyməz, xeyirdən başqa.
Ən böyük təhlükə isə əslində Ermənistandakı Rusiya ordusudur. Daha dəqiqi, onu öz ərazisinə çağırmış ermənilərin özləridir. Ermənistanın 1 nömrəli düşməni də elə onun burnundan uzağı görməyən siyasətçiləridir. Erməni xalqının xoşbəxtliyini hələ də bölgədə, etibarlı, dürüst və ləyaqətli qonşularda yox, çox-çox uzaqlarda – Rusiyada, ABŞ-da, Avropada, Hindistanda, “Bollivud”da axtaranlardır.
Axtara-axtara da qalacaqlar...

Zahid SƏFƏROĞLUскачать dle 12.1