Bia.Az

Təbrizdə Ermənistan bayrağı - erməni ağzı ilə danışan Tehran

Siyasət
 22-10-2022, 16:03     199

Özünü adama dost kimi göstərən və ya göstərmək istəyən çox olar. Təbii ki, onların hamısı yaxın, dost-sirdaş sayılmaz. Bəs əsl dostu necə tanımalı? Bunun üçün müdriklərimiz gözəl bir test düşünüb: “Dost dar gündə tanınar”. Çünki məhz belə vəziyyətdə adamın bütün gizli və bilinməyən əsas keyfiyyətləri - kişiliyi, mərdliyi, yaxud nakişiliyi və namərdliyi üzə çıxar.

“Dost sən olmayan yerdə səni müdafiə edəndir”. Bunu da Hz. Əli (ə) söyləyib. Elə isə 40 ildən çoxdur şiəliyi, dini əlində bayraq edib əslində isə sırf fars şovinizminin maraqları keşiyində duran İranı Azərbaycana dindaş, qardaş, dost saymaq olarmı? Dost da dosta, qardaş da qardaşa hədə, hiylə gələrmi?
Dost sənin qanuni və halal torpaqlarının 20 faizini on illərlə işğal altında saxlayan təcavüzkara nəfəs, silah, ərzaq verərmi? Sənin olmadığın yerdə - Ermənistanda sənin pisliyini, qeybətini edərmi? Qarabağdakı məscidlərimizi murdarlamış erməninin ağzı ilə danışarmı? İşğalçı vandallarla birləşib Şuşa məscidini təmir adı ilə farslaşdırmağa çalışarmı?
İran isə bütün bunları həm də nümayişkaranə şəkildə edib və edir. Üstəlik, Azərbaycanı açıq formada hədələyir. Ardınca isə heç nə olmayıbmı kimi, onun rəsmiləri yenə dostluqdan, tarixi, dini ortaqlıqdan dəm vururlar.
Keçək “isti” faktlara.
Ermənistan XİN başçısı Ararat Mirzəyan dünən İrəvanda səfərdə olan iranlı həmkarı Əmir Abdullahiana Təbrizdə ölkəsinin baş konsulluq açmaq istədiyini deyib. Guya xəbəri yoxdur ki, Təbriz 50 milyonluq Azərbaycan xalqı üçün elə-belə, sıradan bir şəhər deyil. Bizim qürur mənbəyimiz olan qədim, ən əziz şəhərlərimizdən biri, Güney Azərbaycanın ürəyidir. Azərbaycan türklərinin qəlbində məxsusi yeri olan bir məkandır.
Təbrizdə Ermənistan bayrağı asılacaqmış. Beləcə, millət olaraq əsəblərimizi, milli heysiyyatımızı, sərvaxtlığımızı yenə yoxlamaq istəyirlər - həm İran, həm də onun regiondakı tək dost-simsarı, barbar Ermənistan. Hərgah Abdullahianın Mirzəyana bu xüsusda hansı cavabı verdiyi bəlli deyil. Fəqət, susqunluq razılıq əlaməti sayılar bizdə.
Haylara isə məsləhət görərdik ki, indi də İranın havasına gedib növbəti dəfə başlarından yuxarı tullanmağa cəhd göstərməsinlər. Yoxsa daha pis əzilərlər...
Təbrizdə Ermənistan baş konsulluğunun açılmasından öncə İrəvanda Azərbaycan bayrağı dalğalanmalıdır. Yəni səfirliyimiz açılmalı, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq əsasında, Bakının 5 məlum prinsipi əsasında qurulmalıdır. Qısası, haylar bizə qarşı əsassız torpaq iddiasından həmişəlik imtina və tövbə eləməlidir. Sonrasına baxarıq.
Bəzi ağzıgöyçəklər indi deyə bilər ki, Təbrizdə baş konsulluq məsələsi beynəlxalq normalara əsasən yalnız iki qonşunun – İran və Ermənistanın işidir. Üçüncü dövlətə - Azərbaycana bunun dəxli yoxdur.
Var. Bir səbəbini dedik: Təbriz – Güney Azərbaycanın mərkəzi, Şuşa kimi, Azərbaycan xalqının barmaqla sayılacaq “brendləri”ndən, “ milli tanınma nişanları”ndan biridir.
İkincisi, Təbrizdəki erməni konsulluğunun Azərbaycan dövlətinə aidiyyəti olmayacaqsa, yoxdursa, o zaman bizim İsraildə səfirlik açıb-açmamağımızın üçüncü dövlətə - İrana nə dəxli var görəsən?
Yeri gəlmişkən, İrəvanda “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” söyləyən cənab Abullahianın nəzərinə: Təbrizdə konsulluq açmaq eşqinə düşən Ermənistanın İsraildə 2 ildən çoxdur səfirliyi fəaliyyət göstərir! “Təhlükəsizliyiniz” hara baxır bəs?
Azərbaycan isə İsraildə səfirlik açmağa nədənsə tələsmir. Ancaq fars rejiminin bütün bu hoqqabazlığı və oyunbazlığından sonra da gözləməyimizə dəyərmi?
Dəyməz!

Zahid SƏFƏROĞLUскачать dle 12.1